SOCAR İsraildə qaz yataqları axtaracaq

Kollaj: Meydan TV

Mikayıl Cabbarov bu təcrübənin strateji üstünlükləri olduğunu deyir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrail sularında qaz kəşfiyyatı aparmaq üçün lisenziyalar alıb.

Bunu şirkətin Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“İsrailə işgüzar səfərimiz çərçivəsində SOCAR Prezidenti Rövşən Nəcəflə birgə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) “I” Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak etdik. Bu lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir”, – Cabbarov deyib.

İsrail-Azərbaycan münasibətləri son aylarda sürətlə inkişaf edir. 2025-ci il fevralın əvvəlində SOCAR İsrailin Tamar qaz yatağında 10% pay alıb. Bir ay əvvəl isə Prezidentin köməkçisi Hikmət Hacıyev Qüdsdə İsrailin Baş naziri Benjamin Netanyahu ilə görüşüb.

Keçən həftə İsrailin bir qrup din adamı Prezident Donald Trampa məktub yazaraq, Azərbaycana qarşı ABŞ-da qəbul edilən 907-ci düzəlişin dayandırılmasını istəyiblər.
Onlar bu məktubda Azərbaycanın “Abraham Sazişləri“nə daxil edilməsini də xahiş ediblər.

Yəhudi din adamları məktublarında bildiriblər ki, “Abraham Sazişləri“nə qoşulan ölkələr ABŞ-dan geniş təşviq və siyasi dəstək alıblar:


“Digər tərəfdən, ən etibarlı müsəlman ölkəsi, İsrailin strateji tərəfdaşı və ABŞ-nin Yaxın Şərqdə son 30 ildəki əsas müttəfiqi olan Azərbaycan isə Amerikanın dəstəyini almayıb“.

“Abraham Sazişləri“ 2020-2021-ci illərdə Donald Trampın təşviqi ilə imzalanıb və İsraillə ərəb ölkələri arasında yaxınlaşmanı hədəfləyib. 907-ci düzəliş isə 1992-ci ildə qəbul edilmiş, ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını qadağan edən qanun layihəsidir. 907-ci düzəliş 2001-ci ildən 2023-cü ilə qədər dondurulub, həmin il yenidən aktivləşdirilib.

Ana səhifəXəbərlərSOCAR İsraildə qaz yataqları axtaracaq