Radə Zamanova

Mənbə: Meydan TV

Başlıq: Radə Zamanova

“Şəki məhkəmələrində Azərbaycan qanunları yox, hakimlərin maraqları işləyir”

Göyçay sakini: “Torpağımı zəbt ediblər, əlimdə sənəd var, amma məhkəmə məni haqsız çıxarıb”

“Şəki inzibati iqtisad və apelyasiya məhkəmələrində Azərbaycanın qanunları yox, hakimlərin maraqları işləyir. Bunu sübut etmək üçün əlimdə kifayət qədər dəlil var. Təbii araşdırmaq istəyən olsa...”.

Göyçay sakini Radə Zamanova belə deyir. İkinci qrup əlilliyi olan xanım illər öncə Göyçayın Potu kəndindən aldığı 11 sot torpağında qanunsuz ev tikildiyini söyləyir. Evi tikən isə nə bu günün qiyməti ilə onun torpağının pulunu ödəmək istəyir, nə də torpağı qaytarmaq niyyətindədir.

Radə Zamanova isə deyir ki, illərlə Rusiya bazarlarında çalışıb. Özü də gəncliyində bədəninin müəyyən hissəsi yanıb və əlinin barmaqları qatlanmır. Bu vəziyyətdə yükləri belə özü daşıyıb və yığdığı pulla 2007-ci ildə Göyçayın Potu kəndində özünə 11 sot torpaq alıb. Burada ev tikib yaşamağı düşünüb, ancaq 1 il sonra ağır xəstəliyə düçar olub, ev tikmək işi yarımçıq qalıb:

“İllərlə yerdə yatdım, müalicə olundum, elə özümə gəlmişdim ki, gördüm 11 sot torpağımı Göyçaydan olan Vüqar Ömərov adlı bir biznesmen zəbt edib və içində özünə böyük bir imarət tikdirib. Ümumilikdə evi 50 sot torpağın içində olar. Onun 11 sotu mənim zəlil əlimlə işləyib aldığımdır”.

Çıxarış

Çıxarış

Mənbə: Meydan TV

Radə Zamanovanın əlində torpağın ona məxsus olması ilə bağlı bütün sənədləri var. Hətta torpağı alanda sadəcə alqı-satqı müqaviləsi var imiş. Sonradan Şəki İnzibati İqtisad Məhkəməsinə müraciət edib və torpağa çıxarış alıb:

“Ancaq sonradan torpağa çıxarış verən Şəki İnzibati İqtisad Məhkəməsi heç öz verdiyi sənədi də tanımadı. 6 ildir məhkəmələrdə sürünürəm. İş məhkəməyə getmədən öncə isə Vüqar Ömərovun özünə müraciət etdim. Dedim, mən pis insan deyiləm, sənə evini sökdürmək fikrim də yoxdur. Kirayədə qalıram, kasıbam. Mənə torpağın bugünkü real qiyməti ilə pulunu ödə, halal xoşun olsun, içində yaşa, mən heç nə istəmirəm. Razılaşmadı. Məhkəməyə müraciət edəndən sonra isə mənə torpaq qarşılığında pul təklif etdi. Amma qəpik-quruş. Bu dəfə də mən razılaşmadım”.

Radə Zamanova deyir ki, mülkiyyət hüququnun pozulması ilə bağlı ilk Göyçay Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun mülkiyyət hüququnu tanıyıb və Vüqar Ömərovun torpaqdan çıxması ilə bağlı qərar qəbul edib:

“Sonra məni Şəki Apelyasiya Məhkəməsinə verdilər. Məhkəmə ərazilərin üst-üstə düşdüyünə qərar verdi. Yalvardım, yaxardım, dedim, etməyin, mənim bircə torpağım var bu yer üzündə, onu da əlimdən almayın. Ancaq səsimi dinləyən olmadı. Görünür, hakimlər əziyyətlə çörək yeməyin nə demək olduğunu bilmirlər, ona görə də məni anlamadılar”.

"Məhkəməyə müraciət edəndən sonra isə mənə torpaq qarşılığında pul təklif etdi"

"Məhkəməyə müraciət edəndən sonra isə mənə torpaq qarşılığında pul təklif etdi"

Mənbə: Meydan TV

Radə Zamanova deyir ki, onu məhkəməyə verən Vüqar Ömərov olmayıb, Esmira Məlikova adlı bir xanım olub. Düşünür ki, onlar əlbirdir və aralarında anlaşıblar:

“Guya həmin torpaq mənim yox, Esmira Məlikovanın olub. O da torpağı Vüqar Ömərova satıb. Mən də başqasının torpağına haqq iddia edirəm. Belə də haqsızlıq olar? Bəs dövlətin reyestrinin çıxarışı? Ona nə deyirlər?”

