Rüstəm İbrahimbəyov: Mən heç vaxt siyasətlə məşğul olmamışam

Rüstəm İbrahimbəyov: Mən heç vaxt siyasətlə məşğul olmamışam


2 avqust Azərbaycanda Kino Günü kimi qeyd olunur. Bu münasibətlə suallarımızı uzun müddətdir Azərbaycan ictimai-siyasi və mədəni meydanında az görünən, ölkədə fəaliyyətini məhdudlaşdıran Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyova ünvaladıq.


– Rüstəm müəllim, sizin iştirakınızla Kino Günü ilə bağlı bu cür tədbirləriniz davamlı olacaqmı?

– Mən davamlı olacağına ümidvaram. Fevraldan Azərbaycana 5-ci dəfədir ki, gəlirəm, hər gəlişimdə də 10-15 günlük. Bir aydan sonra Amerikaya getməyə məcburam, qayıdandan sonra fəaliyyətimi ittifaqda davam etdirəcəyəm.


– Necə oldu ki, sizə münasibət dəyişdi, əvvəllər mane olurdular, Azərbaycana gəlməyinizə maneçilik yaradırdılar, rəsmi mətbuatda haqqınızda tənqidi yazılar dərc olunurdu…?

– Münasibətin dəyişib-dəyişmədiyini bilmirəm, amma mən dəyişməmişəm, öz mövqeyimdə qalıram.


– Yəni həm siyasi, həm də mənəvi-ictimai mövqeyinizdə?

– Mövqeyimdə qalıram. Məsələ ondadır ki, mən heç vaxt siyasətlə məşğul olmamışam, ictimai problemlərlə məşğul olmuşam. İndi də hesab edirəm ki, Azərbaycan ziyalıları, vətəndaşları xalqın, ölkənin həyatına az qarışırlar, onların təsiri azdır. Bu mövqeyimdə qalıram. Amma həmişə demişəm ki, Kinematoqrafçılar İttifaqı peşə ittifaqıdır, biz burda həmişə kinonun problemləri ilə məşğul olmuşuq. Ona görə məsələni belə qoyuram, Rüstım İbrahimbəyov ictimai vətəndaş, xadim, ziyalı kimi bir tərəfdə, Kinematoqrafçılar İttifaqı da bir tərəfdə, burda mən ancaq kino işşisi kimi fəaliyyət göstərirəm, xahiş edirəm bunları qarışdırmayasınız.


– Yəqin ki, sizin rəhbərlik etdiyiniz ittifaqa alternativ olaraq xalq artisti Şəfiqə Məmmədovanın rəhbərliyi ilə təşkilat da yaratmışdılar, xatırlayırsınızmı?

– Yadıma gəlir, təşkilat davam edir. Məncə, bizim kino o qədər geniş və böyük deyil ki, iki təşkilata ehtiyac yaransın. Amma həmin təşkilatı kim yaradıbsa, onlar da problemi həll etməlidir. Çünki Kinematoqrafçılar İttifaqı 1963-cü ildən işləyir.


– Qeydiyyatınız ləğv olunmayıb?

– Xeyr. Azərbaycanın ən görkəmli kinematoqrafçıları indiki ittifaqı yaradıblar və o vaxtdan fəaliyyətimiz bir gün də dayanmayıb, həmişə işləmişik. Mən 7 il idi gəlib-getmirdim.


– Gəlib-getmirdiniz, yoxsa qoymurdular, maneçilik yaradırdlar?

– Maneçilik məsələsi deyildi. İş ondadır ki, mən nifrət edib getmişəm.


– Kimə?

– Yaranmış vəziyyətə. Sonra qardaşım Maqsud İbrahimbəyov vəfat edəndə Bakıya 2 günlük gəldim, onda da dedilər ki, Rüstəm müəllimə icazə verdik ki… Mən oxuyanda güldüm və cavab verdim ki, indi mən doğma qardaşımı dəfn etmək üçün icazə almalıyam? Burda 5-6 nəfər təbliğatla məşğul olanlar qeyri-peşəkardılar, bu vəziyyəti də onlar yaradırlar.


– Onlar sovet nomenklaturasından qalıblar, yoxsa…?

– Bəli, onların təfəkkürü o vaxtda qalıb.


– Hakimiyyətin daxilindədirlər?

– Bəli, müxtəlif vəzifələrdədirlər. Mən 100 faiz əminəm ki, onlar gec-tez gedəcəklər. Azərbaycana gələndə bir neçə nəfərlə görüşdüm, mənə münasibətin normal olduğunu dedilər. Sonuncu filmlə bağlı kampaniyanı 2-3 nəfər düşmənlərim təşkil ediblər. Vəziyyət o yerə çatmışdı ki, mənim fəxri adlarımı alsınlar, prezidentə layihəni təqdim ediblər, o da cırıb atıb deyib ki, gedin işlərinizlə məşğul olun.


– Belə bir fikir var ki, sizin Azərbaycana qayıdıb fəaliyyətinizi bərpa etməyinizə hakimiyyət daxilindəki müəyyən qrupun, Paşayevlərin əməyi olub, doğrudurmu?

– Bilirsiniz, o dairələr elə yüksəkdir ki, mən yazıq elə şeyləri bilmirəm. Bəlkə elədir, bəlkə elə deyil. Konkret, 80 yaşım tamam olandan sonra, dedim ki, nə edirlər etsinlər, qayıdıram.


– Həbsdən də qorxmurdunuz?

– Bilirsiniz, həbs məsələsi heç ortalığa da qoyulmurdu. Bunu 3-4 nəfər sovet vaxtından olan şəxsi düşmənlərim edirdi.


– O adamları tanıyırsınızmı?

– Tanıyıram da, adlarını da dəfələrlə çəkmişəm, bu gün kino işçilərinin bayramı olduğundan çəkmək istəmirəm.


– Rüstəm müəllim, deyirsiniz ki, o dairələrə yaxın olmadığımdan haqqımda deyilənləri bilmirəm, amma bir tərəfdən də fəxri adlarınızın alınması layihəsinin prezidentin masasına qoyulduğunu, onun da cırdığını bildirdiniz. Bəs bu məlumat hardan almısınız?

– Bu məlumatı həmin dairələrə yaxın adamlar deyir, başqa kim deyə bilər? Mənim tanışlarım, dostlarım özümə danışablar. Amma birinci dəfə eşidəndə, dedilər ki, belə deyirlər. Sonra doğrudan da bu məsələnin necə var, elə də olduğu təsdiqləndi. Çünki Moskvada bir az diaspora işlərinə qarışıram, orda onların çox şeylərdən xəbərləri var. Mənim xətrimi istəyənlər prezidentə təqdim olunan əhvalatı danışdılar.


– Rüstəm müəllim, Ziyalılar Forumundakı mövqeyinizdə, yəni insan haqlarına, vətəndaş hüquqlarına, siyasi-ictimai vəziyyətə münasibətinizdə qalırsınızmı?

– Heç bir dəyişiklik yoxdur. Mən ölkədə vəziyyətin dəyişməsini gözləyirəm, münasibətim yalnız o zaman dəyişə bilər ki, ümidlərim həyatda yerini tutsun.


– Bir sıra ideyalarınız və təklifləriniz vardı, kino məktəbi, akademiyası və digər məsələlər haqda. Hətta bina tikilirdi, SOCAR tərəfindən imkan verilmədi, bu məsələlər nə yerdə qaldı?

– O torpağı məndən aldılar, amma bir aydan sonra kino məktəbini açırıq, kiçik olsa da, Kino Evi hazırdır. Tədricən Kinematoqrafçılar İttifaqı kinonun problemlərini həll etmək üçün çox iş görə bilər.


– Azərbaycanda film çəkmək üçün mövzular yetərincədirmi?

– Həddindən artıq mövzu var, amma imkan yaransa, çəkmək olar. Kino belə sənətdir ki, maliyyə problemlərini həll etmək lazımdır. Amma son vaxtlar Azərbaycanda 5-6 nəfər çox istedadlı gənc rejissorlar kiçik məbləğlə gözəl filmlər çəkirlər, hökumət də onlara kömək etmir, bununla belə beynəlxalq festivallarda mükafatlar alırlar. Biz onlara mütləq kömək etməliyik.

Ana səhifəVideoRüstəm İbrahimbəyov: Mən heç vaxt siyasətlə məşğul olmamışam