Səfir: ”Xanımım rüşvət yox, Yeni il hədiyyəsi verib”

“Diplomatlarla və onların ailəsi ilə bağlı müvafiq konvensiyaya görə cinayət işi açıla bilməz”

Source:

“Diplomatlarla və onların ailəsi ilə bağlı müvafiq konvensiyaya görə cinayət işi açıla bilməz”Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov səfir olduğu ölkədə həyat yoldaşı Nəzirə Zeynalovaya cinayət işi açılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

E. Zeynalov APA-ya açıqlamasında bildirib ki, həyat yoldaşı N. Zeynalova ötən ilin sonunda sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları və lazım olan mərhələləri əla göstəricilərlə verib: “Bütün mərhələləri özü keçəndən sonra əməkdaşa 500 yox, 50 avro Yeni İl qabağı hədiyyə olaraq verib. Yəni vəsiqə müqabilində yox, sadəcə sonda, hər şeyi özü yerinə yetirəndən sonra Yeni İl hədiyyəsi kimi təqdim edib. Bu, hər yerdə, eləcə də burda adi haldır. Sadəcə o məmur görüb ki, bu, səfir xanımıdır, qorxuya düşüb nədirsə, götürüb öz idarələrinə bunu rüşvət kimi təqdim edərək məlumat verib. Onlar da buranın Xarici İşlər Nazirliyinə məlumat veriblər. Buranın XİN-i isə mənə bunu təəssüflə bildirdilər ki, “heyif ki, o məmur bunu belə anlayıb” və mənə buna görə narahat olmamağımı bildiridlər. Çünki onlar mənim fəaliyyətimi çox yaxşı bilirlər. Burada hər şey açıq-aşkar bilinir”.

Səfir qeyd edib ki, onun xanımı ilə bağlı cinayət işi açılması barədə xəbər həqiqəti əks etdirmir: “Diplomatlarla və onların ailəsi ilə bağlı müvafiq konvensiyaya görə cinayət işi açıla bilməz. İkincisi isə burada bu hala görə cinayət işi açılmır, ən azı onun açılması üçün, bu, yetərincə sübut sayılmır. Çünki xanımımın sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları özünün verdiyi rəsmən təsdiqlənmişdi, onlar tərəfindən bu, qeydə alınmışdı. Yəni pul, özü də elə az miqdarda hədiyyə şəklində verilən pul vəsiqəni almaq üçün təklif olunmayıb”.

E. Zeynalov bildirib ki, o, səfir kimi fəaliyyətində həmişə diqqətli və həssas olub: “Mən indi buranın da qanunlarını bildiyim halda heç belə addıma yol verə bilərəmmi? Ona görə də məlumatları yazarkən mənimlə əlaqə saxlamaq daha yaxşı olardı. Mən vətənimin və dövlətimin keşiyində, onun adı ilə həmişə şərəflə, qürurla xidmət etmişəm”.

Ana səhifəXəbərlərSəfir: ”Xanımım rüşvət yox, Yeni il hədiyyəsi verib”