Səfər İraqa, mesaj İrana

Roma Papasından at gedişi

Source: Meydan Tv


Roma Papasından at gedişi

Roma Papası Fansisk İraqda səfərdə olub. Onun bu ziyarətinin maraqlı məqamları təbii ki, var. Biz Vatikan liderlərinin siyasi məqsəd daşımayan, daha doğrusu, uzun vədəli siyasi məqsəd daşımayan səfərlər etmədiklərini, addımlar atmadıqlarını, nitqlər söyləmədiklərini bilirik. Bu səfər də söz yox ki, ciddi mesajları və planları həyata davamlı etmək məqsədi daşıyıb.


Sistani ilə görüş

Papanın səfərinin ən incə məqamı İraq şiələrinin lideri və şiə dünyasında ən nüfuzlu mərceyi təqlid ( şiə əqidəsinə görə hökümləri şəksiz qəbul edilən əqidə lideri, istinad məqamı) olan Sistani ilə görüşdür. Sistani mənsub olduğu dini cərəyanın elm və siyasi liderlərindən olmaqla yanaşı, həm də bölgənin siyasi həyatına ciddi təsir edən liderdir. ABŞ İraqa girən zaman və sonrasında bir çox qrup və qurumlarla danışıq aparmaq, eləcə də sülhün bərqərar olması üçün Sistaninin vasitəçilik etdiyi bildirilirdi. Hətta bir zamanlar Sistaniyə qəsd etməkdən çəkinməyən “Sədr” ailəsinin nümayəndəsi Müqtədə ƏsSədri ABŞ ordusunun ölüm cəngindən qurtan da Sistani olmuşdu. Onun hər tərəfdə etimad sahibi olması bölgə siyasətində ciddi rol oynayıb və oynamaqda davam edir. Odur ki, Sistani hazırda İraqda dini siyasi vəziyyətin ən tarazlayıcı fiqurudur. Papanın onunla görüşməsinin məqsədi İraqla münasibətlərdə yeni dövrə qədəm qoymaqdırmı? Əlbəttə, İraqa səfər edib, Sistani ilə görüşmədən getmək Xristian lider üçün uyğun olmazdı. Amma düşünürəm ki, bütün səfər məhz elə bu görüş üçün idi. Niyə?


Diplomatiyanın imkanlar pəncərəsi

Bu səfərin İraqa olması bizi ancaq Bağdad siyasətinə kökləməməlidir. Nəzərə alaq ki, İraq rəsmi şiə dövləti olan İranla qonşudur. Sistani İran dini liderləri arasında ciddi nüfuza sahib olsa da, hazırki İran dini rəhbəri ilə münasibətlərində soyuqluq var. Bunun başlıca səbəblərindən biri həm Sistaninin daha barışcıl olması, həm də mübahisəli şəriət məsələlərində Sistaninin İran məktəbinə çox da istinad etməməsidir. Yeri gəlmişkən, şiə əqidəsi üzrə dini rütbələrin verilməsinin elmi mərkəzi uzun illər Nəcəf olsa da, İran sonradan Qumda öz məktəbini yaratdı. İndi İran özünün alimlərini yetişdirməkdədir, amma məktəbin özülünün Nəcəf olması da onun lideri Sistaniyə daha çox ağırlıq verir. O zaman bu səfərdəki diplomatik məqsəd nədir? Görünür, Qərb siyasi mərkəzləri üçün bütün həssaslıqlardan istifadə metodu bu dəfə də işlədilib. Sistani ilə görüşün məqsədi Qərbi Vatikanın düşməni elan etmiş şiə dünyasına bir mesaj verməkdir. Bu mesajın ünvanı İranda yaşayan sadə əhalidir. Onlara demək istəyirlər ki, əgər biz düşməniksə, Sistani bizimlə niyə görüşür və sosial ədalət, yoxsulluq problemlərini müzakirə edir? Sonra isə ikinci ünvana mesajlar var. Əgər doğurdan da, deyildiyi kimi düşmənlik varsa, Sistani niyə bunu nəzərə almayıb? Bu təbəqə İrandakı dini ülamadır. Papanın bu səfərinin məqsədi həm də şiəliyin mərkəzi kimi Nəcəfdən hər kəsə bir mesaj verməkdir. İran dövlətinin maraqları bütün şiə dünyasını təmsil edirmi? Bu, artıq başqa sualdır və onun cavabındakı ziddiyyətlər Papanın Sistani ilə görüşüb, dünya əhalisinin əziyyət çəkdiyi problemləri onunla müzakirə etməsində ortaya çıxır. İran dini liderlərinin bu məsələdə siyasi yanaşma ortaya qoyacağı şübhəsizdir. Onlar açıq şəkildə Sistaniyə qarşı çıxa bilməzlər. Ancaq bu səfərin yaradacağı narahatlıqlar tezliklə özünü göstərəcək. Çünki hər hansı ictimai reaksiya olmasa, tərəfdarlar arasında itilənmiş “düşmənə nifrət” kütləşə bilər ki, bu da rejimin əsasları üçün təhlükə yaradar. Əks halda isə din alimlərinin mövqeyi toqquşa bilər. Belə vəziyyətdən də ziyansız çıxmaq çətin olacaq. Xumeyni yəqin ki, yenə belə deyərdi: Şeytani bozrg.

Ana səhifəXəbərlərSəfər İraqa, mesaj İrana