Sərhədsiz Reportyorlar “Azadlıq Radiosu”nun həbsdə olan jurnalistlərinə görə narahatdır

Foto: Meydan TV

Təşkilat bu jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırır

Tramp administrasiyasının ABŞ Qlobal Media Agentliyinin  (USAGM) ixtisarı qərarından sonra “Sərhədsiz Reportyorlar” (RSF) bütün dünyada USAGM əməkdaşlarının, o cümlədən, hazırda işlərinə görə həbsdə olan doqquz jurnalistin üzləşdiyi risklərlə bağlı narahatlıq ifadə edib.

RSF beynəlxalq diplomatik ictimaiyyəti bu jurnalistlərin azad edilməsi üçün dərhal səfərbər olmağa və bütün dünyada USAGM jurnalistlərinin təhlükəsizliyini təmin etməyə çağırıb.

“USAGM-i və onun media qurumlarını bağlamaqla, Tramp administrasiyası soyuq bir siqnal göndərir: Pekin və Moskva kimi avtoritar rejimlər öz təbliğatlarını nəzarətsiz yaymaqda sərbəstdirlər. Biz bütün dünyada ABŞ hakimiyyət orqanlarını və beynəlxalq diplomatik ictimaiyyətin diqqətini həbs olan jurnalsitlərə yönəldilməsini istəyirik. Onlar dərhal azad edilməlidir”, – RSF baş direktoru Tibo Bruttin deyib.

ABŞ Prezidenti Donald Tramp 2025-ci il martın 14-də Qlobal Media Agentliyinin (USAGM) və bəzi digər hökumət qurumlarının fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması barədə fərman imzalayıb.

USAGM “Azad Avropa/Azadlıq Radiosu”, “Amerikanın Səsi” və bəzi digər media qurumlarına koordinatorluq edir.

USAGM – ABŞ federal hökumətinin müstəqil agentliyidir və hər həftə təxminən 361 milyon insana 50-dən çox dildə xəbər və informasiya yayımını koordinasiya edir. Agentliyə 2025-ci il üçün 950 milyon dollar maliyyə yardımı tələb olunub. Bu vəsait “Azad Avropa/Azadlıq Radiosu”, “Amerikanın Səsi” (VOA), “Azad Asiya Radiosu”, “Radio Marti” (Kuba), “Orta Şərq Yayım Şəbəkəsi” (MBN) və internet layihələrinin inkişafı ilə məşğul olan Açıq Texnologiya Fondu kimi media qurumlarını maliyyələşdirmək üçün nəzərdə tutulub.ABŞ Konqresində təsdiqlənməklə həmin vəsait qurumun cari xərcləri və əsaslı sərmayələri üçün ayrılır.

USAGM nəşrləri Belarus, Kamboca, Çin, Şimali Koreya, Laos, Rusiya və Vyetnam kimi mətbuat azadlığına xüsusilə düşmən olan mühitlərdə mühüm müstəqil xəbərlər təqdim edir.

Hazırda bütün dünyada həbsdə olan on USAGM əməkdaşından doqquzu jurnalistdir: dördü Vyetnamda, ikisi Rusiyada, biri Belarusda, biri Azərbaycanda və biri də Myanmadadır. Bəziləri xüsusilə ağır cəzalar alıb, məsələn, “kütləvi iğtişaşların təşkili” və “nifrətin qızışdırılması” kimi ittihamlarla ağır əmək koloniyasında 15 il həbs cəzası çəkən “Azadlıq Radiosu”nun Belarus xidmətinin əməkdaşı İhar Losikdir.

Bir çox başqa jurnalistlər də USAGM-ə bağlı mediaya sadəcə, müsahibə verməklə hədəfə alınıb. Onların arasında, qismən RFA Vyetnam Xidmətinə (RFA Tiếng Việt) verdiyi müsahibələrə görə “dövlət əleyhinə təbliğat” ittihamı ilə doqquz il həbs cəzası çəkən RSF-nin Mətbuat Azadlığı üzrə 2019 Mükafatı laureatı Fam Doan Trang da var.

“Tramp administrasiyasının bu addımı USAGM-ni və onun çıxışlarını pozmağa çalışan daha geniş hücumlar və düşmənçilik ritorikasının bir hissəsidir. Keçən ay Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Mask özünün “X” sosial media platformasında “Amerikanın Səsi” və “Azad Avropa/Azadlıq Radiosu”nun bağlanmasına çağırdı və bu müstəqil səsləri susdurmaq niyyətində olduğunu bildirib”, – RSF-nin bəyanatında deyilir.

Martın 16-da Çexiyanın xarici işlər naziri Yan Lipavski ABŞ hökuməti “Azad Avropa/Azadlıq Radioları”na ayrılan maliyyəni azaltmaqla bağlı qərar verəndən sonra bu media qurumuna mümkün Avropa dəstəyi məsələsini müzakirəyə çıxaracağını bildirib.

“Azadlıq Radiosu”nun Prezidenti Stiven Kapus deyib ki, qrant sazişinin dayandırılması Amerikanın düşmənlərinə böyük hədiyyədir.

“İran ayətullahları, Çinin kommunist liderləri, Moskva və Minskdəki avtokratlar 75 ildən sonra “Azadlıq Radiosu”nun işinin dayandırılımasını bayram edəcəklər. Düşmənlərimizin bu qələbəni əldə etməsi onları gücləndirəcək, Amerikanı zəiflədəcək”, – Kapus bəyanatında deyib.

Ana səhifəXəbərlərSərhədsiz Reportyorlar “Azadlıq Radiosu”nun həbsdə olan jurnalistlərinə görə narahatdır