Mənbə: Meydan TV

Şəhərin mərkəzində unudulan bina

Şəhərin mərkəzində unudulan bina

Bura şəhərin mərkəzi - “Tarqovı“dır. Turistlərin ən çox axışdığı, Bakının ən baxımlı məkanının bir də görünməyən üzü var.

Tarixi 1880-ci ilə dayanan unudulmuş, uçuq-sökük bina yaşamaq üçün təhlükəli vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyi 2017-ci ildə bununla bağlı akt tərtib edib. Di gəl, 5 ailə üçün bura hələ də qoyub gedə bilmədikləri evləridir. Ancaq qəzalı vəziyyətdə olduğundan qalan sakinlər binanı tərk edib.

“Binada siçovullar, qurd-quş doludur. Yaşamaq mümkün deyil. Antisanitariyadır, milçək əlindən dayanmaq olmur. Amma məcburuq də, nə etməliyik? Hara gedək? Məcbur qalaraq belə bir vəziyyətdə yaşayırıq”, - bina sakini Fizzə Nəsirova deyir.

“Şəhərin mərkəzində - “Tarqovı“da yaşayırıq. Eldar Əzizov şəkillərə baxanda dedi ki, bura ki “Tarqovı“dır.Dedim, bəli, Eldar müəllim, “Tarqovı“dır. Həmin o “Tarqovı” ki, biz fəxr edirik, panoramasını bütün dünyaya göstəririk. Amma 23 ildir, şəhərin mərkəzindəki bina bu vəziyyətdədir”, - 30 ildir burada yaşayan Hidayət Rufullayevin sözləridir.

23 il əvvəl - 1997-ci ildə binada yanğın baş verib. Yanğın nəticəsində bina uçularaq qəzalı vəziyyətə düşüb. Xaricdən təmir olunsa da, içinə o vaxtdan əl vurulmayıb.

Hidayət Rufullayev 4 ildir qapı-qapı gəzərək Nəsimi Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, vitse-prezidentə ərizələr göndərib, binanın abadlaşdırılmasını istəyib. Ona Nəsimi Rayon İcra Hakimiyyətindən cavab gəlib ki, müvəqqəti olaraq qohum və tanışlarının evinə köçsün.

“Başım çıxmır o nə deməkdir. Mən ailəmi götürüm, hansı qohumun evinə gedib 23 il yaşayım?“, - Hidayət Rufullayev deyir.

Nəsimi Rayon İcra Hakimiyyəti sakinlərə bildirib ki, binanın sərəncamı əvvəl başqa MTK-larda olsa da, indi “Deluxe Palace” MMC burada tikinti həyata keçirəcək. “Deluxe” şirkətinin hüquqşünası Meydan TV-yə bildirib ki, köhnə binanın yerində yenisinin tikilməsi hələ gündəmdə yoxdur. Nə zaman olacağı da bəlli deyil. Sakinlərinsə 30 ildən çoxdur yaşadıqları yerdən - şəhərin mərkəzindən kənara köçmək niyyətləri yoxdur. Onlar qəzalı vəziyyətdə olan binalarının bərpa olunmasını istəyirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1z4l4m

Ən çox baxılan