SMDT: Namizədlərin gerçək siyasi rəqabəti baş tutmayıb

Namizədlərin seçicilərlə görüşləri üçün nəzərdə tutulmuş yerlərlə bağlı hesabatda qeyd olunub ki, əksər məkanların yer tutumu, ərazinin nəqliyyatla çatımlığı və şərait baxımından əlverişli deyil.

Source: Foto: Meydan TV


Təşkilat hesabat yayıb


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

(SMDT) Azərbaycanda keçirilən 9 fevral növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası üzrə hesabat yayıb.

Hesabat 80 seçki dairəsindən 20 gün ərzində (17 yanvar – 5 fevral, 2020-ci il) daxil olmuş məlumatları əhatə edir.

SMDT hesab edir ki, növbədənkənar parlament seçkiləri dəyərləndirilərkən, seçki prosesinin bütün mərhələləri – seçkiqabağı siyasi mühit, qanunvericiliyin vəziyyəti, seçkidə sərbəst iştirak imkanları, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqatın təşkili, səsvermə və səslərin hesablanması prosesləri ayrılıqda öyrənilməli, bu sahədə Konstitusiya və beynəlxalq öhdəliklərinə istinad olunmalıdır.

SMDT təəssüflənir ki, 9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri öncəsi və seçkiqabağı təşviqat dövründə siyasi mühitin demokratikləşməsi, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının müdafiəsi yönündə irəliləyişlər baş verməyib. Parlament seçkilərinin geridə qalan hər iki mərhələsində ictimai-siyasi fəallara, deputatlığa namizədlərə və onların yaxınlarına qarşı təzyiq halları qeydə alınıb. Son illər artan siyasi repressiyalar nəticəsində azadlıqdan məhrum olan 100-dən artıq siyasi məhbusun azad olunması yönündə hakimiyyət siyasi iradə nümayiş etdirməyib.

Ancaq mərkəz məmnundur ki, parlament seçkilərinin ikinci mərhələsində siyasi fəallıq, siyasi müzakirələrə və ümumi seçki prosesinə ictimai maraq 2015-ci il parlament seçkiləri ilə müqayisədə xeyli yüksəlib. Bununla belə dövlət büdcəsindən maliyyələşən televiziyaların heç biri deputatlığa namizədlər və onların təmsil olunduğu siyasi partiyalar və təşkilatların seçki platformalarının ictimaiyyətə təqdimatı, habelə yerli və milli səviyyəli problemlərin müzakirəsi üçün ödənişsiz efir vaxtı ayırmayıb. Nəticədə İctimai Televiziya da daxil olmaqla əksər televiziyalar seçkilərdə iştirak edən namizədlərin mövqeləri və baxışları barədə seçicilərin məlumatlandırılması, seçicilərin qarşıduran tərəflər arasında seçim imkanlarının artırılması yönündə ictimai öhdəliklərini icra etməyib.

Uzunmüddətli müşahidəçilər seçkiqabağı təşviqat mərhələsində bəzi namizədlərin seçicilərlə görüşlərinin təşkilində yerli icra hakimiyyətləri nümayəndələrinin inzibati resurslardan istifadə hallarını, habelə müstəqil və müxalif namizədlərin seçicilərlə görüşlərinə müdaxilə və təzyiq hallarını qeydə alıblar.

“Bu mərhələdə müşahidəçilər 46 seçki dairəsində namizədlərin təşviqat materiallarının məhv edilməsi hallarını, 63 seçki dairəsində yerli icra hakimiyyətləri tərəfindən iqtidaryönlü namizədlərlə görüşə seçicilərin təzyiqlə gətirməsini və 27 seçki dairəsində namizədlərə görüş üçün ayrılmış yerlərin (açıq və qapalı) əlverişli olmadığını qeydə alıblar. Qarşıduran siyasi tərəflər arasında ictimai müzakirələrin keçirilməməsi, televiziyalarda seçki prosesinə laqeyd münasibət və pulsuz efir imkanlarının olmaması səbəbindən seçkiqabağı təşviqat milli səviyyədə cərəyan etməmiş, seçki yarışı seçki dairələrinin 3/1-də namizədlərin gerçək siyasi rəqabəti kimi baş tutmayıb”,-deyə mərkəz bildirib.

SMDT ümid edir ki, parlament seçkiləri günü seçki komissiyaları səsvermə və səslərin sayılması prosesinin qanuni qaydada keçirilməsi, seçki prosesinə kənar müdaxilələrin, xüsusən də yerli icra strukturlarının müdaxilə etməməsi naminə müstəqil idarəçilik nümayiş etdirəcək.

Namizədlərin seçicilərlə görüşləri üçün nəzərdə tutulmuş yerlərlə bağlı hesabatda qeyd olunub ki, əksər məkanların yer tutumu, ərazinin nəqliyyatla çatımlığı və şərait baxımından əlverişli deyil. Məsələn, 30 saylı Suraxanı birinci seçki dairəsinin qapalı görüş üçün nəzərdə tutulan Zığ qəsəbəsində yerləşən 100-120 nəfərlik Mədəniyyət evi görüşlər üçün çox əlverişsiz vəziyyətdədir, pəncərələrinin şüşələri qırıqdır və bina qızdırılmır. Seçicilərin əksər hissəsi Hövsan qəsəbəsində yerləşən seçki məntəqələri ərazisində yaşasa da, görüş yeri Zığ qəsəbəsində ayrılıb və həmin məkana birbaşa marşrut xətti işləmir:

“27 seçki dairəsində təşviqat görüşləri üçün yerlərin əlverişsiz olduğu qeydə alınıb. Bəzi hallarda qapalı yerlərdə ölkə başçısı və hakim siyasi partiyanın sədri İlham Əliyevin fotoları müxalif və müstəqil namizədlərin istəyinə baxmayaraq, həmin yerlərdən götürülməyib. Fevralın 2-də ReAL Partiyasının sədri İlqar Məmmədov 40 saylı Kəpəz İkinci Seçki Dairəsinin ərazisində namizədlər üçün ayrılmış qapalı görüş zalının divarından YAP təsisçisi Heydər Əliyevin və ölkə başçısı, YAP sədri İlham Əliyevin şəkillərinin olmasına etiraz etsə də, müəssisə rəhbərliyi onları çıxarmaqdan imtina edib. Bəzi DSK-lar bütün namizədlərə qapalı məkanlardan istifadə üçün namizədlər arasında bərabər qaydada istifadəni təmin etməyiblər. 23 saylı Nəsimi-Səbail seçki dairəsində namizəd Toğrul Vəliyev yanvarın 14-də görüş keçirmək üçün DSK sədrinə müraciət edib. Ona yanvarın 17-də müraciət etmək lazım olduğunu bildiriblər. Həmin tarixdə Vəliyev görüş üçün müraciət edəndə ona yanvarın 25-dək bütün yerlərin digər namizədlərlə görüş üçün ayrıldığını bildiriblər. Bir çox seçki dairələrində YAP-dan olan və ya hakimiyyətə loyal olan müstəqil namizədlərin seçicilərlə görüşlərinin təşkilinə yerli icra hakimiyyəti nümayəndələrinin cəlb olunmasını qeydə alıblar. 57 saylı Kürdəmir Seçki Dairəsində namizəd Əminə Ağazadənin 30 yanvarda rayon Gənclər Evində seçicilərlə görüşünə icra hakimiyyətinin tapşırığı ilə Pirili və Cəyli kənd orta məktəblərinin müəllimləri məcburi şəkildə gətirilib. Yanvarın 22-də 33 saylı Xətai Birinci Seçki Dairəsində YAP-dan namizəd Hüseynbala Mirələmovun “Bakı” kinoteatrında seçicilərlə görüşünə 202 saylı uşaq bağçasının, 17, 261 və 95 saylı orta məktəblərin müəllimləri və valideynləri, həmçinin ərazidə yerləşən poliklinikanın həkimləri cəlb edilib. Yanvarın 23-ü 25 saylı Nizami İkinci Seçki Dairəsindən YAP-ın namizədi Sədaqət Vəliyevanın seçicilərlə görüşünə gətirilən orta məktəb müəllimləri müşahidəçilərə toplantı və namizəd barədə məlumatsız olduqlarını, çalışdıqları məktəbin rəhbərliyinin tapşırığı əsasında gəldiklərini bildiriblər”.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətSMDT: Namizədlərin gerçək siyasi rəqabəti baş tutmayıb