Şəmkirdə: Ümidini yardıma bağlayan ailə

Karantin günlərində işsizlik daha bir ailəni aclıqla üz-üzə qoyub

Source: Meydan Tv


Karantin günlərində işsizlik daha bir ailəni aclıqla üz-üzə qoyub

Şəmkirdə dəmiryolu stansiyasının yaxınlığındakı yarımtikilidə yaşayan Qəmbərovlar ailəsində heç kim işləmir. Rasim Qəmbərov əvvəllər günəmuzd iş tapa bilirdisə, karantin günlərində evdə qalmağa məcburdur.


“Həkimlərə 5-10 manat verməsən, can yandırmırlar”

Ailənin yeganə dərdi işsizlik deyil. Rasimin 18 yaşlı qızı Rasimə, 12 yaşlı oğlu Nazim doğulandan serebral iflic xəstəliyindən əziyyət çəkir. Uşaqlar nəzarət, xüsusi diqqət olmadan yaşaya bilmirlər. Nazim, heç olmasa, hərdən əyləşir, Rasimə həmişə uzanmalı olur. Rasimin həyat yoldaşı bütün gününü xəstə uşaqlara baxmağa həsr edir.

“Tək bacarmır, qayınanam da köməyə gəlir. Həkim səhlənkarlığı oldu, hər ikisi qüsurlu doğuldu. Baxın, üçüncü uşağım belə deyil. Bir yaşı var, gəzməyə başlayıb”, – Rasim danışır.

Ailənin bu illər ərzində uşaqların müalicəsi ilə məşğul olmağa imkanı çatmayıb. Rasim deyir ki, əvvəllər üç aydan bir Nazimi Bakıya – Uşaq Bərpa Müalicə Mərkəzinə gətirirlərmiş. Bir ildir buna da gücləri yetmir: “Göndərişlə gedirdik. Amma yenə müəyyən xərcimiz çıxırdı. Bilirsiz də, həkimlərə 5-10 manat verməsən, can yandırmırlar. Qızımda gərginlik çoxdu. Onu dərmanla saxlayırıq. Dərman olmasa, sakitləşmir. Çox narahat olur. Düzü, dərmanların çoxunu burdakı xəstəxana verir”.


“Tamamilə işsiz qalmışam”

Rasimin danışdığına görə, bir neçə gün əvvəl ailəsinə ərzaq yardımı edilib. Şəmkir sakini bu illər ərzində ilk dəfə belə şey gördüyünü deyir. “Cavan uşaqlar idi. Dedilər ki, 1 il 7 aydı xeyriyyə cəmiyyəti yaradıblar. Bizim kimi imkansız ailələrə baş çəkib ərzaq yardımı eləyirlər. İki kilo ət, pendir, çörək, yumurta, makaron, vermişel, yağ gətirmişdilər. Biz təsadüfi hallarda ət alırdıq. Yenə sağ olsunlar, belə savab iş görürlər. Uşağa əlil arabası vermək də istəyirlər”, – 48 yaşlı müsahibimiz danışır.

Rasimin heç vaxt daimi işi olmayıb. Adətən, günəmuzd fəhlə işi ilə evə pul gətirməyə çalışırmış: “Adətən, divar hörən ustaların əlinin altında işləyirdim. Beləcə, 5-10 manat qazanırdım. İndi o da yoxdu. Tamamilə işsiz qalmışam. Həm də çarəsiz vəziyyətdə”.

Ailəyə əlil övladlara görə müavinət, 266 manat sosial yardım verilir, amma bu, yalnız acından ölməməyə yetir. Çünki evə gələn pulun 476 manatı kreditə gedir. Rasim niyə kredit götürdüyünü izah edir: “Əvvəl qaldığımız daxma uçdu. Yağış o qədər vurmuşdu ki, aynabənd tab gətirmədi. Qohum-əqrəbanın yazığı gəldi, dedilər ki, sizin üçün nəsə tikək. Yaşamağa yerimiz qalmamışdı. Tikinti materialları üçün məcburiyyətdən kredit götürməli oldum. Bir illikdi, cəmi 5 ayını ödəmişəm. Kredit böyük yükə çevrilib”. Yaxınların köməyi ilə mişar daşı ilə divarlar hörülüb. Amma ev yenə də yaşamalı halda deyil. Ailənin isə bundan artığını etməyə maddi gücü yoxdur. İndi onlar ən adi ehtiyacları da ödəyə bilmirlər. Rasim deyir ki, qohum-əqrəba olmasa, acından ölərlər: "190 manat yardımı almaq şansımız da yoxdur. Sosial yardımı bəhanə eləyirlər”. İndi Qəmbərovlar ailəsi ümidini bir dəfə köməklərinə yetişmiş həmin cavanlara bağlayıb. Düşünürlər, bəlkə bir daha gəldilər…

Image from iOS (3).jpg
Rasim Qəmbərov
Untitled design (2).png
Rasimə
Ana səhifəBölgəŞəmkirdə: Ümidini yardıma bağlayan ailə