Şimali Koreya Rusiyanı qələbəyə qədər dəstəkləyəcəyini bəyan edib

Russian Foreign Minister Sergei Lavrov, his North Korean counterpart Choe Son Hui, in Moscow, Russia, November 1, 2024. Russian Foreign Ministry/Handout via REUTERS

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, səkkiz minə yaxın Şimali Koreya əsgəri Kursk bölgəsindədir

Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hi noyabrın 1-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Görüşü zamanı ölkəsinin Rusiyanı “qələbə gününə qədər” dəstəkləyəcəyini deyib.

Onun sözlərinə görə, Ukraynada müharibənin lap əvvəlindən Şimali Koreya lideri Kim Çen In “Rusiya ordusuna və xalqına möhkəm və güclü dəstək” əmrini verib.

“Sizi bir daha əmin edirik ki, qələbə gününə qədər biz həmişə rus yoldaşlarımızın yanında möhkəm dayanacağıq”, – XİN rəhbəri Lavrovla danışıqlarda deyib.

O qeyd edib ki, ABŞ və Qərb ölkələri Kiyevi silahla təmin etməklə, “Ukraynada Rusiyaya qarşı uzunmüddətli müharibə aparmağa çalışırlar”.

Nazir Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsi və silah və sursatların tədarükü ilə bağlı təfərrüatları açıqlamayıb.

Qərb mənbələri Ukrayna ilə müharibədə iştirak etmək üçün Şimali Koreyadan Rusiyaya hərbi birləşmələrin göndərildiyini bildirir.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, səkkiz minə yaxın Şimali Koreya əsgəri Kursk bölgəsindədir.

Ümumilikdə o, Rusiyaya göndərilən Şimali Koreya qoşunlarının sayını 10 mindən az olmayacağını təxmin edir.

Oktyabrın sonlarında Ukraynanın Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiya tərəfindən Ukraynaya yaxın ərazilərə 7000-dən çox Şimali Koreya əsgərinin yerləşdirildiyini bildirib. Əsgərlərin ən azı 28 hərbi uçuş vasitəsilə gətirildiyi bildirilir. Ukrayna mənbələrinə görə, bu Şimali Koreya əsgərləri Rusiya tərəfindən təmin edilən 60 millimetrlik minaatanlar, AK-12 avtomatları, PKK/PKM pulemyotları, SVD snayper tüfəngləri, “Feniks” tank əleyhinə raketləri və RPG-7 əl qumbarası atıcıları ilə təchiz olunublar. Onlara eyni zamanda gecə görmə cihazları, termal görüntüləyicilər və digər xüsusi avadanlıqlar da verilib.

Bu qüvvələrin təlimi beş Rusiya hərbi təlim mərkəzində davam edir. Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir ki, Rusiya Şimali Koreya hərbçilərindən istifadə etməklə hücum əməliyyatlarını gücləndirməyi və Rusiya Silahlı Qüvvələri üçün daxili işçi qüvvəsi çatışmazlığını qismən aradan qaldırmağı hədəfləyir.

ISW analitikləri xəbərdarlıq edir ki, Şimali Koreyanın birbaşa iştirakının təsiri Ukrayna hüdudlarından kənara çıxa bilər. ISW hesabatında qeyd edir ki, Şimali Koreya qüvvələrinin iştirakı Koreya yarımadasının sabitliyinə və geniş Asiya-Sakit Okean regionuna təsir edə bilər. Mütəxəssislərin fikrincə, Rusiya-Şimali Koreya tərəfdaşlığı regionda təhlükəsizlik gərginliklərini artıra biləcək strateji yaxınlaşmanı əks etdirir.

Almaniyanın Fridrix Nauman Fondu Ukrayna müharibəsi başlayandan Şimali Koreyanın Rusiyaya təxminən 5,5 milyard dollar dəyərində silah verə biləcəyi ideyasını irəli sürüb.

Rəsmi Pxenyanın hərbi təchizatla bağlı məlumatları açıqlamır.

Şimali Koreya Ukrayna ilə müharibədə Moskvaya açıq dəstək verən dünyada bir neçə ölkədən biridir. Bir çox məlumatlara görə, Pxenyan Rusiyanın Ukrayna ərazilərini ilhaq etdiyini etiraf edib və Rusiya ordusunu sursatla təmin edir.

Oktyabrın 24-də Dövlət Duması Rusiya və Şimali Koreya arasında hərtərəfli tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib. Bu, elm və texnologiya, o cümlədən kosmik və nüvə enerjisi, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Razılaşmada qeyd edilir ki, tərəflər bir-birinə hərbi yardım göstərəcək, eləcə də dövlətlərə qarşı tətbiq edilən sanksiyalardan yayınmağa kömək edəcək.

Rusiyalı həmkarı Sergey Lavrovla noyabrın 1-də keçirdiyi görüşdə koreyalı nazir iki ordu və xüsusi xidmət orqanları arasında çox sıx əlaqələrin olduğunu, müdafiə sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirildiyini söyləyib.

Kreml öz ərazisində Şimali Koreya qoşunlarının yerləşdirilməsini nə danıb, nə də təsdiqləyib.

NATO baş katibi Mark Rutte deyib ki, şimali koreyalıların birbaşa döyüşlərə qatılması qlobal güvənliyə təhdiddir və beynəlxalq hüququn pozulduğunu, Rusiya Prezidenti Vladimir Putinin “artan çarəsizliyini” göstərir.

ABŞ dövlət katibi Entoni Blinken döyüşlərə qatılacaqları halda, Kursk vilayətində yerləşən 8 minədək şimali koreyalı hərbçinin legitim hərbi hədəf sayılacağını söyləyib.

ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın qitələrarası ballistik raket sınağını da pisləyib.

Çoi isə Moskvada deyib ki, Koreya yarımadasındakı durum hər an “partlaya bilər” və bu üzdən Şimali Koreya özünün nüvə ehtiyatını gücləndirməli və lazım gəldikdə cavab zərbəsi endirməyə hazır olmalıdır.

Ana səhifəXəbərlərŞimali Koreya Rusiyanı qələbəyə qədər dəstəkləyəcəyini bəyan edib