Şəmistan Həziyev: Dedilər ki, bundan sonra günün qara olacaq

Oradakılar səhərə qədər dərmandan ötrü başını divara çırpır, qapını döyür, nəzarətçini çağırır.

Source: Foto: Meydan TV


“Məni çoxlu narkotik istifafəçilərinin saxlandığı kameraya apardılar”

AXCP Gənclər Komitəsinin üzvü, jurnalist Şəmistan Həziyevin 30 sutkalıq həbsi barədə məhkəmə qərarından apelyasiya şikayəti verilib. Həmin şikayətə noyabrın 5-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə baxılıb.

Məhkəmədə Ş.Həziyevin vəkili Şəhla Hümbətova müvəkkilinin dediklərinə istinad edərək bildirib ki, onu oktyabrın 31-də yaşadığı evin yaxınlığında tutublar: “Protokolda yazıblar ki, guya Şəmistan Həziyev küçədə telefonla danışarkən söyüş söyüb, ətrafdakılara narahatlıq yaradıb. Polislər onu sakitləşdirməyə çalışıb, onlara da tabe olmayıb. Amma özü bildirir ki, evdən çıxanda üç nəfər mülki geyimlinin onu izlədiyini görüb. Az sonra onlar yaxınlaşıb, deyiblər ki, "bizimlə bölməyə getməlisən". O da sakitcə onlarla gedib. Onu 29-cu bölməyə aparıblar. Əvvəl rəisin otağında harada işlədiyi, fəaliyyəti barədə sorğu-sual ediblər. Sonra başqa otağa aparıb, inzibati xəta protokolu tərtib ediblər. Onun adından yazıblar ki, guya özü də əməlini etiraf edir. Amma Şəmistan Həziyev protokolu imzalamaqdan imtina edib. Səhər 11-dən axşam saat 6-ya qədər bölmədə saxlayıblar".

Həmin gün axşam saat 18.00 radələrində Ş.Həziyev Yasamal Rayon Məhkəməsində aparılıb. Orada onun haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutkalıq həbs qərarı çıxarılıb. Ş.Həziyevin sözlərinə görə, məhkəmədə də deyib ki, protokolda yazılanlar doğru deyil. Araşdırmaq üçün onun telefon zənglərinə, saxlandığı yerin yaxınlığındakı obyektlərin kamera görüntülərinə baxış keçirə bilərlər. Lakin bu vəsatətlər təmin olunmayıb.

Ş.Həziyev saxlandıqdan sonra ailəsilə əlaqə saxlamağa imkan verilmədiyini, özü istədiyi vəkilin çağırılmadığını, dövlət hesabına təyin edilən vəkilin isə onu faktiki müdafiə etmədiyini söyləyib.

Həbsinin siyasi motivli olduğunu vurğulayan Ş.Həziyev Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada olanlar haqda da danışıb. O bildirib ki, oktyabrın 31-də axşam onu təcridxanaya aparıb, təkadamlıq otaqda saxlayıblar:

“Əynimdə nazik paltar vardı. Vəkilim gəldi, ondan xahiş elədim ki, ailəmə xəbər versin, mənə isti paltar gətirsinlər. Gətirsələr də, içəri buraxmadılar. O vəziyyətdə qaldım. Amma məni o otaqdan çıxarıb, çoxlu narkotik istifafəçilərinin saxlandığı kameraya apardılar. Oradakılar səhərə qədər dərmandan ötrü başını divara çırpır, qapını döyür, nəzarətçini çağırır. Yoluxucu xəstəlikləri var. O kameraya aparanda mənə güc tətbiq elədilər. Noyabrın 5-də vəkilimlə telefon danışığında mənə qarşı bu cür psixoloji işgəncələr barədə məlumat verəndə kartı çıxartdılar, danışıq kəsildi. Dedilər ki, bununla da sənin telefon danışıqlarına “stop” qoyuldu, bundan sonra günün qara olacaq".

Hakim Mirzəli Abbasov apelyasiya şikayətini təmin etməyib. Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Ana səhifəSiyasətŞəmistan Həziyev: Dedilər ki, bundan sonra günün qara olacaq