“Aynura görə güllələnməyə də getmək olar”
Meydan TV ilə əməkdaşlıqda günahlandırılaraq, qaçaqmalçılıq ittihamı ilə həbs olunmuş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Ağa) həbs olunduğu an başına gələnləri yazıb.
(Birinci hissə aşağıda- red.)
“Soruşdular ki, evdə kim var? Qızımla qardaşımın evdə olduqlarını, onların da, çox güman yatdıqlarını dedim. Binanın mühafizəçisini çağırıb həyət qapısını açdırdılar, liftlə 15-ci mərtəbəyə qalxdıq. Qolumdakı qandalın üstünə kiminsə gödəkçəsini atdılar ki, qonşular görməsin. Bizim qapıya yaxınlaşıb “qlozok”u tutdular və astaca qapını döydülər. Məqsəd evə qəfil girmək idi. Qardaşım yuxudan oyandı və kim olduqlarını soruşdu. Talışca: “Şahid, məni tutublar, polisləyəm, qapını aç və çalış uşaq qorxmasın”, – dedim. Bu zaman həmin yekəpər əməliyyatçı ağzımı tutdu və mədəmin üstündən yumruqla vurdu, ağrını ürəyimdə hiss etdim, qoluma girənlər çökməyə qoymadılar.
Qapı açılan kimi quzğun kimi içəri doluşdular və ilk modemi kəsib götürdülər. Sonra yataq otağımıza girib, şkafları axtarmağa başladılar, bütün kağız-kuğuzu, pal-paltarı açıb-tökdülər. Mənə, yoldaşıma aid kompüterləri, elektron cihazları, telefonları, planşetimi, qardaşımın telefonunu götürdülər. 7-8 polis, müstəntiq və iki hal şahidi ayaqqabı ilə evimin içində var-gəl edirdilər. Hər yerə baxırdılar, çantaları, çamadanları açıb, içini tökürdülər. Sonra əməliyyatçılardan biri qardaşıma aid sənədləri istədi.
Selcan isə otağında yatırdı. O, mənim kimi ağır yatandı, həm də son aylar imtahanlara hazırlaşır deyə çox gərgin çalışır. Yuxusuz qaldığı üçün yatanda çox ağır yatır. Bəlkə də, oyanmışdı, pis bir şeyin baş verdiyini təxmin edib qorxusundan otağından çıxmırdı. Ona bir neçə gün öncə Cavidin və Müşfiqin necə aparıldıqlarını danışmışdım. Bu, həm də pis günə hazırlıq üçün psixoloji test idi.
Qardaşım ortada qalmışdı, gah qaçıb mənə su və dərman verir, gah da təzyiqimi ölçürdü.
Əməliyyatçılardan biri qardaşımdan qızımın telefonunu və kompüterini gətirməyini istədi. Əks halda özləri otağa girəcəklərini dedilər. Kompüterin yalnız dərs üçün istifadə edildiyini, mənə aid olmadığını dedim. İsrarla tələb edəndə və otağa girəcəklərini deyəndə başımla qardaşıma işarə etdim ki, gətirsin. Açıb baxdılar, nəsə tapa bilməyib qaytardılar. Amma qızımın və qardaşımın telefonunu da götürdülər və sabah qaytaracaqlarını dedilər. Hətta azyaşlı oğluma aid elektron qol saatını da götürdülər, qurdaladılar, gördülər ki, işləmir, qaytardılar.
Sonra müstəntiq telefonumun parolunu istədi. Müstəntiqə vəkilim Şəhla Hümbətovanı çağırmalarını bir daha xatırlatdım. Əməliyyatçı dedi ki, parolu ver, telefonu açıb zəng edək. Dedim öz telefonunuzla yığın, mən nömrəni əzbər bilirəm. Bundan sonra yanımdakı əməliyyatçı qızımla qardaşımı da aparacaqlarını, sabah buraxacaqlarını dedi. Parolu yalnız vəkil gələndən sonra verə biəcəyimi deyəndə hədələr artdı. Mən hətta qızımı aparacaqlarını təxmin etdiyim halda, 16 yaşlı bir uşağın yuxudan oyanıb bunu ona demələrinin psixoloji travmasını gözlərimin önündə canlandırdım. Hətta qardaşımı aparsalar, telefonsuz və internetsiz bir uşağın evdə oyanıb nələr yaşayacağını düşündüm, həm də evdən qolu qandallı çıxmağımı görməsini istəmədim. Bu idbar və anti-bəşəri mənzərə tez bitsin deyə parolu şifahi dedim və müstəntiq tez qeyd etdi. Digər əməliyyatçı isə hələ də kitab rəfimdə heç vaxt oxumadığı kitabların arasını axtarırdı.
Evdən çıxanda müstəntiq Şəhlanı çağıracağına söz verdi. Biz idarəyə çatanda saat 5-ə işləyirdi. Orada bildirdilər ki, kompüterim paroldadır. Soruşdular, bilmirəm, ununtmuşam dedim. Aça bilməyib söndürdülər. Orada daha kobud bir əməliyyatçı “parolu verməsən belə, biz sənin üçün nə istəsək düzəldə bilərik”, – dedi. Qoluma girib bir mərtəbə aşağı düşürdülər. Dedim, yəqin, “podval”a aparırlar. Yox, müstəntiqin otağına gətirdilər. Müstəntiq dedi ki, vəkilə zəng edir, açmasa ifadəmi indi alacaq. Mən vəkilsiz ifadə verməyəcəyimi dedim. İki dəfə Şəhlanı yığdı, açmadı. Sonra Fariz Namazlıya zəng etdirdim, o da açmadı. Mən NKVD-nin laborotoriyasında olanda bütün Bakı yatmışdı, hətta İlham Əliyev də. Bircə qolları yanına düşmüş, telefonsuz və internetsiz qalıb ora-bura vurnuxan qardaşım, yuxudan oyanıb yanıqlı-yanıqlı ağlayıb məni soruşan qızım və bütün gecəni NKVD tərəfindən ora-bura dartışdırılaraq əldən salınan mən və siyasi sifarişlə məni həbs etməyə gələnlər…”
Davamı olacaq…
Meydan TV ilə əməkdaşlıqda günahlandırılaraq, qaçaqmalçılıq ittihamı ilə həbs olunmuş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Ağa) həbs olunduğu an başına gələnləri yazıb.
