Şirvan sakini: Evsizləri boşalmış yataqxana otaqlarına köçürsünlər

“Ərizələrlə də müraciət etmişəm, başçının yanında da olmuşam, başçı gəlişimin məqsədini biləndə məni müavininin yanına göndərdi, müavin də dedi, hələ yataqxana otaqları ilə bağlı məsələyə baxılmır, baxılanda səni də nəzərə alarıq”

Source: Specify Source


Bu, kirayədə yaşamağa imkanı böyük bir ailə başçısının arzusudur

“Köçkünlərə ev tikilib, köçürülüblər, yataqxanadakı 50 otaq boşalıb, heç olmasa kirayədə yaşayan imkansızları o yataqxana binasına köçürsünlər”.

Şirvan sakini Rəşad Xudayev Meydan TV-yə danışır ki, 7 nəfərlik ailəsi ilə bir otaqlı, darısqal evdə yaşayır. Üstəlik, heç bu ev də ailəyə aid deyil, onlara kirayə verilib. Deyir, Şirvan şəhərində illərdir ki, köçkünlərin məskunlaşdığı yataqxana bu yaxınlarda boşaldılıb. Daha doğrusu, köçkünlər onlar üçün tikilmiş binaya köçürülüb. Hazırda yataqxanada azı 50 otaq istifadəsizdir, vətəndaş təklif edir ki, rayon rəhbərliyi kirayədə yaşayan imkansız ailələri həmin yataqxanadakı otaqlara yerləşdirsin.


“7 nəfərin çörəyini, suyunu zorla tapıram”

“Evdə 7 nəfərik, xəstə, təqaüdçü anam, əlil bacım, bacımın xəstə övladı, həyat yoldaşım və iki azyaşlı övladım – hamısının yükü mənim çiynimdədir. 7 nəfərin çörəyini, suyunu zorla tapıb verirəm. Kirayəhaqqını ödəyə bilmirəm. Hər dəfə ödənişin vaxtı çatanda gərginlik, stress keçirirəm, içimdə qorxu hissi olur ki, pulu tapıb verməsəm, ev sahibi bu boyda külfəti çölə tökəcək. Bizim ailə kimi yüzlərlə ailə var, camaat kirayəpulu ödəyə bilmir, köçürsünlər ən ehtiyaclı, kasıb, böyük tərkibli ailələri o boş yataqxana binasına, 50 ailə kirayəhaqqı ödəməkdən azad olsun”, – şikayətçi deyib.


“Kirayələrdən canımız qurtarardı”

Rəşad Xudiyev bu xahişlə Şirvan Şəhər İcra Hakimiyyətində də olub:

“Ərizələrlə də müraciət etmişəm, başçının yanında da olmuşam, başçı gəlişimin məqsədini biləndə məni müavininin yanına göndərdi, müavin də dedi, hələ yataqxana otaqları ilə bağlı məsələyə baxılmır, baxılanda səni də nəzərə alarıq. Onu da deyim ki, bundan əvvəl yataqxananın xeyli otağı satılıb, buna görə işdən çıxarılan, cəzalandırılan da var. Ona görə də hələlik heç bir hərəkət etmirlər, gözləyirlər. Bina icra hakimiyyətinin balansındadır, istifadəyə yararlıdır, möhkəmdir, yaşamaq üçün şəraitlidir, hazırda da xeyli ailə yaşayır orda, ancaq gəl ki, boş otaqlar əhaliyə verilmir ki, əhalinin canı kirayələrdən qurtarsın”.


Meyarlara uyğun gələn ailələrə veriləcək

Şirvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu il Leytenant İbrahimov küçəsində yerləşən 1 saylı yataqxanada məskunlaşmış köçkünlər yeni qəsəbəyə köçürülüb. Hazırda yataqxanada yerli sakinlər yaşayır. Qurum yataqxana otaqlarının satılması ilə bağlı deyilənləri təkzib edib. Bildirilib ki, həmin otaqların ailələrə verilməsi üçün quruma xeyli müraciət var, qurum bu müraciətləri dəyərləndirib otaqları müəyyən edilmiş meyarlara uyğun gələn ailələr arasında paylaşdıracaq.

Ötən il dekabrın sonunda Şirvan şəhərində köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib. Yeni qəsəbəyə Şirvan şəhəri ərazisindəki yataqxana, məktəb, kirayə və digər inzibati binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan, əsasən, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarından olan 606 məcburi köçkün ailəsi köçürülüb.

Ana səhifəBölgəŞirvan sakini: Evsizləri boşalmış yataqxana otaqlarına köçürsünlər