Mənbə: google

Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək

Adına maaş yazılan 27 nəfər bu iş üzrə zərərçəkmiş qismində tanınıb

Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun adı hallanan yarım milyonluq mənimsəmə işi ilə bağlı məhkəmə istintaqı davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işini araşdıran hakimlər kollegiyası sabiq nazirin özünü də dindirmək qərarı verib. Çünki təqsirləndirilən şəxs kimi mühakimə olunan keçmiş baş mühasib İlqar Hacıyev adı olub, özü olmayan işçilərin adlarına maaş yazılması və kartlardan çıxarılması məsələsindən nazirin də xəbərdar olduğunu iddia edir.

İ.Hacıyev təqsirləndirilən şəxs kimi, məhkəmə qarşısında tək deyil. Nazirliyin Milli Hidrometeorologiya Departamentinin keçmiş rəhbəri Əkbər Həsənov və bu departamentin əməkdaşları Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev də onunla birlikdə mühakimə olunur. Amma İ.Hacıyevdən fərqli olaraq, onlar həbsdə deyil. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Əslində, işçi olmayan şəxslərin adına maaş kartlarından 451 min manat çıxarılıb mənimsənildiyi iddia olunur.

Adına maaş yazılan 27 nəfər bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Onlar məhkəmədə dindirilirlər. Onlar ifadələrində ziyan çəkmədiklərini, özlərini zərərçəkmiş hesab etmədiklərini deyiblər.

İ.Hacıyev məhkəmədə bildirib ki, zərərçəkmiş qismində tanınan şəxslərin və şahidlərin çoxunu tanımır. Amma qərəzli şəkildə istintaqda həmin şəxslərdən onun əleyhinə ifadələr alınıb.

Şahid Cəmilə Muxtarova da məhkəmədə dindirilərkən təqsirləndirilən şəxsləri tanımadığını söyləyib: “Məni Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırdılar. Dedilər ki, adına pul köçürülüb. Heç bir yerdə də işləməmişəm. Adıma pul köçürülüməsindən xəbərim olmayıb. Heç kimdən də pul almamışam”.

Təqsirləndirilən şəxslərdən Orxan Qasımovun tələbə yoldaşı Əli Bağırov da məhkəmədə şahid qismində didirilib. O bildirib ki, Milli Hidrometeorologiya Departamentində təcrübə keçib. Onun istintaqdakı ifadəsində yazılıb ki, adına ayrılan pul mənimsənilib. Məhkəmədə isə bildirib ki, belə ifadə verməyib, müstəntiq özü yazıb.

Təqsirləndirilən Orxan Qasımovun vəkili müstəntiq barədə tədbir görülməsini istəyib.

İ.Hacıyev də onu dəstəkləyib: “Pulu kartlardan kimin çıxarması ilə bağlı dəqiq məlumat var. Bunu bankomatlardan pulun çıxarılması vaxtı və kamera görüntüləri ilə sübut etmək olar”.

Təqsirləndirilən İ.Hacıyevin vəkili Ramil Məmmədzadə müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, dəymiş zərər tam ödənildiyi üçün müdafiə etdiyi şəxs azadlığa buraxıla bilər.

Hakim isə deyib ki, təqsirləndirilən şəxs zərəri ödədiyi üçün ev dustaqlığına buraxıla bilməz.

Vəkil xatırladıb ki, hələ məhkəmənin hazırlıq iclasında onun ev dustaqlığına buraxılmamasına əsas kimi, ziyanın tam ödənilməməsini göstərmişdi. Bu cinayət işinin ictimaiyyətin diqqət mərkəzində olduğunu, keçmiş nazirin adının hallandığını deyən vəkil vurğulayıb ki, 5 nəfər təqsirləndirilən şəxsdən yalnız İ.Hacıyevin həbsdə saxlanması maraqlıdır: “Niyə ancaq o, həbsdə olmalıdır? Niyə departamentin rəhbəri olmuş Əkbər Həsənov ev dustaqlığında ola bilər, məhkəməyə evdən gəlib-gedə bilər, İlqar Hacıyev yox?”

Hakim məhkəmənin hazırlıq iclasında ziyanın ödənilməsilə bağlı belə fikir səsləndirmədiyini desə də, vəkil razılaşmayıb. Müdafiəçi bildirib ki, həmin iclasın videogörüntüləri, səs yazıları ortaya qoyularsa, dediyinin həqiqət olduğu sübuta yetirilər.

“Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 155-ci maddəsinə istinad edərək, ev dustaqlığıyla bağlı vəsatətimizi təmin etmir. Amma həmin maddədəki əsasların heç biri İlqar Hacıyevə şamil olunmur. Məsələn, İlqar Hacıyev istintaqdan qaçıb gizlənə bilməz, şahid və zərərçəkənlərə təzyiq etmək imkanı yoxdur. Çünki şahidlər elə məhkəmədə onun xeyrinə ifadə verir. Həmçinin İlqar Hacıyevin istintaqın gedişatına təzyiq göstərmək imkanı da yoxdur. Məhkəmə ancaq qərəzli ola bilər ki, ev dustaqlığına buraxılma ilə bağlı vəsatəti təmin etməsin”, - deyə vəkil bildirib.

Bu iş üzrə məhkəmə prosesi davam edir.

İ.Hacıyev məhkəmədə bildirib ki, hər ay həmin maaş kartlarının hesabına Milli Hidrometeorologiya Departamenti nazirə 10 min manat pul verirdi. Onun sözlərinə görə. H.Bağırov nazir vəzifəsindən çıxarılmamışdan az əvvəl – 2018-ci ilin fevralında Əkbər Həsənovu çağırıb, 265 min manat pul istəyib. O da gəlib baş mühasibə deyib ki, bu pul tapılıb verilməlidir: “2 faizlə sələm götürüb verdik. Bir neçə ay sonra naziri çıxardılar, o pul bizim boynumuzda qaldı. Əkbər Həsənovun göstərişilə saxta maaş kartlarının sayı artırıldı, çıxarılan pul da ora getdi. Bu işlərin üstü açılandan sonra Əkbər Həsənovla Qərb Universitetinə Hüseynqulu Bağırovun qəbuluna getdik. Bizi qəbul etmədi. Köməkçisinə dedik ki, pulu ödəməsə, məsələni ictimailəşdirəcəyik. Bundan sonra vəkili vasitəsilə 300 min manatı verdi. Əkbər Həsənovun ziyandan ödədiyi 300 min həmin puldur".

Qalan 151 min manatı da bir müddət əvvəl İ.Hacıyevin qohumları ödəyib.

Sabiq nazir isə köməkçisi vasitəsilə açıqlama yayaraq, ünvanına səslənən bu ittihamların əsassız olduğunu, heç kimdən pul almadığını bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/oym681

Ən çox baxılan