Müharibə başlayan ili pul köçürmələri 5 dəfəyədək artıb
Rusiya azərbaycanlıların illərdir ən çox üz tutduğu əmək bazarıdır. Nəticədə, Azərbaycana ən çox pul köçürülən ölkələr sırasındadır.
“Baku Research İnstitute” 2019-2023-cü illərdə fiziki şəxslərin Rusiyadan nə qədər pul gətirdiyini hesablayıb.
Məlum olub ki, Rusiyanın Ukraynaya təcavüzünün ilk ilində, yəni 2022-ci ildə bu ölkədən Azərbaycana göndərilən pul baratlarının həcmi 5 dəfəyədək artaraq, 3 milyard ABŞ dollarına çatıb.
Bir il sonra isə göndərilən pullar 3 dəfə azalaraq, 1,1 milyard dollar olub.
Bundan əlavə, 2023-cü ildə Rusiyadan ən çox pul Özbəkistana köçürülüb – 12.9 milyard dollar.
İkinci yerdə 4,6 milyard dollarla Tacikistan, üçüncü yerdə isə 3.6 milyard dollarla Ermənistan gəlir.
Azərbaycan sıralamada 1,1 milyard dollarla 6-cı yerdədir.
2023-cü ildə Rusiyadan Gürcüstana 1.5 milyard, Qırğızıstana isə 2,3 milyard dollar pul köçürülüb.
Ən az vəsait köçürülən ölkə isə Qazaxıstandır – cəmi 200 milyon dollar.