Savaş, yarış və… şəhid qurbanı

Bu gün Ermənistana görə yaxasını cıran ölkələrin qarasınca deyinmək əvəzinə görəvlilər vaxtında Azərbaycan üçün namusla işləməli, büdcə pulunu şəxsi məqsədlərdən ötrü xərcləməməliydi.

Mənbə: Meydan TV


Yaxud “qalib”lə şərtlə danışan “məğlub” ölkə

Qarabağ yenə müzakirə mövzusuna çevrilib. Dünyanın hər yerindən yenə Ermənistana dəstək bəyanatları eşidilir. Azərbaycan torpaqlarının 30 il Ermənistanın işğalında qalmasına susan ölkələr haray çəkir, Ermənistanın ərazi bütövlüyünün təhlükə altına düşəcəyindən narahatlıqlarını bildirirlər. Niyə? Nədən yaranıb bu narahatlıq, Azərbaycana qarşı qəzəbə səbəb nədir? Suçlu yenə erməni dəyirmanına su tökənlərdirmi, yoxsa ermənilərə lobbiçilik edənlərdir? Harda axtaraq günahkarları, yenəmi müxalifətçi ovuna çıxaq?

Suallar çoxdur, ancaq bu sualların cavabının bir ünvanı var: Azərbaycan hakimiyyəti. 30 illik işğal dövründə hansı məqsədyönlü iş aparılıb, torpaqların işğalda qalmasıyla bağlı ardıcıl mübarizə olubmu? Azərbaycanın müxtəlif ölkələrdəki səfirlikləri nə işlər görüb, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xərclədikləri büdcə pullarının hansı faydası olub?

Xarici İşlər Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, “Digər beynəlxalq fəaliyyət”ə, üstəlik, QHT-lərə Dövlət Dəstəyi Şurasına “Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq” adıyla ayrılan pullar hara və necə xərclənib? Xarici işlər nazirinin, səfirlərin, konsulların, diaspor komitəsi sədrinin, QHT Şurasının adı yeyintilərdə, xaricdə əmlak almaqda hallanıb. Səfirlər Qarabağ həqiqətlərini çatdırmaq əvəzinə daha çox hakim ailənin təbliğatıyla məşğul olub, Heydər Əliyevin heykəllərinin qoyulması, Heydər Əliyev adına park və xiyabanların salınması, eyni zamanda öz ailələrinin, yaxınlarının qayğısı, çaxır alveri, ümumiyyətlə, alver və s. xaricdəki fəaliyyətdə prioritet istiqamət sayılıb. Avropa Şurasında əsas işimiz müxtəlif ölkələrdən olan diplomatları bahalı hədiyyələr və kürüylə ələ almaq olub. Bu gün Ermənistana görə yaxasını cıran ölkələrin qarasınca deyinmək əvəzinə görəvlilər vaxtında Azərbaycan üçün namusla işləməli, büdcə pulunu şəxsi məqsədlərdən ötrü xərcləməməliydi.

Hər il səfirliklər və konsulluqlara, Xarici İşlər Nazirliyinə, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan milyonların necə və hara xərclənməsinin hesabını sorğulayan dövlət qurumu varmı? Formal qurum olan Hesablama Palatasını misal gətirməyək…

Azərbaycan həqiqətlərinin çatdırılması, ölkənin imici, diaspor fəaliyyəti üçün sorumlu olan qurumlara büdcədən son 10 ildə ayrılan vəsaitlərə birlikdə baxmaqda fayda olduğunu düşünürəm.


2010-cu ildə bu üç quruma ümumilikdə 60 milyon 671 min 527 manat olub.


2011-ci il – 61 milyon 576 min 074 manat.


2012-ci il – 64 milyon 398 min 206 manat.


2013-cü il – 72 milyon 659 min 583 manat.


2014-cü il – 70 milyon 331 min 157 manat.


2015-ci il – 73 milyon 149 min 657 manat.


2016-cı il – 119 milyon 740 min 371 manat.


2017-ci il – 117 milyon 672 min 034 manat.


2018-ci il – 123 milyon 395 min 701 manat.


2019-cu il – 128 milyon 065 min 591 manat.


2020-ci il – 158 milyon 295 min 118 manat.


2021-ci il – 166 milyon 040 min 877 manat.

Ancaq bunlar son deyil, beynəlxalq tədbirlərin təşkili üçün də büdcə vəsaiti ayrılır, eyni zamanda büdcə zərfində “digər beynəlxalq fəaliyyət” bölməsi də var. Məsələn, bu fəaliyyət üçün 2014-cü ildə 127 milyon manat vəsait ayrılıb. Müxtəlif adlarla büdcədə hər il belə vəsaitlər xərclənir. Hara, kimə, hansı məqsədlə?!.

Milyonlar xərclənən bir sahədə uğur qazanmamağımızın günahkarı kimdir, suç keçisini harda axtaraq?

Müharibənin bitməsindən 7 aya yaxın vaxt keçir. Hər gün şəhid ailələrinin, qazilərin şikayətlərini eşidirik, oxuyuruq, izləyirik. Ölkə AzTV-ləri prezidentlə birgə yarımçıq qələbənin eyforiyasını yaşayır. Yaraları qaysaq bağlamayan ölkədə çal-çağırdır, Avroviziya yarışmasına o qədər tələsik gediblər ki, paltar geyməyi də unudublar. Yaralıları hələ qospitallarda yatan, qazilərinin bir hissəsi evində müalicə alan ölkədə Formula – 1 yarışı keçirilir.

İlham Əliyev heç kimə, xalqa belə hesabat vermək fikrində və niyyətində olmadığını hər gün sərgiləyir. Qarabağda və ətrafında baş verənlərlə bağlı informasiyaları ya Rusiyadan, ya da Ermənistandan alırıq. Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan belə bir açıqlama verib:

"Azərbaycan razılaşdığımıza əməl etsə və barəsində danışdığımız şərtləri yerinə yetirsə, bəli, mən o sənədi imzalayaram"

. Məğlub ölkənin o şərtləri nədir, Azərbaycanla hansı danışıqlar aparılıb? Azərbaycan xalqının bundan xəbəri yoxdur, çünki ölkə başçısı o xalq qarşısında özünü sorumlu saymır, əvəzində Ermənistan ordusunun məhv edilməsindən, kapitulyasiyadan danışır. “Kapitulyasiya” olunan ermənilər müharibə bitən kimi Qarabağa qayıtdılar, indi bizimlə şərtlə danışırlar. Evləri salamat olan şuşalılarsa hələ də Bakıda, Şəkidə, Ağcabədidə… 7 aydır işğaldan azad edilən torpağını görmədən nisgilli ölür, eləcə də yurdu azad edilən zəngilanlı, cəbrayıllı, ağdamlı, laçınlı, kəlbəcərli…


Şəhid qurbanı

Ötən il sentyabrın 28-də, II Qarabağ savaşının 2-ci günündə Murov istiqamətində itkin düşən Təbriz İbrahimovun nəşi tapılaraq mayın 20-də II Fəxri Xiyabanda dəfn edilib. Salyanın Çadırlı kəndi şəhidini mayın 19-da qarşılayıb və onun nəşinin tapılmasına, ailəsinin gözünün yoldan yığılmasına görə qurban kəsib…

Bu millətin əti şirindən-şirin…

Yeyin, yeyə bildikcə…

Ana səhifəXəbərlərSavaş, yarış və… şəhid qurbanı