Prezidentin digər sərəncamı ilə o, Baş nazirin müavini təyin olunub
Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Samir Şərifov Baş nazirin müavini təyin olunub.
Samir Şərifov 1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində, həm Bakıda, həm də xaricdə – Yəmən Xalq Demokratik Respublikasında iqtisadçı kimi çalışıb. 1991–1995-ci illər arasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri və idarə rəisinin müavini vəzifələrində fəaliyyət göstərib. 1995–2001-ci illərdə Azərbaycan Respublikasının Milli Bankında departament direktoru və baş direktor vəzifələrində işləyib.
2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru, eyni zamanda 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri kimi fəaliyyət göstərib.
2006-cı ildən maliyyə naziri vəzifəsini tuturdu.