“SOCAR-ın uşaqları”

Azərbaycan Dövlət Neft Şirkətində çalışanların uşaqlarına məxsus milyonluq şirkətlər var

Source: Meydan TV

Biznesdə bəzən hətta tələbə ikən başgicəlləndirici “uğur hekayələri” quran azərbaycanlı gəncləri bir keyfiyyət birləşdirir: onların bir çoxunun atası dövlət neft şirkətində çalışır.

Azərbaycanın neft-qaz sektorunda yüksək vəzifə tutan şəxslərin övladlarının Avropada istirahət və əyləncə üçün bədxərcliyi, bahalı əşyaları ilə mətbuatın gündəmini zəbt etmələri, eləcə də çoxsaylı şirkət və mülkləri barədə jurnalist araşdırmaları cəmiyyətdə çoxsaylı suallar doğurur. Əsas sual isə budur: bitib-tükənməyən bu sərvətin mənbəyi nədir?

Ataları onlara təkcə “cibxərcliyi” vermir, həm də adlarına şirkətlər açırlar. Sonra bu şirkətlərə dövlətin pulu axmağa başlayır.

Rəşad Abdullayev

Ana şirkət statusu daşıyan “

Alpha Roger Group Holding Anonim Şirkəti

” onun Türkiyədəki biznesinə məbləği milyonlarla lirə ilə hesablanan maliyyə axınlarını təmin edən idarəetmə mərkəzi kimi fəaliyyət göstərir. SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu biznesdə ilk addımlarını Türkiyədə ali təhsil alarkən atıb. 19 yaşlı Rəşad 50 min lirə kapitalla “Alpha Roger Group Holding A.Ş.



ni 2013-cü ildə təsis edəndə bir çox azərbaycanlı həmyaşıdı kimi tələbə yataqxanasında məskunlaşmamışdı. İstanbuldakı “Metrocity” Alış-Veriş Kompleksinin yaşayış blokunda (Levent, Beşiktaş) yerləşən mənzillərdən birində (C blok, 13-cü mərtəbə, mənzil 46)

yaşayırdı.

“Oliqarx oğlu” statusu ilə İstanbulda (Beşiktaş, Eski Büyükdere küçəsi, Emniyet evlər məhəlləsi) dəbdəbəli məkanda – “Sapphire” kompleksində daha iki mənzilə (№1/1, mənzil 46 və №1-5, mənzil 29)

sahib idi.

Rəşad mənzil və digər daşınmaz əmlak inşaatı və onun alğı-satqısı sektorunda 2013-cü ildəndir. Həmin ilin iyununda yaratdığı “

Alpha Roger Proje İnşaat ve Gayrimankul Danışmanlık Sanayi ve Ticaret A.Ş

.”-nin nizamnamə kapitalını bir il sonra 50 min lirədən 2 milyon 550 min lirəyə qaldırıb. Şirkətin baş ofisi 2017-ci ilin iyun ayından etibarən İstanbulda “Tekfen Tower”-in 8-ci mərtəbəsinə köçürülüb. Bu iş mərkəzi SOCAR-la ortaqlıq və iş birliyində olan “Tekfen Holding”-ə məxsusdur.

2015-ci ilin oktyabr ayında R.Abdullayev türk işadamı Yusuf Şimşekçaktı ilə İstanbulda (Şişli, Ahmet Fetgari küç., ev 33A) bərabər paylarla “

Orogiada Mücevherat ve Kuyumculuk Ticaret A.Ş.”

şirkətini qurub. 2017-ci ilin mayında şirkətin Bodrumda şöbəsi və zərgərlik mağazası açılıb. 2018-ci ilin noyabrında ortaqlığa son qoyulub və Rəşad şirkətin tək sahibinə çevrilib. Hazırda Kargin İş Mərkəzində yerləşən şirkət 2019-cu ilin yanvarında adını və fəaliyyət sahəsini dəyişib. İndi “

Yuksel Trend Uluslararası Ticaret A.Ş.”

adını daşıyan şirkət əlvan metallar, boru, müxtəlif maşın və avadanlığın ticarəti ilə məşğul olur. 2019-cu ilin yanvar ayından etibarən Rəşad Abdullayev şirkətin tək sahibi deyil. Lakin hələlik onun iş ortağının adı açıqlanmayıb.

2016-cı ilin dekabr ayında Rəşad Abdullayev “

Alpha Roger Turizm Ticaret A.Ş.”

