Tibbi ekspert: Jalə Bayramovada xəsarət yoxdur

Ata deyir ki, qızı iki gün əvvəl isə Daxili İşlər Nazirliyinin (DİN) İctimai Asayişin Mühafizəsi İdarəsinə dəvət olunub.

Source: Foto: sosial şəbəkə


Qubad İbadoğlu: “Böyük bir vəhşiliyin üstünü örtmək istəyirlər”

“Qızımın döyülməsi ilə bağlı açılan işi bağlamağa çalışırlar. Hadisədən 12 gün keçib. Lənkəran ekspertizasının verdiyi rəy Jaləni qane etmədiyi üçün o, Bakıda, “City Hospital”da yenidən müayinədən keçmişdi. Hüquq-mühafizə orqanları həmin ekspertizanın nəticələrini ləğv etdirdi. İndi də deyirlər, “nəticələrdən narazısansa, get, yenidən keç müayinədən”. Hər şey planlı və məqsədli şəkildə bu işin bağlanmasına, daha bir cinayətin ört-basdır edilməsinə yönəlib”.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu belə deyir.

Qubad İbadoğlunun qızı Jalə Bayramova fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsinin Lənkəran rayonu Şürük kənd mədəniyyət evində yerləşən 16 saylı məntəqəsində məşvərətçi, səshüquqlu şəxs olub. Həmin gün məntəqədə gördüyü qanun pozuntularını lentə alan Jalə Bayramova Azadə Kərimova adlı bir nəfərin hücumuna məruz qalıb. Məntəqədən zor tətbiq edilməklə uzaqlaşdırılıb.

Hadisənin video-görüntüsü də var. Azadə Kərimova Jalə Bayramovaya yaxınlaşıb soruşur: “Sən nə haqla məni çəkirsən?” Sonra telefonunu almağa çalışır. Telefonu verməyən Jalə Bayramovanı yerə yıxıb, sürüyür.

Jalə Bayramova açıqlamasında deyir ki, qadın onun saçından tutub sürüyüb, üzünü cırmaqlayıb. Əlindən güclə qurtulub.

Bir gün sonra Jalə Bayramova həkim müayinəsindən keçib. Boğulmadan onun bədənində bəzi xəsarətlər qalıb. Başında şişlər əmələ gəlib, ağrıları isə bu günədək davam edir.

Jalə Bayramova fevralın 9-da başına gələnlərlə əlaqədar zərərçəkən qismində yerli polis şöbəsinə müraciət edib.

Qubad İbadoğlu deyir ki, qızı fevralın 19-da əmisi ilə bərabər Lənkəranda olub. Təhqiqatçı Ayxan Ağalı ilə görüşüb. Məlum olub ki, ona hadisə baş verən günü “Bura niyə gəlmisən? Sənin burada nə işin vardı ki, başına belə oyun gəlsin” – deyən, keçmiş tibbi ekspert heç bir xəsarətin olmadığına rəy verib:

“Təhqiqatçı da təklif edib ki, əgər narazılığınız varsa, gedin “Semaşko” (red: 1 saylı Kliniki Tibbi Mərkəz) Xəstəxanasından təkrar tibbi ekspertizadan keçin. “Əks təqdirdə, bu günlərdə sənədləri prokurorluğa göndərəcəyik. Onlar qərar verəcək – cinayət işi açılsın, yoxsa yox. Onu da deyim ki, böyük ehtimalla prokurorluq işi bağlayacaq”, – deyib”.

Qubad İbadoğlu deyir ki, bu, məmurların ağzından düşməyən “hüquqi dövlət” – anlayışı ilə uzlaşmır:

“Bu, rəzalətdir və o videoya baxanların hamısını riqqətə gətirib, hiddətləndirib. Hətta bəzilərinin oradakı şiddəti görəndən sonra təzyiqi, şəkəri qalxıb. Jalənin anası və nənəsi hələ də şokdadır. Onu da deyim ki, təqdim olunan videolarda döyülmə prosesinin bir hissəsi əks olunub. Baxın, belə bir vəhşiliyin üstünü örtmək istəyirlər”.

Qubad İbadoğlu deyir ki, qanunun ayaq altına salınıb, tapdalandığı ölkənin hüquq-mühafizə orqanlarından gözləntiləri bundan artıq olmayıb:

“İşi bağlamaq üçün özəl klinikaya təzyiq göstərən hüquq-mühafizə orqanları ilə üz-üzəyik. Qızım Bakıya qayıdandan sonra “City Hospital”da tibbi müayinədən keçmişdi. Adı xəsarət kitabçasında qeyd olunmuş, ona ambulator xəstəlik tarixçəsi açılmışdı. Ertəsi gün baş həkim “yuxarılar”ın təzyiqi ilə Jalə haqqında bütün tibbi qeydlərin ləğvi göstərişini verib. Jaləyə “sənə görə az qalmışdı ki, klinika bağlansın. Bir də bura gəlmə”, – deyib. Məcburiyyətdən onun müalicəsini evdə davam etdirdik”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Ata deyir ki, qızı iki gün əvvəl isə Daxili İşlər Nazirliyinin (DİN) İctimai Asayişin Mühafizəsi İdarəsinə dəvət olunub. Ora Vəkil Fariz Namazlı ilə bərabər gedib:

“Hamlet müəllimlə görüşüb. Ona deyiblər ki, Lənkərana gedib, tibb-ekspertizanın nəticəsi ilə tanış ola bilər. Jalə deyib ki, tibbi ekspertdən narazıdır. Bakıda da imkan verməyiblər təkrar müayinədən keçməsinə. Sonradan məlum olub ki, “City Hospital”a yenidən göstəriş gedib ki, heç bir xəsarət olmayan arayış yazıb, Lənkərana göndərsinlər. Onlar da bunu ediblər”.

Qubad İbadoğlu deyir ki, Jalənin və ailəsinin, cəmiyyətin aldığı psixoloji zədələr uzun müddət sağalmayacaq. Bu işi aparanların, ona rəy verənlərin isə nəinki qanuna və layiq olmadığı həkim adına hörməti, hətta insan kimi vicdanı belə qalmayıb: “Olsaydı, ən azından ağrıyardı”.

“City Hospital”dan Meydan TV-yə xəstələrlə bağlı məlumat verə bilməyəcəklərini deyiblər: “Bu barədə yalnız xəstənin özünə, yaxınlarına məlumat verə bilərik. Mediaya açıqlama vermək səlahiyyətimiz yoxdur”.

Hüquqşünas Fariz Namazlı deyir ki, bu işdə əsas məsələ yetirilən xəsarətin ağırlıq dərəcəsini müəyyən etməkdir. Xəsarət yetirən şəxs barəsində hansı ölçünün götürülməsi də məhz xəsarətin ağırlıq dərəcəsindən asılıdır.

Qubad İbadoğlu isə deyir ki, elə buna görə də işi bağlamaq üçün tibbi ekspertlər rəylərində “ağır xəsarət yoxdur” – yazıb, xəstəxanalara rəylərini dəyişdirməyi əmr ediblər.

Ana səhifəSiyasətTibbi ekspert: Jalə Bayramovada xəsarət yoxdur