Şikayətçi deyir ki, axırıncı məhkəməsi fevralın 8-də olub. İşə Şəki Apelyasiya Məhkəməsinin hakimi Elçin Hüseynov sədrlik edib:

“Xəstəyəm, hər dəfə gedə bilmirəm. Amma məhkəmədə nümayəndəm iştirak edirdi. Hazırlıq iclasındaca məhkəmə mənim mülkiyyət hüququmu ləğv edib. Halbuki hazırlıq iclasında adətən tanışlıq olur. O qədər məhkəmə qapılarında qalmışam ki, artıq əzbər bilirəm”.

Zamanovlar ailəsi 2007-ci ildə aldıqları torpağa 16.500 manat ödəyiblər. Radə Zamanova deyir ki, bu gün həmin ərazidə torpağın sotu elə 3 min dollardır. Üstəlik, illərdir məhkəmə yollarında, haqqını tapmaq üçün də kifayət qədər pul töküb. Deyir, onların hamısını ödəsinlər, başqa heç nə istəmir:

“Təəssüflər olsun ki, bu gün məhkəmələr işi ədalətli araşdırmırlar. Saxta sənədlər məhkəmələrin baş rolundadır. Amma dövlətin mənə verdiyi sənədi sayan yoxdur. Sənədim ola-ola, əziyyətlə aldığım torpağımı əlimdən aldılar. Camaatın torpağı Qarabağda, mənimki Göyçayda işğal olundu. Sonuncu dedikləri də o oldu ki, koordinatlar üst-üstə düşür. Baxın, məhkəmədə qanunları beləcə yıxıb, sürüdülər”.

Müqavilə

Müqavilə

Mənbə: Meydan TV

Radə Zamanovaya axırıncı iştirak etdiyi məhkəmədə isə deyiblər ki, kişi orada böyük ev tikib, sökməlidir?

“Deyirəm, sökməsin, ədalətli qiymət versin. Yerimdir, sökdürə bilərəm, amma istəmirəm. Heç olmasa bu günün bazar qiyməti ilə pulumu versin, mən də gedim özümə ev alım, qalmışam kirayələrdə”.

Radə Zamanova 6 ildir torpağı uğrunda mübarizə apardığını deyir. Bu müddət ərzində əsəb və stresdən əlavə xəstəliklər qazandığını söyləyir:

“Şəkər, qalxanvari vəz problemi, ürəkdə ritm pozuqluğu, nə desən var. Qorxuram, çox qorxuram ki, sabah mənə bir şey olar və uşaqlarım ortada qalar. Qızımla oğluna bir gün ağlamaq istəyirəm. Yalvardım, dedim bizə qıymayın, nolar. Ancaq eşidən də olmadı. Hanı bu dünyanın etibarı?”

Ailə rastlaşdığı problemlə bağlı indiyə qədər bir çox dövlət qurumuna müraciət edib. Daxili İşlər, Ədliyyə nazirliklərinə, Məhkəmə Hüquq Şürasına məktublar yazıb:

“Dəfələrlə qəbulda olmuşam, xahişlər etmişəm, yalvarmışam. Demişəm ki, o torpaq mənim bu çolaq əlimin haqqıdır, amma bir xeyri olmayıb. Mənim bugünkü şikayətim məhkəmələrdəndir. İşi ədalətli araşdırmayan Şəki məhkəmələrindən. Hamı haqsızlıqla üzləşə bilər. Bu, normal haldır. Amma məhkəmə ədaləti bərpa etmək üçündür. Bu gün bizdəki məhkəmələr əksinə, ədalətsiz qərarlar qəbul edir. Səbəbi də hamıya məlumdur, görünür, maraqları var”.

Şəki Apelyasiya Məhkəməsinin “Qaynar Xəttindən” Meydan TV-yə bildirilib ki, məhkəmə keçirilib, qərar qəbul edilibsə, bu barədə əlavə nəsə deyə bilməzlər:

“Vətəndaş qərardan narazıdırsa, yenidən məhkəməyə müraciət edə bilər. Ancaq biz qərarı çıxmış məhkəmə barədə əlavə şərh verə bilmərik”.

Çıxarış

Çıxarış

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nq6nxn

Ən çox baxılan