Sahibkar: Avtobuslarda dezinfeksiya işləri üçün pul tələb olunur

Röyal Rəhimovun deməsinə görə, pul vermədiyi üçün 1 həftədir ki, avtobuslar dezinfeklsiya olunmur

Source:


Röyal Rəhimovun deməsinə görə, pul vermədiyi üçün 1 həftədir ki, avtobuslar dezinfeklsiya olunmur

“Bir həftədir ki, Mingəçevirdə əhaliyə xidmət göstərən ictimai nəqliyyatda – avtobuslarda dezinfeksiya işləri aparılmır. Səbəb Mingəçevir Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Tahir Sadıqovun dezinfeksiya işlərinə görə sahibkarlardan pul istəməsidir. Adam rəsmən insanların həyatı ilə oynayır”.

Bunu Meydan TV-yə Mingəçevir şəhərində 7 və 8 saylı marşrut xətləri üzrə hərəkət edən avtobusların sahibi Röyal Rəhimov deyir. Onun sözlərinə görə, sonuncu dəfə dezinfeksiya işləri martın 13-də görülüb.


“Pula görə insanların həyatını təhlükəyə atıb”

Röyal Rəhimovun sözlərinə görə, 7 saylı marşrut xətti üzrə hərəkət edən kiçik tutumlu və 8 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobuslarında dezinfeksiya işlərinin aparılmamasına səbəb bu işlərə görə ondan tələb olunan gündəlik pulu verməməsidir:

“Əvvəllər bu işə görə sahibkarlardan gündəlik 3, sonra 5 manat yığılırdı. Ancaq bu yaxınlarda koronavirusla əlaqədar Prezident tapşırıq verdi ki, bu işlər dövlət hesabına görülsün, buna görə büdcədən pul da ayrıldı. Tahir Sadıqov isə Prezidentin tapşırığını saymır, öz maddi mənafelərinə görə əhalinin həyatı ilə oynayır. İnsanları təhlükəyə atıb, deyir, sahibkar gətirib hər avtobusa görə gündəlik 26 manat pul verməsə, heç bir avtobusda dezinfeksiya işləri aparılmayacaq. Mingəçevirin hər gün, hər saat ictimai nəqliyyatdan istifadə edən minlərlə sakininin həyatı Tahir Sadıqova görə təhlükə ilə üz-üzə qalıb”.


84 avtobusun hər birinə görə gündəlik 26 manat?

Röyal Rəhimovun deməsinə görə, 7 saylı maşrut xəttində 48 ədəd kiçiktutumlu, 8 saylı marşrut xətti üzrə 36 ədəd iritutumlu avtobus var. Ümumilikdə 84 avtobusun hər birinə görə sahibkardan 26 manat istənilir. Əks halda dezinfeksiya işlərinin görülməyəcəyi bildirilir:

“Məsələ burasındadır ki, əvvəllər bizdən alınan 3, sonralar 5 manata görə qəbz verilmirdi. Bu pullar bizdən alınır və qəbz verilmir. Bir kağız parçası verilir, orda da eləcə qeyd olunub ki, filan tarixdə filan avtobusda koronavirusa görə dezinfeksiya işi görülüb, vəssalam. Baxın, bu gün ayın 19-dur, bu gün də müraciət etdim, dezinfeksiya işləri aparılmadı. Ya bu baş həkim vəziyyətin nə qədər ciddi olduğundan xəbərsizdir, ya da adamların taleyini qəsdən təhlükəyə atır. Xahiş edirik, səsimiz Prezidentə və aidiyyəti qurumlara çatdırılsın, təcili və təxirəsalınmaz tədbirlər görülsün, yoxsa tezliklə Mingəçevirdə hamı koronavirusa yoluxacaq, sonra gec olacaq və qarşısınıa almaq mümkün olmayacaq”.

Mingəçevir Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Tahir Sadıqov Meydan TV-yə deyib ki, qurum təsərrüfat hesablı olduğundan sahibkarların pul ödəməsi vacibdir:

“Sahibkarlarla müqavilə bağlayırıq, müqavilə əsasında keçən pullarla işçilərə maaş veririk, dərman alırıq. İdarənin digər problemlərini o pulların hesabına həll edirik. Bir avtobusda neçə kvadrat yer dərmanlanırsa, sahibkara ona uyğun qiymət deyilir. Sahibkara bunlar başa salınıb, hər gün pul qazanır, indi bu koronavirusun tüğyan etdiyi bir vaxtda dezinfeklsiya işləri aparmaqdansa, durub gedib ora-bura şikayət edir”.

Ancaq Tahir Sadıqov onu da bildirib ki, müqavilə sahibkarlarla fərdi qaydaya yox, departamentlə bağlanır.

Sənəd
Sənəd
Ana səhifəBölgəSahibkar: Avtobuslarda dezinfeksiya işləri üçün pul tələb olunur