Sevgidə əsas rol oynayan faktor hansıdır?

İnsanların – sənin, mənim, hamımızın əslində sabit və dəyişməz prinsipləri yoxdur!

Source: Meydan TV

ABŞ-ın önəmli beyin mərkəzi olan "Stratfor"un qurucusu George Fridmanın "Gələcək Yüz İl" (The Next 100 Years) adlı kitabı var. (Türkçə tərcüməsi də var). Kitab, adından göründüyü kimi, böyük cəsarət tələb edən bir məqsəd üçün yazılıb; gələcəyi öngörmək. (Əsər, əlbəttə daha çox siyasi və sosioloji bir təhlil üzərində qurulub).

Kitabın əvvəlində bildirilir ki, əgər biz 1900-cü ildə yaşasaydıq, heç düşünməzdik, cəmi 14 il sonra dünya müharibəsi baş verəcək; Avropa, dünyanın şərqini öz müstəmləkəsi altında tutub və firavan yaşayır, müharibəni, ən birinci, elə özü istəmir. Amma… cəmi 14 il sonra elə Avropada, "qiyamət qopur".

Sonra təsəvvür edin ki, bu səfər1920-ci ildəsiz; dünya, böyük bir müharibənin dağıntısından təzə çıxıb və mövcud olan bütün imperiyalar dağılıb. Bir şey aydın görünür ki, Almaniya üzərində qurulan təzyiqlər, yeni bir savaşa imkan verməz. Lakin… 18 il sonra, Almaniya, təkbaşına bütün dünyaya qarşı üsyan edir və İkinci dünya müharibəsi baş verir…

…Və sonra da 1960-cı il və heç kimin təsəvvür edə bilmədiyi bir durum var; Almaniya parçalanıb və dünya, 2 supergücün hökmranlığına bölünüb; ABŞ və SSRİ….

Beləcə müəllif, 1900-cü ildən 2000-ci ilə qədər, hər 20 ildən bir, yeni bir mərhələnin yarandığını və hər mərhələnin, daha öncə təsəvvürolunmaz olduğunu, SSRİ-nin dağılması və s. tendensiyalar timsalında göstərir.

Deyə bilərsiz ki, bunların, bu girişin mövzumuza nə dəxli var? Tələsməyin, izah edəcəm, amma qayıdaq kitaba və müəllifin, hansı nəticə çıxartdığını qeyd edək; “Qəti olan yalnız bir şey var ki, ümumi təsəvvürlər, insanların inanışları yanlışdır! 20 illik döngələrdə heç bir sehr yoxdur. Bəsit bir faktor yoxdur, çoxlu faktor var”.

Yəni sadə dildə desək, gələcəyi təxmin etmək üçün ya gərək çox güclü bir ağıla və analizə sahib olasan, ya da gərək kahin olasan. Adi halda isə gələcək, çox qarmaşıq və mübhəmdir, çünki çoxlu, dolaşıq faktorların və kəsişmələrin təsirilə yaranır.

İndi qayıdaq mövzumuza; gələcək, ona görə təxminedilməzdir ki, insanların maraqları və davranış motivləri də çox fərqlidir! Eyni bir insan, eyni bir situasiyada, fərqli qərarlar verə bilir. Və bir insanın, eynilə, kimi sevib, kimi sevməyəcəyini təxmin etmək də çətindir. Çünki çoxlu faktorlar rol oynayır; o andakı psixoloji durum, zəka səviyyəsi, maddi durum, sosioloji-çevrə faktoru, iman və inanc səviyyəsi və s…

Və sizə qəribə gəlsə də, bununla razlaşmasaz da, bu faktdır ki, insanların-sənin, mənim, hamımızın əslində sabit və dəyişməz prinsipləri yoxdur! Yəni bu gün sevdiyimizi, sabah sevməyə, sevmədiyimizi də sabah sevə bilərik! Bunu, faktlardan da görmək olar.

Son 1 ildəki boşanma və evlənmə statistikasının detallı qrafikinə baxma şansımız olsaydı, o halda görərdik ki, insanların kimisə sevməsində, ya da evlənməsində, sabit və qəti bir faktor yoxdur! Yəni nə pul, nə gözəllik, nə mənəviyyat, nə savad-heç bir faktorun birmənalı hakimiyyəti yoxdur. Əslində, insanlar nə istədiklərini özləri də bilmirlər!

Eyni tipli, eyni xarakterli 5 insandan biri, qarşı cinsdə maddiyyatdan təsirlənir, o birisi gözəllikdən, bir başqası savaddan, digəri dindar görüntüdən, o birisi tərbiyədən və s… Ya da eyni bir insan, öz beynində məhz savadlılığı ön planda gördüyü halda, sadəcə olaraq yaraşıqlı birisinə ürəyini qapdıra bilir. Başqası isə tərbiyəni mühüm bildiyi halda, sadəcə imkanlı birisinə ürəyini qapdıra bilir. Və hətta elə, tərbiyəni ön planda görüb tərbiyəli hesab etdiyi birilə ailə qurduğu halda, çox keçmədən boşana bilir. Çox yox, cəmi 10 nəfər, öz ətrafına, dostlarına baxsa və gördüklərini bizə danışsa, bu dediklərimin həqiqət olduğu təsdiq olunacaq. Elə hər birinizin ətrafında boşanmış insanlar var; onları da bu statistika kimi yoxlaya bilərsiz; necə seviblər və niyə boşanıblar? Əmin ola bilərsiz ki əksəriyyət, sevərək, istəyərək, öz iradəsi ilə evləndiyini deyəcək. Az qala hər kəs, sevərkən, özünə “haqlı” gərəkçələr tapdığı kimi, eynilə boşananda da “haqlı” gərəkçələr tapır. Hətta bəzən, evlənərkən tapılan gərəkçə, boşanarkən tapılan gərəkçənin tam əksi olur. Məsələn, eyni bir insanı, evlənəndə ideal, boşananda isə tam rəzil birisi hesab edir. Bu gün “ağ” dediyinə, sabah “qara” deyən insanlar, istisna hesab olunmayacaq qədər çoxdur. Və bu cür kəskin mövqe dəyişikliyi və təzad insanların qərarsızlığını və bəsirətsizliyini göstərir.

Bəli, çoxlu və dolaşıq faktorların rol oynadığı dünya mənzərəsini, 20 il öncədən hətta 5 il öncədən təxmin etmək müşkül olduğu kimi, bir qızın, ya da bir oğlanın hansı tip insanı sevəcəyini də təxmin etmək müşküldür və çox vaxt onun özünə də naməlumdur.

P.S. Əlbəttə, insanlar, evlilikdə, özləri də nə istədiklərini bilmədikləri üçün, ayrılmaların sürətlə artması da tam təbii haldır. Çox keçmədən, cəmi 10-15 il sonra, ayrılmalar, 90-95 faizdən də çox olacaq və nəinki “ailə”, hətta bir müddət sonra “sevgi” anlayışı da mövcud olmayacaq.

Çox təəssüf, amma bu, real bir proqnozdur.

Ana səhifəMənim FikrimcəSevgidə əsas rol oynayan faktor hansıdır?