SOCAR-ın vitse-prezidenti blogerin həbsini tələb edir

E.Əlisoyun sözlərinə görə, mayın 18-də azadsoz.com saytında yayımlanan “Azərbaycanın yeni “Kəmaləddin”i Mikayıl İsmayılovun qaranlıq imperiyası” başlıqlı yazını “Facebook” şəbəkəsindəki səhifəsində paylaşıb

Source: Turan İA


Elşən Əlisoydan mülki qaydada 100 000 manat təzminat istənilir

İyunun 22-də Ağsu Rayon Məhkəməsində SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun bloger Elşən Əlisoya qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Mikayıl İsmayılov Elşən Əlisoyun Azərbaycan Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edir.

Bu barədə "Turan" məlumat yayıb.

İyunun 25-də dinləmələrin keçiriləcəyi bildirilib.

E.Əlisoyun sözlərinə görə, mayın 18-də azadsoz.com saytında yayımlanan “Azərbaycanın yeni “Kəmaləddin”i Mikayıl İsmayılovun qaranlıq imperiyası” başlıqlı yazını "Facebook" şəbəkəsindəki səhifəsində paylaşıb: "Şərh hissəsində "Bu qədər sərvəti neynir bunlar, İlahi… Mikayıl İsmayılov SOCAR-ın 12 vitse-prezidentindən biridir. Mən buna acgözlük və vəhşilik deyirəm" sözlərini yazmışdım. Ardınca Mikayıl İsmayılov mənim cinayət məsuliyyətinə cəlb edilməyim barədə iddia qaldırdı. O həmçinin mülki iddia qaldıraraq 100 000 manat mənəvi zərər ödəməyimi tələb edir”.

Vəkil Nemət Kərimli bildirib ki, hazırlıq iclasında Mikayıl İsmayılovun nümayəndələri məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırdılar: “Mən bu vəsatətə etiraz etdim. Çünki qapalı məhkəmə iclasları üçün əsaslar var, bu məhkəmə predmeti bunların heç birinə aid deyil deyə məhkəmə prosesi qapalı keçirilə bilməz. Nə dövlət sirri, nə hərbi sirr, nə ailə sirri, nə də kommersiya sirri bu iddianın predmetidir”.

Ancaq hakim Anar Əsgərov Mikayıl İsmayılovun nümayəndələrinin vəsatətini təmin edərək məhkəmə iclasların qapalı keçirilməsi ilə bağlı qərar elan edib.

Vəkil hesab edir ki, məhkəmənin iddianı icraata götürməsi də qanuna ziddir: “Çünki “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 60-cı maddəsinə görə, başqa KİV-də dərc edilən yazını təkrar yayan şəxs hüquqi məsuliyyət daşımır. Mikayıl İsmayılovun barəsində olan yazı "açıqsöz.com" saytında dərc edilib və Elşən Əlisoy həmin yazını sosial şəbəkədə paylaşıb.

O, sadəcə, yazıya münasibət bildirib. Yazıda milyonlarla dövlət əmlakının mənimsənilməsindən söhbət gedir.

Dövlət məmurunun bu qədər mülkiyyətə malik olmasını “arzuolunmaz” və “vəhşilik” hesab edib. Qanunvericiliyə zidd olmasına baxmayaraq, hakim iddianı icraata qəbul edib”.

Ana səhifəSiyasətSOCAR-ın vitse-prezidenti blogerin həbsini tələb edir