Səlim Müslümov məhkəməsinin qapalı keçirilməsini istəyir

Source: Trend

Dövlət ittihamçısı vəkilin vəsatətinə etiraz etməyib

Onmilyonlarla manat mənimsəmə və rüşvət almaqda ittiham olunan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mühakiməsi başlayıb. Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nazirin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyilə keçirilən iclasda öncə Səlim Müslümovun anket məlumatları – yaşı, yaşadığı ünvan və s. məsələlər dəqiqləşdirilib.

Ardınca işin məhkəmə baxışına verilməsi – cinayət işində bəhs olunan məsələlərin mahiyyəti üzrə araşdırılması məsələsi müzakirə olunanda Səlim Müslümovun vəkili vəsatət qaldırıb.

Vəkil Ayxan Rüstəmzadə keçmiş nazirin məhkəməsinin qapalı keçirilməsini istəyib. Müdafiəçi bu istəyini prosesin gedişində Səlim Müslümovun peşə fəaliyyəti, kommersiya sirri sayılan məlumatların ortaya çıxmaq ehtimalıyla əlaqələndirib:

“Səlim Müslümov uzun illər dövlət orqanlarında işləyib. Bu işdə peşə, kommersiya sirri təşkil edən məlumatlar var…”

Keçmiş nazir də vəkilinin vəsatətini müdafiə edib, məhkəməsinin qapalı keçirilməsini istəyib.

Prokuror etiraz etməyib, bu məsələdə qərarı məhkəmənin öhdəsinə buraxıb.

Hakimlər qısa müşavirədən sonra hazırkı mərhələdə vəsatətin təmin olunmadığını açıqlayıb:

“Hazırkı mərhələdə şəxsi həyata aid, ailə, kommersiya sirri sayılan məlumatlar yoxdur. Ona görə indiki halda təmin olunmur”.

Səlim Müslümovun işi üzrə məhkəmə istintaqı avqustun 15-də başlayacaq. Həmin gün prokuror ittiham aktını elan edəcək, ardınca dindirmələr başlayacaq.

Bugünkü məhkəmədə zərərçəkmiş qismində tanınan Maliyyə Nazirliyinin əməkdaşı da iştirak edib.

Sabiq nazir haqqında cinayət işinin materiallarında ümumilikdə 27 milyondan – 13 milyonluq rüşvətalma, 14 milyonluq mənimsəmə və israfetmədən söhbət gedir. Meydan TV-nin əldə etdiyi məlumata görə Səlim Müslümov təxminən 7 milyon manat ödəyəndən sonra ev dustaqlığına buraxılıb.

2021-ci ilin əvvəlində həbs edilən Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Onun həbsdən buraxılmasına əsas kimi, səhhətində ciddi problemlərin olması göstərilib.

Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən tutulmuşdu. O, il yarıma yaxın müddətdə də DTX-nın istintaq təcridxanasında saxlanılırdı. Onun işi üzrə araşdırmalar da bu qurumun İstintaq İdarəsində aparılıb.

61 yaşlı Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, ondan əvvəl 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri, daha öncə – 2000-2002-ci illərdə isə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Hazırda ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səlim Müslümov əlillər üçün fərdi yaşayış və internat evlərinin təmir-tikintisinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə, nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manata qədər rüşvət almaqda ittiham olunur.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub:

1. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov pr. ev 13 v, mənzil 38

2. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov prospekti 7 a, mənzil 3

3. Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi

4. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422 məhəllə, ev 53, mənzil 108

5. Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 69 və 71

6. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 51

7. Bakı şəhəri, Binəqədi rayonu, 6-ci mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri

8. Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsi, məhəllə 2942 ünvanda yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.

Ana səhifəXəbərlərSəlim Müslümov məhkəməsinin qapalı keçirilməsini istəyir