-dəki payını Fırat Bakara satıb. Beşiktaş, Levent və Bodrumda şöbələri vasitəsilə çoxlu sayda istirahət və iaşə obyektlərə və 1,8 milyon lirə nizamnamə kapitalına malik olan şirkətin neçəyə satılması barədə məlumat yoxdur. Pay dəyişiminə baxmayaraq, bu şirkətin baş ofisi əvvəlki kimi Rəşad Abdullayevin “Alpha Roger Group Holding A.Ş.” şirkəti ilə eyni ünvanda yerləşir. Buradaca deyək ki, şirkətin maraq doğuran tarixçəsi var: sənədlərə görə, onu 2013-cü ilin aprelində başqa adla (Aleph Turistik İşletmeler Sanayi ve Ticaret A.Ş.) Türkiyə vətəndaşı Seçkin Uzun yaradıb. Bir ay keçər-keçməz şirkət Rəşad Abdullayevə satılıb. Rəşad şirkəti Fırat Bakara (dekabr 2016-cı il), o isə 2018-ci ilin noyabrında yenidən Seçkin Uzuna ötürüb. Nəhayət, bu ilin sentyabr ayının 19-da F.Bakar bir daha şirkəti S.Uzundan satın alıb. Beləliklə, rəsmi sənədlərə görə, R.Abdullayev “Alpha Roger Turizm Ticaret A.Ş.”-də təmsil olunmur.

Sənədlərə inansaq, 2014-cü ilin yanvarında yaradılan “

TRA Lojistik ve Dış Ticaret A.Ş.”

-də də Rəşad çox qərar tutmayıb. O, “Alpha Roger Group Holding A.Ş.”-nin iştirakı ilə təsis etdiyi bu şirkətdəki payını 2015-ci ilin noyabr ayında gənc bakılı, iş adamı Turan Həsənzadəyə ötürüb. 2017-ci ilin iyulunda isə Rəşad “

Alpha Roger İnsan Kaynakları Hizmetleri ve Danışmanlık A.Ş.”

-ni (şirkətin təsisçisi Alpha Roger Group Holding A.Ş. idi) başqa bir Türkiyə vətəndaşına satmışdı. 2013-cü ilin iyununda yaratdığı “

Alpha Roger Medya ve Yayıncılık Sanayi Ticaret A.Ş.”-

ni isə bir neçə ay sonra – noyabrda qapadıb.

Amma R.Abdullayev media sektorunu tərk etməyib. Azərbaycanda olduğu kimi, onun Türkiyədə də media qurumu var. 2017-ci ilin sentyabrında o, “

RA Yapım ve Prodüksiyon A.Ş.”

şirkətini yaradıb. Əlli min lirə kapitalla qurulan bu şirkət Türkiyə və onun xaricində xəbər agentliyi, reklam və film çəkilişi, televiziya və musiqi proqramlarının hazırlanması ilə məşğuldur. “Tekfen Tower”-də yerləşən bu şirkətin İdarə Heyətinin sədri Fırat Bakardır. Bu, 2016-cı ildə R.Abdullayevlə yolları kəsişən həmin F.Bakardır.

Orxan Əliyev

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiyə” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin oğlu da Rəşad kimi biznes dünyasına 19 yaşında qədəm qoyub. Virgin Adalarında (Britaniya) 2009-cu ildə yaratdığı “

Scanex Entreprises Limited

” ofşor şirkəti hazırda 24 nəfərlik heyətlə beynəlxalq yük-nəqliyyat daşımaları, gömrük rəsmiləşdirilməsi və ağır texnikanın icarəyə veriməsi ilə məşğuldur. Şirkətin “Dəmirçi Plaza”da yerləşən Bakı filialı 2016-cı ildə açılıb. “Scanex Entreprises Limited” bildirir ki, onun daimi müştəriləri arasında SOCAR-ın birgə müəssisələri (SOCAR Cape, BOS Shelf, Azfen) və “Azərikimya”İstehsalat Birliyi də var.


“Xarici şirkətlərlə yeni sərmayə layihələri üzrə danışıqları SOCAR adından bir qayda olaraq Vaqif Əliyev aparır. Məhz onun sayəsində TANAP qaz boru kəməri layihəsinin dəyəri 11,7 mlrd. dollardan 6,5 mlrd. dollaradək azaldı. 2010-cu ildə xarici servis şirkətləri Qərbi Çiraq layihəsi üzrə bütün tikinti işlərini Azərbaycanda görməyə başladılar, platformanın tikintisi isə SOCAR-ın strukturlarına tapşırıldı. Bu danışıqlarda Azərbaycanın mənafeyini layiqincə qoruduğuna görə V. Əliyevə, səhv etmirəmsə, 2 milyon dollar mükafat ödənildi. Elə əcnəbilər də borclu qalmırlar. Təchizat işlərinin bir hissəsini onun oğluna tapşırırlar. Bu rüşvət deyil, Azərbaycan kimi ölkələrdə bir növ minnətdarlıq ifadəsidir. Orxana gəldikdə, o, İngiltərədə təhsil alıb, atasının pullarını idarə etməklə məşğuldur və bu işin öhdəsindən pis gəlmir”

. Bu fikirləri MeydanTV-yə adının çəkilməsini istəməyən ekspert söyləyib.

