Şahin Cəfərli: Ola bilər, Rusiya Azərbaycana fürsət pəncərəsi açıb

“Azərbaycan ordusu ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi əməliyyat aparır”

Foto: Şahin Cəfərlinin şəxsi arxivi


“Azərbaycan ordusu ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi əməliyyat aparır”

Siyasi şərhçi Şahin Cəfərli Dağlıq Qarabağ ətrafında 3 gündür davam edən hərbi əməliyyatlara beynəlxalq reaksiyaları qənaətbəxş hesab edir.

Bu barədə Şahin Cəfərli “Facebook” səhifəsində yazıb.

Ekspert Rusiyanın reaksiyasını “hələ ki təmkinli davranır” kimi təsvir edib: “Rusiyanın Ermənistana və ya oradakı hərbi bazasına hərbi texnika göndərməsi rutin prosesdir, bu, o qədər də önəmli deyil”.

Şahin Cəfərli Moskvanın təmkinli davranmasını bir sıra ehtimallarla əlaqələndirib: “Ola bilər ki, Azərbaycan və Rusiya arasında (yaxud Azərbaycan – Türkiyə – Rusiya üçbucağında) hansısa anlaşma, ya da ən azından bu mərhələ üçün qarşılıqlı anlayış əldə edilib. Bu səbəblə, Rusiya Azərbaycana fürsət pəncərəsi açıb və onun hərbi aktivliyinə muəyyən müddət göz yumacaq. Bu ehtimal doğrudursa, onda Rusiyanın Azərbaycandan nə alacağı da önəmlidir. Ümid edirəm, Avrasiya İttifaqına üzvlük, Rusiya sülhməramlılarının münaqişə tam həll olunmadan bölgədə yerləşdirilməsi kimi qərarlar olmayacaq. Rusiya sülhməramlı kontingentinin yalnız beynəlxalq missiyanın tərkibində, neytral Avropa ölkəsi zabitinin komandanlığı altında ölkəmizə gəlişinə razılıq vermək olar. Amma bundan öncə Azərbaycanın bütün işğal edilmiş ərazilər, o cümlədən Dağlıq Qarabağ üzərində suverenliyini təmin edəcək sülh müqaviləsi imzalanmalıdır”.

O, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yeni səviyyəyə yüksəlməsini mümkün variantlardan biri sayır: “Azərbaycanda Türkiyənin hərbi mövcudiyyəti güman ki, Rusiyaya çəkindirici təsir göstərərək onun öz siyasətinə korrektələr etməsinə səbəb olub. Moskva burada Türkiyənin daimi hərbi mövcudiyyətində maraqlı deyil və ola bilsin, yuxarıda bəhs etdiyim razılaşmanın (əgər varsa) mahiyyəti budur ki, Rusiya Azərbaycanın hərbi əməliyyatlarına müəyyən zaman aralığında göz yumur, vaxt bitdikdən sonra isə türkiyəlilər buradan çıxır. Bu da istisna deyil ki, ortada hər hansı anlaşma filan yoxdur və Kreml erməni xalqını inqilab törətdiyinə peşman etmək, yəni Rusiyaya qarşı nankorluğuna görə onu cəzalandırmaq üçün Azərbaycan və Türkiyənin aktivliyinə bir müddət dözümlü yanaşacaq. Ermənilər öz səhvlərini anladıqdan və onu Azərbaycan və Türkiyənin əlindən yalnız Rusiyanın qurtara biləcəyini başa düşdükdən, bir növ, Moskvanın ayağına qapandıqdan sonra Kreml siyasi səviyyədə lazımi müdaxilələri edib, Azərbaycanı dayandıracaq”.

Şahin Cəfərli Qərbdən və dünyadan gələn reaksiyaları isə normal hesab edir: “Hazırkı situasiyada onların tərəfləri atəşkəsə çağırması adekvat reaksiyadır. "Bir-birinizi qırın" deyəsi deyillər. Azərbaycan ordusu ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi əməliyyat aparır və bu, tamamilə legitimdir. Qərbdə bunu anlayırlar. Vasitəçilər ABŞ və Fransa münaqişənin həllinin məhz Ermənistanın güzəştsiz mövqeyi səbəbindən bu qədər uzandığını çox yaxşı bilirlər. Yadınızdadırsa, ABŞ-ın Ermənistandakı bundan əvvəlki səfiri heyrətlə söyləmişdi ki, ermənilər nəinki Dağlıq Qarabağ məsələsində, hətta ətraf rayonlarla bağlı da kompromisə hazır deyillər. Bu üzdən, əgər Azərbaycanın hərbi təzyiqi (təbii ki, Qərb bu təzyiqin qısamüddətli olmasını istəyərdi) nəticəsində erməni tərəfi yola gələcəksə, bu, Qərbin maraqlarına zidd olmayacaq”.

Siyasi icmalçı Azərbaycan rəhbərliyinin diölomatiyasını uğurlu sayıb: “Sərt gücün işə düşməsinə məhz bu diplomatiya yol açıb. Ən azı, hazırkı mərhələdə görünən budur, sonrasını müşahidə edib, müvafiq qiymət verərik”.

Ana səhifəXəbərlərŞahin Cəfərli: Ola bilər, Rusiya Azərbaycana fürsət pəncərəsi açıb