Şəhid anası: O xoş günlər bir şəkil qədər yaxın görünür, amma yuxu kimi əlçatmazdır…

İkinci Qarabağ müharibəsində həyatını itirən Şakir Orucovun doğum günüdür

Source: Meydan Tv


İkinci Qarabağ müharibəsində həyatını itirən Şakir Orucovun doğum günüdür

“24 Mart… Hər il bu gün evimizdə toy-bayram olardı. Gözümüzün ağı-qarası, bircə oğul balamızın doğum günü idi. 22 il əvvəl bu gün gəlmişdi dünyaya. Onda sevincimizin həddi-hüdudu yox idi. İndi deyirəm, nə olardı ölərdim, bu günü görməzdim”.

Beyləqanın Qəhrəmanlı kənd sakini Bakir Orucovun sözləridir. O, İkinci Qarabağ Müharibəsində oğlu Şakir Orucovu itirib.

Bu gün Şakirin doğum günüdür. Valideynləri ilk dəfə bu günü onsuz qeyd edirlər.

Anası Fatma Orucova evlərinin bir otağını oğlunun xatirəsinə ayırıb. Deyir, “həmişə təmirsiz, şəraitsiz evdə yaşayıb. Barı ölümündən sonra şəkilləri normal otaqda asılsın”.

“Ölümündən sonra oğlumun həmişə arzusunda olduğu kimi evimizi təmir etdirdik. Həmin təmirli otağın birini də elə Şakirə ayırdıq. Hər yer onun şəkilləri, əşyalarıdır. Elə bil bəy otağıdır. Biz də bununla təsəlli tapırıq, nə edək”.

Ana divarlardan asılan şəkillərə baxır. Oğlu ilə şəkillərini göstərir. Sonra fikrə dalır. Asta səslə “bütün o xoş günlər bir şəkil qədər yaxın görünür, amma yuxu kimi əlçatmazdır… Yuxumda görürəm, yalvarıram ki, oğul qayıt, gəl, qayıtmır. Əlim çatmır, eşitmir məni. Halbuki heç vaxt sözümdən çıxmazdı. Dəli olmamaq əldə deyil”.

Atası Bakir Orucov deyir ki, əsgərliyini Gədəbəydə, dağların başında, ermənilərlə üzbəüz postda çəkib. Gələndən sonra isə hərbçi olmaq istədiyini söyləyib. Ailəsi əvvəlcə qarşı çıxıb, ancaq sonradan onun istəyinin qarşısında dura bilməyiblər:

“Rabitəçi idi. Hamının hörmətini qazanmışdı. Xətrini çox istəyirdilər. Açığı heç istəmirdim hərbiyə getsin. Amma sonda sözünü yerə sala bilmədik. Övladdır, əzizdir, nə deyim, bilmirəm, yaşamaq çətindir”.

image00096.jpeg
Şəhidin qəbri

Şakir Orucov oktyabrın 2-də Füzulinin Kənd Horadizində 6 nəfərlə birlikdə həyatını itirib. Atası deyir, 6 nəfərdən biri elə komandiri olub:

“Deyirlər, pusquya düşüblər. Bir onu bilirəm ki, nəşini çıxara bilmirdilər, neytralda qalmışdı. Çətinliklə 5 gün sonra çıxardılar və oktyabrın 8-də dəfn etdik”.

Orucovlar ailəsi oğullarının ölümündən əvvəl təsərrüfatla məşğul olublar. Həm əkin-biçin, həm də heyvandarlıqla. Fatma Orucova deyir ki, oğlunun ölümündən sonra atası bir həftənin içində 30-40 heyvanın və torpaqlarının hamısını satıb:

“Soruşana da olduğu kimi dedik. Bir oğlumuz var idi, ondan ötrü çalışırdıq. Onun ölümündən sonra bizə heç nə lazım deyil. Elə həmin pulla da gətirib oğlumuzun son arzusunu yerinə yetirdik. Köhnə daxmamızı təmir etdirdik və oğlumuzun qəbrinin üstünü götürdük. Bununla da hər şey bitdi və biz mənasız, səssiz, qaranlıq həyatımıza qədəm qoyduq”.

Ata deyir ki, oğlu Gədəbəydə qulluq edəndə bir neçə dəfə yanına gedib. Yerləri çox soyuq, dağın başında, şəraitsiz imiş:

“Dedim, oğul, gəl səni aşağı düşürdüm. Tapşırım, yalvarım, nə bilim, bəlkə kömək edərlər. Dedi ki, heç adını da tutma, burdan tərpənən deyiləm. Elə bir oğul idi. Qayıdandan sonra da dedim ki, dost-tanış çoxdur. Gəl, səni mühafizəçi kimi işə düzəldim. Buna da razılaşmadı və hərbini seçdi. Elə sonu da hərbi oldu”.

Ailəsi Şakirlə ən son oktyabın 1-də danışıb. O, ana və atasını hər şeyin yaxşı olacağına inandırıb:

“Dedim, özünü qoru, oğul. Müharibədir, sənə elə-belə gəlməsin. Məni arxayın etdi ki, heç nədən narahat olma, təhlükəsiz yerdəyəm. Həmin danışığımızdan sonra yoldaşlarına deyib ki, atama təsəlli verdim, rahatam daha”, – Bakir Orucov bildirir.

22 yaşlı Şakir Orucov ölümündən sonra “Füzulinin Azad Olunması Uğrunda” və “Vətən Uğrunda” medalları ilə təltif edilib.

image00115.jpeg
Əşyaları
Anası
Fatma Orucova
image00127.jpeg
Evdən foto
image00124.jpeg
Şəhidin evindən
Ana səhifəBölgəŞəhid anası: O xoş günlər bir şəkil qədər yaxın görünür, amma yuxu kimi əlçatmazdır…