Salyana Çevik Polis Alayının qüvvələri gətirilib (yenilənib)

Polislərin yerləşdiyi Qarabağlı kəndi 60 saylı Salyan-Neftçala Seçki Dairəsinin ərazisinə düşür.

Source: Meydan TV

***


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Meydan TV-yə Salyan rayonuna Çevik Polis Alayı qüvvələrinin yerləşdirilməsi xəbərini təsdiqləyib.


Mətbuat xidmətinin rəhbəri deyib ki, DİN bir neçə gün əvvəl bu barədə məlumat yayıb. Bildirilib ki, seçki ilə əlaqədar fevralın 8-dən 11-nə qədər ictimai asayişin, təhlükəsizliyin daha etibarlı qorunması məqsədilə nazir əmr imzalayıb. DİN gücləndirilmiş iş rejiminə keçib, post-patrul naryadının sayı artırılıb.

***


Polislər Olimpiya Kompleksində və Qarabağlı kəndində yerləşdirilib

Salyan rayonuna Çevik Polis Alayının qüvvələri gətirilib. Onların fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı gətirildiyi bildirilir.

Bu barədə Meydan TV-yə məlumat verən yerli sakinlərin sözlərinə görə, polislər rayonun mərkəzindəki Olimpiya Kompleksində və Qarabağlı kəndindəki uşaq başçasında yerləşdirilib.

Yerli ictimai fəallar isə Meydan TV-yə deyib ki, Çevik Polis Alayının 10-a yaxın maşını nümayişkəranə şəkildə rayon mərkəzindən keçib.

Polislərin yerləşdiyi Qarabağlı kəndi 60 saylı Salyan-Neftçala Seçki Dairəsinin ərazisinə düşür. Bu dairədə 10 namizəd yarışır, onlardan 8-i bitərəfdir.

Həftənin əvvəlində 60 saylı Salyan-Neftçala Seçki Dairəsinin iki namizədi – Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və "CARÇIOĞLU GROUP" MMC-nin direktor müşaviri Kamil Musavi arasında qarşıdırma yaranmış, ikincinin tərəfdarları birincini ərazidən qovmuşdular. Bu olay media və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətSalyana Çevik Polis Alayının qüvvələri gətirilib (yenilənib)