Sevinc Vaqifqızı: “Prezidentin Qarabağı məmurlar şəhərinə çevirdiyini üzə çıxardıq, qəzəbinə tuş gəldik”

AbzasMedia. Photo collage: Meydan TV

Elnarə Qasımova: “Həmin araşdırmalarda adları çəkilən məmurların yerinə biz ittiham olunuruq”

Martın 11-də “AbzasMedia işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda jurnalistlər Sevinc Vaqifqızı (Abbasova) və Elnarə Qasımova sərbəst ifadə verib.

Əvvəlki üç iclasdan fərqli olaraq, bu dəfə təqsirləndirilən jurnalistlər məhkəmədə iştirak ediblər. Onlar əvvəlki iclaslara qoşulmamalarını məhkəməyə fərqli avtomobillərdə və fərqli vaxtlarda gətirilmələri, habelə iclas başlayanadək məhkəmənin şəraitsiz zirzəmisində gözlədilmələri ilə izah edirdilər. Bu dəfə isə jurnalistlərin şikayətləri təmin olunub.

Sevinc Vaqifqızı ifadəsində qeyd edib ki, onlar məhz peşə fəaliyyətlərinə görə həbsdədirlər:

 “Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq” deyən İlham Əliyevin təkcə Şuşanı yox, bütün Qarabağı məmurlar şəhərinə çevirdiyini araşdırmalarımızla üzə çıxardıq. İlham Əliyevin sözü ilə əməlinin üst-üstə düşmədiyini üzə çıxaran “AbzasMedia” jurnalistləri onun qəzəbinə tuş gəldi. 21 illik hakimiyyəti dövründə gəlirlərini bəyan etməyən İlham Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən pul keçirməkdə ittiham edir” – deyə, o bildirib.

Vaqifqızı qaçaqmalçılıq ittihamına cavab olaraq əlavə edib ki, onun və digər təqsirləndirilənlərin heç biri gömrükdən keçərkən saxlanılmayıb və ya üzərlərində bəyan edilməmiş pul vəsaiti tapılmayıb. O bildirib ki, ittiham aktında göstərilən sənədlər orijinal deyil və ordakı imzaları yoxlamaq üçün verilən vəsatətlər təmin edilməyib.

Sevinc Vaqifqızı deyir ki, onun və digər müstəqil jurnalistlərin həbsi ölkədə Prezident və ətrafındakıların həqiqətə dözümsüzlüyünün göstəricisidir.

“İnsan həqiqətə nə qədər dözə bilər? Ölkə başçısı İlham Əliyevin timsalında onun 2 il 2 ay dözdüyünü gördük. Bizim araşdırmalara başlamağımızdan bu qədər zaman keçdi və o özü korrupsiyalaşmış hökuməti barədə həqiqətləri daha eşitmək istəmədi“, – Sevinc Vaqifqızı belə deyib.

S.Vaqifqızı ifadəsində vurğulayıb ki, onlar Azərbaycan hökumətinin gizlətdiyi həqiqətləri xalqa, cəmiyyətə çatdırdıqlarına görə cəzalandırılıblar:

“Hökumət televiziyaları “Xan kəndinə qayıdır” mahnısının sədaları altında adamları bihuş edəndə biz göstərirdik ki, xan doğrudan da Qarabağa qayıdıb – əkinə yararlı torpaqlar onun ailəsi və məmurlar arasında bölüşdürülüb. Məcburi köçkünlər evlərinə qayıdanda məmurlar oralarda böyük torpaq sahələrinin sahibinə çevrilmişdilər. Qarabağ veteranları isə pulunu vaxtında ala bilməyən, ya da heç almayan fəhlələrə dönmüşdülər”.

Sevinc Vaqifqızı. Foto: Meydan TV

“Azərbaycan hökuməti insanlara işgəncə verib dostlarına qarşı ifadə almaq yolunu seçib”…

İddia olunur ki, “AbzasMedia”nın ofisindən axtarış zamanı 40 min avro pul aşkarlanıb:

Hesab edirəm ki, o vəsait Prezidentin Ehtiyat Fondundan ayrılmış puldur. Tənqidçiləri şərləmək üçün ayrılıb. Əvvəl bir ünvana atılır. Sonra başqasını şərləmək üçün ayrı ünvana atılaraq orada istifadə olunur”, – Sevinc Vaqifqızı belə deyib.

Jurnalist ifadəsində deyib ki, ona və həmkarlarına qarşı ittihamlar həbs olunanlardan biri, “AbzasMedia”nın direktor müavini Məhəmməd Kekalova işgəncə verilərək alınan ifadə əsasında irəli sürülüb.

