Mənbə: Meydan TV

Siyasətçilərin adi riyakarlığı

Məqalə yeniləndi:  18 Oktyabr 2019

Türkiyənin qətiyyətli addım atacağını qavraya bilməyən Qərb siyasətçiləri seçim qarşısında qaldılar

NATO Türkiyəni öz sıralarından qovmaqla hədələyib və qərar qəbul edib ki, bundan sonra, Suriya kürdlərinin silahlı birləşmələrinə qarşı hərbi əməliyyatını saxlamayana qədər, heç bir NATO üzvü Türkiyəyə heç bir silah satmasın.

Bu qərar, siyasətçilərin oynadıqları ənənəvi oyunun üzvi hissəsi və onların sıravi riyakarlığının ən klassik nümunəsi sayıla bilər.

Təbii ki, prezident Ərdoğan Türkiyənin bu qərarla əsla hesablaşmayacağını deyib. Ümumiyyətlə isə Avropanı hədələyib və deyib ki, artıq-əskik danışmaqda davam etsələr, Türkiyənin şimal-qərb sərhədlərini aça bilər və bu zaman 3 milyon qaçqın Avropanı saysız müşküllərə qərq edər.

Öz aramızdır, Ərdoğanın bu təhdidi də sıravi riyakarlıqdan savayı bir şey deyil. Nə silah alverçiləri silah satmağı dayandıracaq, nə də Ərdoğan Qərb ilə körpüləri yandıracaq.

Sadəcə hər bir siyasətçi öz rolunu oynayır.

Başdan məfrağ kürd liderlərini tovlayıb qiyama təhrik etmiş və qısa bir zamanda heç bir sənayesi və təşkilati imkanları olmayan kürd çuşkalarından ibarət 30 minlik silahlı birləşmə yaratmış kollektiv “Qərb”, şərait ondan bu kürd müttəfiqlərini satmağı tələb etdikdə, bir an belə tərəddüd etmədən kürdləri bada verdi və heç “uf” da demədi.

Bəs nə dedi? Öz üzünün suyunu qorumaq məqsədilə dünənə qədər əleyhinə kürdləri qısqırtmağı nəzərdə tutduğu müttəfiqi Türkiyəni tam qanuni və məntiqi özünümüdafiə tədbirlərinə görə qınamağa başladı.

Bədbəxt Suriya kürdləri ölkə ərazisinin və siyasətinin ən ucqar guşəsinə sığınıb paytaxt Dəməşqdə, Hələb və İdlib kimi digər mühüm şəhərlərdə cərəyan edən siyasi çarpışma və çəkişmələrə əsla qarışmırdılar. Onların fikri-zikri bir parça çörək qazanıb ailələrini dolandırmaq idi.

Lakin Suriya qəfildən dəhşətli bir burulğana düşdü, bölgənin və dünyanın qüdrətli qüvvələri Suriyaya girişdilər. Dünənə qədər Ərəb Şərqində ən dünyəvi, ən sabit və nisbətən ən mütərəqqi sayılan əl-Əsəd rejimi zalım və qəddar elan edildi və onun devrilməsi əməliyyatı başladı. Səudilər, amerikanlar, Körfəz əmirləri, Türkiyə və buyruq qulu olan Avropa dövlətləri elan etdilər ki, Suriya xalqını zalım müstəbid Bəşar əl-Əsəddən xilas etməyin vaxtı çatıb.

Nəhəng pullar ayrıldı, bu pulun iyinə ərəb dünyasının və bütün dünyanın azadlıqsevərləri yığışdılar Suriyaya (çoxu Türkiyədən keçərək) və silaha sarıldılar. Silaha düzgün sarılmaq üçün onlar İordaniyada amerikan təlimçiləri ilə ciddi məşq toplantıları keçdilər.

Suriyada demokratik dəyişikliklərin keçirilməsi naminə Qərbin və varlı ərəb dövlətlərinin başladıqları mücadilənin ilk gözgörəsi nəticəsi DƏİŞ oldu. Xəlifə əl-Bağdadinin rəhbərliyi altinda yaranmış demokratik xilafət danılmaz tərzdə sübut etdi ki, Qərb və onun ərəb yandaşları növbəti dəfə vəziyyəti yanlış (və ya çox düzgün!) dərk ediblər.

DƏİŞ-in yaranmasından sonra keçən üç il bu orta əsr yadigarının silinməsinə həsr edildi və sıra ilə gah Rusiya, gah ABŞ, gah İran, gah Fransa, gah Türkiyə təntənəli şəkildə elan etdilər ki, DƏİŞ-in darmadağın edilməsində əsas xidmət onların payına düşür.

əl-Əsəd üsuli-idarəsinin sürətlə çökəcəyini zənn edən rəqiblər rejimin qibtə doğuran möhkəmliyini görəndə anladılar ki, tək Qərbpərəst və islamçı qiyamçıların gücü ilə hədəflərinə çata bilməyəcəklər. Onda onlar etnik kürd kartından istifadə etməyi qərara aldılar.