Orxan isə çoxlu sayda şirkətə rəhbərlik edir. O, Nevis adasında qeydiyyata alınmış “

Starwell International Ltd

” ofşor şirkəti vasitəsilə Londondakı “

Scanex Project Limited

” şirkətinin sahibidir. Britaniya şirkətlər reyestrində göstərildiyinə görə, “Scanex Project Limited” üzərində imza səlahiyyəti “

Chicago Projects Ltd.

” şirkətinə məxsusdur. Londonda 2013-cü ildə təsis olunan bu şirkətin tək sahibi kimi isə “

Bridgepoint AG”

(Seyşel Adaları) təqdim olunur. Mətbuata 2017-ci ildə sızan məlumata görə, bu ofşor şirkət “Danske Bank”-ın Estoniya filialının iştirakı ilə “Azərbaycan camaşırxanası” adı almış çirkli pulların yuyulması əməliyyatına bulaşıb. Dominika Birliyi və Kipr Respublikasında yaradılan ofşor şirkətləri cəlb etməklə cızılan mürəkkəb sxem “Scanex Project Limited” şirkətinin gerçək sahibinin Orxan Əliyev olduğunu gizlədə bilməyib. Elə “Scanex Project Limited” şirkətinin Azərbaycandakı filialının (oktyabr 2010-cu il) direktoru, Bakıda eyniadlı törəmə şirkətinin təsisçi-direktoru da odur.

O.Əliyev Türkiyədə daşınmaz əmlaka və enerji istehsalına sərmayə qoyur. Onun buradakı şirkətlərindən birinin ilk ofisi SOCAR-ın İstanbuldakı iqamətgahı olub. Orxan 2011-ci ildə “

Erbilen Gayrimankul Yatırımları Ltd

” şirkətini, 2016-cı ildə isə “

Scorpio Enerji Üretim Senayi ve Ticaret A.Ş”-

ni qurub. Türkiyənin Şirkətlərin Qeydiyyat Qəzetinə, o, 2011-ci ildə yaşayış yeri kimi Mançesterdəki Çester küçəsində yerləşən Parkvey Qeyt tələbə şəhərciyinin ünvanını təqdim edib. Erbilen şirkətində onun ortağı İlqar Mehmetoğludur. Bu şəxs SOCAR-ın Türkiyədəki şirkətlərinin insan resursları departamentinə başçılıq edib.

Image from iOS (1).jpg
İllustrasiya

Kamil Ələsgərov

Vaqif Əliyevin SOCAR-ın Sərmayələr İdarəsinin rəisi kimi sələfi – Milli Məclisin sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərovun 47 yaşlı oğlu da neft-qaz sektoruna xidmət sahəsində çalışır. Kamil Ələsgərov Londonda rusiyalı işadamı Murad Beniaminovun iştirakı ilə 2009-cu ildə qurulan “

Prime Drilling Services Limited

” şirkətinin Azərbaycandakı təmsilçisi olub. Şirkət 2014-cü ildə qapadılsa da, Bakıdakı ofisi hələ ləğv olunmayıb.

“Volqaburmaş” ASC qazma avadanlığı istehsalı sahəsində Rusiyanın aparıcı müəssisələrindəndir və SOCAR onun alıcılarındandır. Kamil Ələsgərov 2006-cı ildən bu şirkətin Bakıdakı nümayəndəliyinə rəhbərlik edir.

Seyşel adalarında qeydiyyatdan keçən şirkətlərin (AFK Business Management Ltd və Lanchaster Management Association Ltd) partnyorluğu kimi 2012-c ildə Londonda yaradılan “

Onix Business LLP

” şirkətinin Azərbaycandakı təmsilçisidir. 2017-ci ildən, o, həm də bu şirkətin sahibidir. Ötən ilin dekabrında bu şirkətin İngiltərə ofisi Londondan Vatford şəhərinə köçüb. 2017-ci ilin sonundan etibarən Kamil Ələsgərov həm də Qlazqodakı (Şotlandiya) “

Drill and Pump LP

” şirkətinin əsas mülkiyətçisidir. O, eyni zamanda 2015-ci ildən etibarən oxşar adla (“

Drill and Pump Ltd

”) Seyşel adalarında yaradılan ofşof şirkətin Azərbaycandakı nümayəndəsidir.

