SOCAR gənclərə müraciət etdi

Rövnəq Abdullayevə sual ünvanlayanların əksəriyyəti problemlərindən şikayətçidir

Source:

Rövnəq Abdullayevə sual ünvanlayanların əksəriyyəti problemlərindən şikayətçidir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Facebook səhifəsindən gənclərə müraciət edib: “SOCAR prezidenti Rövnəq Abdullayev ilə görüşsəydiniz, ona hansı sualları vermək istərdiniz? Buyurun aktiv olun, biz də çalışaq suallarınızı rəhbərliyə çatdıraq”.

Paylaşımın altında 200-ə yaxın sual ünvanlanıb. Suallar əsasən qurumun işçilərə münasibəti, ixtisarlarla bağlı olub. Facebook istifadəçiləri həmçinin bu qurumla əlaqəli şikayət və problemlərini də diqqətə çatdırıblar.

Məsələn, “Nurka Nurka” kimi qeydiyyatdan keçən Facebook istifadəçisi soruşur: “Soruşardım gunahımız nə idi ki, xərclərin optimallaşdırılması adı ilə çörəyimizi əlimizdən alıb bizi ixtisar etdiz?!” Bu sualı 59 nəfər dəstəkləyib.

Xəyyam Musayev adlı vətəndaşın isə sualı belədir: “Ali təhsilli gənc işçilər nə vaxta qədər 3-cü, 4-cü dərəcə ilə işləməlidirlər? Bununla bağlı müəssisələrdə bir yoxlama aparılırmı? Şərait yaradılırmı ki, gənc işçi öz savadını göstərsin?”

Mehdi Qəhrəmanov adlı istifadəçini isə məvaciblər maraqlandırır: “Nəyə görə polislərin, həkimlərin, müəllimlərin, bir sözlə, büdcədən formalaşan sahələrin əmək haqları artırılır, amma neftçilərin əmək haqları artırılmır? Halbuki büdcəmiz neft gəlirlərinin üzərində qurulub”.

Nəsimi Xəlilzadənin sualı da gənclərlə bağlıdır: “Belə bir şansımız olsaydı mənim sualım belə olardı: Rövnəq müəllim, neft-qaz və energetika sahəsində çalışmaq istəyən və yetərincə böyük potensiala sahib olan gənclərə SOCAR-da hansı dərəcədə qiymət verilir? Ümumiyyətlə, şirkətiniz onların fikirlərinə və təkliflərinə necə yanaşır?

2-ci sualım: SOCAR tərəfindən Azərbaycan Respublikasının gələcək enerji təhlükəsizliyini təmin etmək üçün və onun neft-qaz resuslarından asılılığını azaltmaq üçün hansı tədbirlər görülür? Alternativ və tükənməyən enerji resuslarının araşdırılması və istifadəsinin təmin edilməsi üçün layihələrə sərmayələr yatırırsınızmı?”

Qöncə Əsədova adlı Facebook istifadəçisi isə diqqəti kəndlərdə yanacaqların olmamasına çəkib: “Heç demirəm niyə milləti işdən çıxardınız, ya qeyri bir şey… Sadəcə cavab vérin cənab Abdullayev, niyə mənim kəndimdə qaz yoxdur? Niyə anam bu qarda, şaxtada odun qırıntıları axtarır? Cavab vérin… Guya qaz çəkirsiz də, hə? Düzdü, bəzi kəndlərə çəkdiz, amma bir kəndi aşırıb, o biri kəndə, bir kəndi aşırıb o biri kəndə… Yəqin bu da optimallaşdırma siyasətidir, eləmi? Gördüz nə qədər sualım var? Amma hamısı cavabsız qalacaq”.