Kürd kartı Yaxın Şərqdə İsrail, erməni və sünni-şiə kartları ilə yanaşı dünya ağaları tərəfindən həmişə ehtiyatda saxlanılan və zaman-zaman istifadə edilən kartdır. Kürd amilini işə salmaq üçün isə həmişə adi vaxtlarda işi-peşəsi bir-biri ilə boğuşmaq olan qəbilə başçılarını xəyali böyük Kürdüstan dövlətində onların tuta biləcəyi yağlı vəzifələr arzusu ilə ələ almaq və onlardan istifadə etmək lazım gəlir. Bu dəfə də kürd başçılarına elə təkliflər edildi ki, onlar bu təkliflərdən heç cür imtina edə bilmədilər və tərəfdarlarını silaha sarılmağa səslədilər.

Təbii ki, əyalət cəngavərlərinin silaha sarılması amerikan təlimçilərinin atalıq qayğısı sayəsində mümkün oldu.

Prezident Barak Obama açıq söylədi ki, ABŞ bölgədə demokratiyanın zəfəri naminə 30 minlik kürd ordusunun təşəkkülünü zəruri sayır. ABŞ ordusu lazımi sayda təlimçiləri göndərdi, onlar işə başladılar və prezident Tramp Obamanın bu tapşırığının icrasını davam etməyə məcbur oldu.

30 minlik kürd ordusunu silahlandırıb güllə atmağı və əmr ilə addımlayıb sağa və sola dönməyi öyrətdilər. İlk döyüş tapşırığı məğlubiyyətdən sonra əsir düşmüş DƏİŞ döyüşçülərinin və onların əhli-əyalının saxlanıldığı həbs düşərgələrinin qarovulunun çəkilməsi oldu.

Türkiyə öz dəyərli müttəfiqlərinin bu riyakar oyunlarını diqqətlə izləyirdi və anlayırdı ki, bu 30 minlik kürd ordusunun döyüş meydanında qara qəpiklik qiyməti yoxdur. Kürdlərdən təşkil edilmiş orduların döyüş qabiliyyətini İraq Kürdüstanında cərəyan etmiş hadisələr danılmaz tərzdə sübut etmişdi.

Lakin bu silahlı birləşmə cismən və rəsmən qaldıqca kürd siyasi qurumunun siyasi səhnədə çəkisi və nüfuzu arta bilərdi. Bu səbəbdən bədxassəli şişin kəsilməsi qərarı verildi.

Türkiyənin böylə qətiyyətli addım atacağını öz dayaz düşüncəli başları ilə qavraya bilməyən Qərb siyasətçiləri seçim qarşısında qaldılar. Onlar ya faydalı və güclü müttəfiq ilə açıq düşmənçiliyə başlamalı, amerikan silahlı dəstələri çiy kürd yaraqlıları ilə çiyin-çiyinə nizami türk ordusuna qarşı döyüşməli, ya da geri çəkilib üzünün suyunu qorumaqla məşğul olmalıydılar. Siyasətçilər ikincini seçdilər. Tramp amerikan silahlı hissələrə kürd bölgəsini tərk etməyi əmr etdi.

Kürdlər şivən qopardılar ki, “amerikanlar bizi satdı!”

Əslində isə kürdləri satanlar elə kürd millətçi liderlər idi...

Bəyanat müharibəsi başladı.

Bu bəyanat müharibəsi mahiyyətcə Azərbaycan və Ermənistan arasında gedən bəyanat müharibəsindən heç nə ilə fərqlənmir. Bəyanatlar kəskin və hədələyici ola bilər, lakin bu bəyanatların qara qəpiklik əhəmiyyəti yoxdur.

Bəs nəyin əhəmiyyəti var? Ermənistan-Azərbaycam münaqişəsində bizim Qarabağın erməni ordusunun işğalı altında olmasının və Suriyadakı kürd məsələsində, türk ordusunun durmadan hədəfə aldığı ərazini işğal etməsinin və kürdlərin gəlib Bəşar əl-Əsədə himayə diləyi ilə yalvarmasının – bunun əhəmiyyəti var!

Əməliyyatın əsas məqsədi bu idi: heç bir kürd kartından söhbət belə gedə bilməz! Kürdlər Suriyanın ucqar şimal-şərqində oturub bir tikə ruzusunu qazanmalı, yeməli və Allaha şükür etməlidirlər. Nə Suriya Kürdüstanından, nə də Böyük Kürdüstandan söhbət gedə bilməz!

Vəssalam.

Paralel olaraq Avropada İspaniyanın vahid dövlət kimi mövcudluğuna sui-qəsdin növbəti mərhələsi gedir. Bu dəfə əsl Avropasayağı, silahsız-gülləsiz, səsvermə və məhkəmə qərarları yolu ilə. Separatçı Kataloniya liderlərinə İspaniya məhkəməsi həbs cəzası verib. Kataloniya vətənşivənləri etiraz edir. Avropanın insan hüquqlarının müdafiəçiləri də züy tutur.

Şıdırğı bəyanat müharibəsi gedir. Avropanın mütərəqqi hissəsi İspaniyanın bölünməsini, mürtəce hissəsi vahid dövlət kimi qalmasını istəyir.

Burada tərəqqi və irtica məfhumlarının mənasını kim aça bilər?

Çoxmənalıdır...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nzb0ag

Ən çox baxılan