Teymur Bəylərbəyov

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun oğlu Teymur 2007-ci ildə anası ilə birlikdə Bodrumda “Vitama Emlak İnşaat Turizm Ticaret Limited” şirkətini yaradıb. Bodrumun Karabağ səmtindəki şəxsi mülklərində qurduqları bu şirkətə onlar 200 min lirə sərmayə qoyublar. Bir il sonra Marina Sobolkova (Teymurun anası) şirkətin bir ədəd səhmini neft hasilatı və inşaat sektorunda çalışan “Pet Holding” şirkətinin sahibi Güntekin Göksalın qızı Zeynep Göksal Yaykırana satıb. Holdinqin İdarə Heyətinin sədrinin müavini vəzifəsini tutan Zeynep Göksal 2008-ci ilin avqustunda “Vitema” şirkətinin direktoru seçilib.

Göksal ailəsi 2007-ci ildə Bordumda, “Vitema” şirkətinin yerləşdiyi məkanda 57 lüks villadan ibarət “Ottoman Life” inşaat layihəsini gerçəkləşdirib.

On il öncə Londonda təhsil alan Teymur hazırda ABŞ-da yaşayır.

Onun qardaşı Rüstəm 2006-2014-cü illərdə Birləşmiş Krallıqda təhsil alıb. Atasının SOCAR-da işləməsi onun burada təcrübə keçməsinə yarayıb. Təhsilini başa vurduqdan sonra isə “SOCAR Trading” şirkətinin İsveçrədəki ofisində işə düzəlib. 2018-ci ildən isə Londonda – ”SOCAR Trading (UK) Limited” şirkətində çalışır.

Camal Əliyarov

O, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin neft və neft məhsullarının marketinqi və ixracı şöbəsinin rəisidir. Bakıdakı mənzilində 2006-cı və 2007-ci illərdə yaradılan “AJ” MMC və “A-Qrup Dizayn və Konsaltinq” MMC şirkətlərinin fəaliyyəti barədə məlumat yoxdur. 2014-cü və 2016-cı illərdə Londonda eyniadlı “Sellsnap Ltd” şirkətlərini yaradıb, hər birini iki il işlətdikdən sonra bağlayıb. Britaniya mənbələrinə görə, 2014-cü ildə yaradılan ilk şirkətin illik dövriyyəsi 700 min funtdan çox idi. 2017-ci illərdə o, Londonda 3-cü şirkətini təsis edib. “Cross Seasons Limited” şirkəti bu ilin fevralında Kardifə (Uels) köçdükdən az sonra, iyun ayında ləğv edib. Bu şirkətin hazırladığı pulsuz “SellSnap” mobil tətbiqi vasitəsilə insanlara evdə gərəksiz əşyaları yaşadıqları ərazi daxilində alıb-satmaq imkanı yaradılıb.

Ceyhun İsgəndərov

Image from iOS (2).jpg
İllustrasiya

Onun atası Ələmxan SOCAR-ın Qaz ixrac idarəsi əsas fondların idarə olunması şöbəsinin rəisidir. Əmisi Daşqın İsgəndərov “Azneft” İstehsalat Birliyinin rəhbəridir. 38 yaşlı C.İsgəndərov bu il sahibkarlıq fəaliyyətinə girişib, iki kommersiya obyektinin tikintisi üçün rəsmi icazə alıb. O, Bakıda M.Ə.Rəsulzadə qəsəbəsində ümumi sahəsi 193 kvadratmetr olan ikimərtəbəli qeyri-yaşayış obyekti və 741 kvadratmetrlik anbar inşa etdirir.

Bu ilin fevralında dövlət qeydiyyatına alınan “Geo Agro” Qapalı Səhmdar Cəmiyyətinin direktoru da Ceyhun İsgəndərovdur. Onunla eyni ünvanda (Bakı ş., M.Mirqasımov küçəsi, ev 29, mənzil 224A) 2018-2019-cu illərdə yaradılan şirkətlərdən (“Azqaz İnşaat Servis” QSC və “Tikinti Texnologiya” QSC) biri SOCAR-a tabe olan “Azəriqaz” İB-nin sifarişi ilə qaz kəmərlərinin çəkilişi ilə məşğuldur.

Ceyhunun qardaşı Ramil İsgəndərov da SOCAR-da çalışır, “Azəriqaz” İB-nin baş direktorunun əsaslı tikinti üzrə müavinidir.

“Şirkəti qurd kimi içəridən “yeyirlər”. Kim nəyi bacarır oğurlayır. SOCAR-da baş alıb gedən qanun pozuntuları və korrupsiya halları ilə bağlı ictimaiyyətə verdiyim məlumatları hüquq-mühafizə orqanları araşdırmır. Çünki “yuxarının” siyasi qərarı yoxdur. Köhnə avadanlığı rəngləyib yenisi kimi təqdim edirlər, mal-materialı “dənizə düşdü” adı ilə silirlər. “Neft Daşları”nda ekoloji çirkləndirmələr, havaya, torpağa vurulan ziyan – bunlar da korrupsiyanın nəticəsidir”. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı belə deyir.

Ana səhifəSiyasət“SOCAR-ın uşaqları”