Siyavuş Novruzov: Onların piketi nəticəsində bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub

O qeyd edib ki, ölkədəki inkişafı bəzi qüvvələrin gözləri götürmür və onlar Azərbaycanın digər ölkələr kimi ağır vəziyyətdə olmasını, başqa dövlətlərin əlinə baxmasını istəyirlər

Source:


“Bir dəfə də olsun Qarabağın adını çəkməyən insanlar gedib piket keçirirlər”

"Burada oturan deputatların hər biri büdcəni müzakirə edir, öz dairələri, təmsil olunduqları ərazidə problemlərin həllini təklif edirlər. Bir qrup isə Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket edir. İndi onlardan soruşmaq lazımdır ki, xalqın problemləri ilə onlar maraqlanır, yoxsa burada oturanlar?"

YAP icra katibinin müavini, deputatı Siyavuş Novruzov parlamentin iclasında büdcə müzakirələrində çıxış edərkən Müsavat Partiyasının noyabrın 12-də keçirdiyi aksiyaya belə münasibət bildirib.

O qeyd edib ki, ölkədəki inkişafı bəzi qüvvələrin gözləri götürmür və onlar Azərbaycanın digər ölkələr kimi ağır vəziyyətdə olmasını, başqa dövlətlərin əlinə baxmasını istəyirlər:

"İctimai qarışıqlıq yaratmaq, asayişi pozmaq, seçkilərə mane olmağın nəyə xidmət etdiyi bəllidir. Əgər onlar BMT-nin ofisi qarşısında belə piket keçirsəydilər, onu başa düşərdim. Çünki işğal altında olan torpaqların sakinləri bələdiyyə seçmək hüququndan məhrum olublar. Bir dəfə də olsun Qarabağın adını çəkməyən insanlar gedib piket keçirirlər. Onların piketi nəticəsində bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub. Azərbaycan Prezidenti, hökuməti görülən işləri hərtərəfli təqdim edir. Əgər hər hansı məsələ ilə bağlı iradınız varsa, şikayət edin. Heç bir sahədə narazılığa səbəb olan heç nə tapa bilmirlər. Ortaya iqtisadçı çıxararaq, terminlərlə nəsə demək istəyirlər. Amma onların bücədən başları çıxmır”.

Müsavat Partiyası bu gün Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında icazəsi piket keçirməyə cəhd edib. Polis aksiyaya imkan verməyib və həm aksiyadan əvvəl, həm də aksiyaya cəhd zamanı saxlanılanlar olub.

S.Novruzov deyib ki, 2020-ci ilin dövlət büdcəsi müstəqilliyimiz tarixində ən böyük büdcədir: “Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf etməsi, dövlət büdcəsinin daha geniş şəkildə artmasının şahidiyik. Sosial sahəyə ayrılan vəsait büdcənin çox böyük hissəsini əks etdirir. Bu baxımdan büdcəni sosial büdcə adlandıra bilərik”.

Deputat büdcədən siyasi partiyalara ayrılan vəsaitin artırılmasını da təklif edib.

Ana səhifəSiyasətSiyavuş Novruzov: Onların piketi nəticəsində bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub