Şəhid ailələri Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət edib

Tofiq Yaqublu – Foto: Facebook şəxsi arxivindən

“Bir Qarabağ qazisinin həbsxanada aclıq aksiyası keçirərək ölməsi həm Azərbaycan hakimiyyətinin, həm də xalqımızın adına ləkə olar”, – müraciətdə deyilir

Şəhid ailələri artıq 40 gündür ki, həbsinə etiraz olaraq aclıq edən Milli Şuranın və Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublunun ağır durumu ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

“Hazırda onun durumu çox ağırdır və həkimlərin rəyinə görə hər an həyatını itirə bilər. Yəqin siz də razılaşarsınız ki, bir Qarabağ qazisinin həbsxanada aclıq aksiyası keçirərək ölməsi həm Azərbaycan hakimiyyətinin, həm də xalqımızın adına ləkə olar”, – müraciətdə deyilir.

Müraciəti Nofəl Qasımov (şəhid Səid Rəşidzadənin atası), Gülnarə Ağayeva (şəhid Cavidan Ağayevin anası), Hafisə  Rzayeva (şəhid Aslan Rzayevin anası), Hökməli Həsənov (şəhid Elvin Həsənovun atası), Asif Məmmədov (şəhid Abid Məmmədovun atası), Ceyhunə Zamanova (şəhid Əhməd Zamanlının anası), Tofiq Qədirov (şəhid İnqilab Qədirbəylinin atası), Təranə Qədirova (şəhid İnqilab Qədirbəylinin anası), Kübra Şəkəralıyeva (şəhid Azim Şəkəralıyevin anası), Bəyalı Əzizov (şəhid Elxan Əzizovun atası), Əli Kərimbəyli (şəhid Elçin Kərimbəylinin atası), Ayşən Səfərova (şəhid Yavər Səfərovun qızı), Fariz Babayev (şəhid Şəfi Babayevin qardaşı), Rəna Soltanova (şəhid Vüqar Soltanovun bacısı), Oruc Əsgərov (şəhid Xurşud Əsgərovun qardaşı), Mübariz Hacıyev (şəhid Səxavət Hacıyevin qardaşı) imzalayıblar.

Müraciətin imza üçün açıq olduğu, başqa şəhid ailələrinin də ona qoşula biləcəyəyi qeyd olunur.

“Cənab Prezident! Şəhid ailələri olaraq, sizə müraciət etməkdə məqsədimiz odur ki, Tofiq Yaqublunun həyatını xilas etmək üçün bütün mümkün tədbirlərin görülməsinə göstəriş verəsiniz”, – müraciət bu sözlərlə bitir.

Dünən, mayın 9-da Tofiq Yaqublunun qızı Nigar Həzi də atasının yerləşdirildiyi müalicə müəssisənin önündən canlı yayım açaraq, ölkə ictimaiyyətinə müraciət ünvanlayıb. Onun əsas həkim Adil Qeybullanın Tofiq Yaqublunun yanına buraxılması tələbi bu gün cavabsız qalıb.

Bununla belə, Nigar Həzi özünün Facebook hesabında paylaşdığı postda Tofiq Yaqublu ilə bir neçə dəqiqə ərzində telefonla danışa bildiyini yazıb.

“Nəhayət ki, ata ilə danışdım. Telefon günümüz olmasa da, bir neçə dəqiqə səsini eşitmək imkanı yaradıldı. Narahat olan hər kəsə təşəkkür edirəm. Dəstəyiniz üçün çox sağ olun”, – Nigar Həzi yazıb.

Tofiq Yaqublu 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, aprelin 1-dən azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirir.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Siyasətçi ittihamları qurama sayır.

Bu, Tofiq Yaqublunun ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.

Ana səhifəXəbərlərŞəhid ailələri Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət edib