Onun məktubunu sosial şəbəkədə jurnalist Elməddin Şamilzadə paylaşıb:
“Həmin gün özümü çox qəribə hiss edirdim: əzgin, yorğun və ağrılı… Təxmin edirdim ki, nəsə olacaq, amma bu nəsə yaxşı bir şeyə oxşamırdı (Qəribədir, insan başına gələnləri hər kəsdən tez hiss edir).
Bir neçə saat Selcanın sənədlərinə vaxt ayırdım, təəssüf ki, hamısını bitirə bilmədim. Evə gəlib redaktəyə götürdüyüm kitablardan birinin üzərində işləməyə başladım. Axşama yaxın işimi bitirəndə yorğun idim. Adətim üzrə telefonu götürüb məhbus dostlarımdan bir neçəsinin ailəsi ilə əlaqə saxladım, təskinlik verdim… Sonra atamla danışdım; o, səhhətindən, mən də yarızarafat yorğunluqdan gileyləndim.
İçimdəki bu naməlum sıxıntını dağıtmaq üçün çölə çıxmaq istəyirdim. Ona görə də dostlardan ikisinə yazıb çaya dəvət etdim. Günəşlidə görüşdük, xeyli söhbət etdik: ədəbiyyatdan, kinodan, sənətdən və s.
Artıq saat 1-ə işləyirdi. İcazə alıb durdum və taksi çağırdım. Taksi 2 dəqiqə göstərsə də, 10 dəqiqədən çox gecikdi. Bu an qara bir maşın qarşımdan sürətlə keçdi, öndən dövrə vurub yenidən qayıtdı. Bu ərəfədə taksi gəlib çatdı. Qapını açıb əyləşdim və niyə gecikdiyini soruşdum “Buranı tapa bilmirdim”, – dedi.
Neftçilərdə “Maklerlər parkı” kimi tanınan parkın önündə düşdüm, yolu keçib dönərçiyə bir dönər sifariş verdim. Dedim ki, sən dönəri hazırla, mən kartdan pul çəkib gəlirəm, çünki sonuncu 3 manatımı taksiyə vermişdim. Kartımda 35 manat pul vardı. Onu çəkib götürmək istəyəndə maskalı biri sürətlə üstümə şığıdı. Əvvəl elə bildim ki, soyğunçudur, çünki ətrafda kimsə yox idi. Daha sonra biri də yaxınlaşıb qollarımı qandalladı və zorla maşına basdılar. Sürücü ilə birgə dörd nəfər idilər. Əl atıb cibimdən telefonumu çıxartdılar. Bir neçə metr getdikdən sonra telefonun parolunu istədilər. Kim olduqlarını soruşanda “Banditizm”dən gəldiklərini dedilər. Parolu verməkdən imtina etdim. Sağımda əyləşən və Naxçıvan ləhcəsi ilə danışan uzundraz əməliyyatçı boynumdan birini ilişdirdi. Bir anlıq gözlərim qaraldı, ayaq üstə olsam, bəlkə də, yıxılardım. Hiss etdim ki, təzyiqim qalxıb. Cibimdən dərmanı çıxarıb dilimin altına qoymalarını istədim, qarşılığında parolu istədilər. Mən parolu verməkdən, onlar da dərmanı verməkdən imtina etdilər. Sonra məni Neftçilərdə, beşmərtəbələrin arasındakı küçələrdə gəzdirdilər. Tez-tez telefonla danışıb kimdənsə cavab gözləyir, israrla parolu istəyirdilər. Vəkilimi istəyəndə isə həmin əməliyyatçı bu dəfə dirsəyi ilə çənəmdən vurdu, qandalda olan əlimin şəhadət barmağını qırıla biləcək həddə qədər qatladı. Olduqca kobud davranır, “Gedək, səni başa salarıq” deyirdi. Təxminən 20-25 dəqiqə çəkən bu prosesdə NKVD məni yormuşdu. Növbəti zəngdən sonra yola çıxıb sürətlə sürməyə başladılar. Sanki NKVD qara maşında Müşfiqi güllələməyə aparırdı. Maşın dayananda qapı açıldı və mülki geyimli, kepkalı biri başını içəri salıb özünü təqdim etdi; Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılov olduğunu dedi. Mənə “Meydan TV işi”, Aynur Qənbərova ilə bağlı şübhəli şəxs kimi saxlanıldığımı bildirdi. “Aynura görə güllələnməyə də getmək olar”, – dedim”.
Davamı olacaq…
Jurnalist Şəmşad Ağayev (Ağa) 2025-ci il fevralın 5-də “Meydan TV işi” ilə bağlı saxlanılıb. Ona qarşı “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs olunub.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs edilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.
Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.
2025-ci il martın 14-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti daha 3 ay müddətinə uzadılıb.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.