Faiz Buzurki də qaz problemindən şikayətçidir: “Yəqin çoxunuz şahidi olmusunuz, mən də şahidi olduğum, rastlaşdığım bir məsələyə toxunmaq istəyirəm: əhaliyə verilən təbii qaza görə yaranan borclar və bu borc müqabilində vətəndaşın qazının kəsilməsi… Hörmətli SOCAR rəhbərliyi, hörmətli Azəriqaz rəhbərliyi! Biz suveren, hüquqi dövlətin vətəndaşlarıyıq və vətəndaş olaraq qaza olan borcumuza görə qazla təminatı dayandırmaq da sizin hüququnuzdur, bəli. Amma di gəl ki, siz məsələyə yalnız bu prizmadan baxırsız. Gəlin nəzərə alaq ki, biz Azərbaycan kimi enerji ehtiyatları ilə zəngin ölkədə yaşayırıq və mövcud şərtlərlə əhaliyə satılan təbii qazın qiyməti heç də aşağı sayılmır. Başa düşə bilmirəm, hansı məntiqə əsaslanaraq, ödəmə qabiliyyəti zəif olan və ya olmayan vətəndaşların qazı qışın günündə kəsilir? Niyə o vətəndaşlar yalnız öz dövlətinə olan borcu səbəbindən əziyyət çəkməlidir, soyuqdan üşüməlidir? Axı həmin vətəndaş cinayət əməli törətməyib və ya hansısa xarici şirkətə, dövlətə borclu deyil. Neçə ailələr tanıyıram, neçə evlər görmüşəm bu cür vəziyyətə salınan. Hörmətli cavabdeh şəxslər! Müraciətim əsla “biz qaz pulu ödəməkdən imtina edirik” kimi anlaşılmasın. Xeyr! Mən sadəcə, dəfələrlə eşitdiyim, gördüyüm və hər dəfə də ürəyimə ağır gələn sıradan bir məsələ barəsində danışıram və bildirmək istəyirəm ki, Azərbaycan Respublikası vətəndaşının öz dövlətinə olan müəyyən miqdar pul müqabilində qazının kəsilməsi, əziyyət çəkməsi, sağlamlığının təhlükə altına alınması düzgün yanaşma üsulu deyil. Alternativ çıxış yolları tapmaq lazımdır. Məsələn, borcu çox olan abonentlərin aylıq ödənişləri çox kiçik hissələrə bölünməklə və ya əmək haqqı kartından bir hissəsi tutulmaqla və ya dövlətin külli miqdarda borcu olan vətəndaşlara (bu həm qaz, həm də elektrik enerjisi haqlarına aid edilə bilər) xırda dotasiyalarla köməklik göstərməklə və s. şəklində ola bilər. Hüquqşünas olmadığım üçün daha sanballı təkliflərlə çıxış edə bilmirəm. Amma siz, bir dövlət qurumu kimi bu sahədə təkliflər paketi ilə çıxış edə bilərsiniz və hər hansı kompromis variant tapa bilərsiniz. Səmimiliyinizə inanaraq, müraciətimə baxılacağına və hətta adı çəkilən istiqamətdə müəyyən müsbət addımlar atılacağına ümid edirəm…”

Tərlan Babayev adlı şəxsin yazdıqlarından belə anlaşılır ki, o, SOCAR-ın əməkdaşıdır: “Kollektivimizdə çalışan bütün gənclər, nəinki gənclər, bütün neftçilər adından yazıram, cənab Rövnəq müəllim! Ölkədə baş verən devalvasiya, bahalaşma və digər başqa problemlər bizə də aiddir, bizə də təsir edib. Biz də bu ölkədə yaşayırıq. Prezident az da olsa hamının əmək haqqını artırdı. Bəs bizim əmək haqlarımız  nə vaxt qaldırılacaq?Axı biz də yaşam uğrunda mübarizədə çətinlik çəkirik, aldığımız əmək haqqı onsuz da yetmirdi, indi heç yetmir. Əgər şəffaf, ədalətli olacaqsa, bu sualları ünvanlayın”.

Cavid adlı istifadəçinin yazdıqlarında isə bəlli olur ki, o, “Günəşli” yatağında baş verən qəza nəticəsində itkin düşən şəxslərdən birinin oğludur: “Atamı tapmalarını tələb edirəm. 54 gündür bir xəbər yoxdu. “Günəşli” yatağında yanğın dekabrın 4-də oldu, bunlar bilirdilər orda yanğın var, amma heç kimi təxliyyə etməyiblər. Tapılanların hamısı Türkmənistanda tapılır, amma bunlar axtarmırlar. Deyirlər “axtarırıq”, amma axtarmırlar. Tələbimiz budur ki, Türkmənistan tərəf axtarılsın, amma bunlar heç Azərbaycanda da axtarmırlar”.

Quruma ilk sual ünvanlayan Aqşin Əsədov isə soruşub: “SOCAR-da çalışan yüksək vəzifəlilərin başqa ölkələrdə topdan villa almaq planı varmı?”

SOCAR-a ünvanlanan suallar artmaqdadır. Ancaq bu suallara cavab veriləcək, ya yox, bu barədə heç bir məlumat yoxdur.

Ana səhifəXəbərlərSOCAR gənclərə müraciət etdi