Sevinc Vaqifqizi, Nərgiz Absalamova, Elnarə Qasımovanın aclıq aksiyasına başladıqları deyilir

Fotokollaj: AbzasMedia

Onlar bu barədə ailələrinə məlumat verən zaman telefon əlaqəsinin kəsildiyi bildirilir

İyulun 2-dən etibarən “AbzasMedia”nın həbsdə olan jurnalistləri Nərgiz Absalamova, Elnarə Qasımova və Sevinc Vaqifqizinın Ülvi Həsənliyə dəstək məqsədi ilə aclıq aksiyasına başladıqları bildirilir.

Bu barədə onların yaxınları məlumat verib.

Məlumata görə, saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbəri Elnur İsmayılovun sifarişi ilə, onlar qarşı qeyri insani rəftara və işgəncəyə məruz qalıblar.

Yaxınları deyir ki, Sevinc Vaqifqizi və Elnarə Qasımova aclıq etmələri və zorakılığa məruz qalmaları ilə bağlı ailələrinə məlumat verən zaman telefon danışığı yarımçıq kəsilib.

Yaxınlarının sözlərinə görə, onlar aclıq aksiyasına başlayan kimi təkadamlıq kameralara köçürülüblər və əşyaları zorla əllərindən alınıb.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə “AbzasMedia işi” üzrə hökm oxunub.

Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

İyunun 26-da bu iş üzrə barəsində hökm çıxmış Ülvi Həsənli, Hafiz Babalı, Fərid Mehralızadə, Məhəmməd Kekalov saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər. Ülvi Həsənli buna etiraz olaraq 8 gündür aclıq edir.

Yeni həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyub həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər.

Aclıq askiyasına başladığına görə o, cərimə otağına salınıb, ona qarşı qeyri-insani davranış nümayiş etdirildiyi bildirilib.

İyulun 1-də “AbzasMedia” Ülvi Həsənli ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda Prezident İlham Əliyev, ədliyyə naziri Fərid Əhmədov, Baş prokuror Kamran Əliyev və Ombudsman Səbinə Əliyevadan məsələni nəzarətə götürmələri tələb olunub.

2023-cü ilin noyabrında “AbzasMedia”nın direktor və əməkdaşları həbs olunmuşdu. Ötən il mayda “Azadlıq” radiosunun jurnalisti Fərid Mehralızadə də bu iş üzrə saxlanılmışdı, lakin “AbzasMedia” onunla əməkdaşlıq etmədiyini bəyan etmişdi.

Həbs edilən jurnalistlər ittihamları rədd edir və həbsin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin dərhal azad edilməsinə çağırır.

Ana səhifəSiyasətSevinc Vaqifqizi, Nərgiz Absalamova, Elnarə Qasımovanın aclıq aksiyasına başladıqları deyilir