“Hələ həbslər olmamışdan əvvəl biz Kekalova demişdik ki, əgər ona işgəncə versələr, Ülviyə, mənə qarşı ifadə versin. Çox təəssüf ki, Azərbaycan hökuməti insanlara işgəncə verib dostlarına qarşı ifadə almaq yolunu seçib”, – o bildirib.

Sonradan dövlət ittihamçısı onlara suallar ünvanlayıb, jurnalistlər suallara cavab verməkdən imtina ediblər.

Prokurorun Sevinc Vaqifqızına “Sizin xaricdə bank hesabınız varmı?” sualına jurnalist “Mən Prezident, ya onun ailəsiyəm ki, xaricdə bank hesabım, ya da mülküm olsun?”, – deyə cavab verib.

Sevinc Vaqifqızı qeyd edib ki, istintaq sənədlərində Ülvi Həsənli ilə Amerikada olduğu, oradan qanunsuz maliyyə gətdikləri göstərilib. Jurnalist bunu təkzib edib:

Ülvi Həsənli ilə birlikdə heç vaxt Amerikada olmamışam. Bunu gömrük qeydlərindən də yoxlaya bilərsiniz”, – deyə o, fikrini tamamlayıb.

“Məhkəmə qarşısında jurnalistlər deyil, korrupsiyası ifşa olunan şəxslər dayanmalıdır”

Jurnalist Elnarə Qasımova da prokurorun suallarından imtina edib. O bildirib ki, istintaq orqanı saxta sənədlər hazırlayıb:

Elnarə Qasımova. Foto: Meydan TV
Elnarə Qasımova. Foto: Meydan TV

“İş materiallarında mənə aid hissəyə daşınmaz əmlakla bağlı notarial sənədlər əlavə edilib. Məsələ burasındadır ki, həmin sənədlərdəki Qasımova Elnarə Bahəddin qızı ilə mənim aramdakı fərqlərdən biri də ata adımızdır. İstintaq orqanı 1 ildən çoxdur məni qanunsuz həbs edib, ancaq indiyə kimi atamın adının “Bahəddin” yox, ”Bahadar” olduğunu anlaya bilməyib. Belə bir istintaq orqanından biz nəinki öz işimiz, heç sadə vətəndaşların işi üzrə də düzgün araşdırma aparmağını gözləmirik.”, – Elnarə Qasımova bildirib.

Elnarə Qasımova “AbzasMedia”da yayımladıqları korrupsiya araşdırmalarına görə həbs olunduqlarını vurğulayıb.

“Həmin araşdırmalarda adları çəkilən məmurların yerinə biz ittiham olunuruq. O məmurlar ki, illərdir vətəndaşa çatmalı olanı mənimsəyir, amma gözləri doymur”, – o deyib.

“AbzasMedia”nın əməkdaşı olduğu üçün fəxr etdiyini deyən jurnalist bildirib ki, əslində, məhkəmə qarşısında onlar yox, korrupsiyasını ifşa etdiyi şəxslər dayanmalıydı: 

“O şəxslər illərdir ki, bu ölkənin vətəndaşlarına çatmalı olanları mənimsəyir, ölkəni talamaqdan gözləri doymur. Xalqdan oğurladıqlarının hesabına uşaqlarını hələ kiçik yaşlarından sərvət, imtiyaz sahibi edirlər. Əvəzində bu ölkədə yarıac dolanan, pulsuzluqdan təhsil ala bilməyən, dilənməyə məcbur qalan uşaqlar var…”.

Adları çəkilən jurnalistlərin hər ikisi AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə haqqında sualı cavablayarkən deyib ki, onun “AbzasMedia”ya aidiyyəti olmayıb. Onlar bildiriblər ki, F.Mehralızadə iqtisadçı olduğundan bəzən ekspert qismində ondan müsahibə alınıb.

“Hətta mən də müstəntiqdən soruşdum ki, “Abzas”a heç bir aidiyyəti olmayan Fərid Mehralızadəni niyə tutub bu işə qoşmusunuz? Müstəntiq zarafatca dedi ki, səninlə eyni rayondan – Füzulidən olduğuna görə”, – S.Vaqifqızı deyib.

Növbəti məhkəmə prosesi aprelin 1-də digər təqsirləndirilən şəxslərin ifadələriylə davam edəcək.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. İstintaqın sonunda ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

Hökumət təmsilçiləri isə həbs olunanların konkret faktlar əsasında cəzalandırıldıqlarını bildirirlər.

Ana səhifəSiyasətSevinc Vaqifqızı: “Prezidentin Qarabağı məmurlar şəhərinə çevirdiyini üzə çıxardıq, qəzəbinə tuş gəldik”