Rüstəm İbrahimbəyov: Kino şöbəsinin adını dəyişdilər, bu da oldu “islahat”

“Bilmirəm, bəlkə də, nəsə iş görürlər, amma bunu gizlədirlər”

Foto: Meydan tv


Rasim Balayev: "Rüstəm İbrahimbəyov Azərbaycan kinosunun inkişafını istəyir"

“Beş-altı ildir ki, “islahat, islahat” deyirlər. Axırda da kino şöbəsinin adını dəyişdilər, bu da oldu bizim islahat”.

Bunu Xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyov Milli Kitab Sərgisi çərçivəsində keçirilən görüşü zamanı

deyib

.

“Bizdə bəzi rejissorlar film çəkməyə başlayanda deyirlər ki, Kann festivalı üçün çəkirəm. Bir başqası deyir ki, filmi “Oskar” üçün çəkirəm. Bu, yanlışdır. Düzdür, gənc rejissorlarımız bu prosesin uğurlu olacağı ilə bağlı mənə ümid verir. Amma Mədəniyyət Nazirliyi həmişəki kimi yenə də bu işdən kənarda qalıb. Nə ilə məşğuldurlar, bilmirəm. Təzə vəzifəyə gələn Rüfət Həsənov çox istedadlı rejissordur, yaxşı prodüserdir. Amma görünür, ona işləməyə imkan vermirlər. “Nobel”, “Oskar” mükafatları, bunlar təsadüfi şeylərdir. Dünyada çox ölkələr var ki, onların çox keyfiyyətli filmləri var, amma “Oskar” almayıblar. Eyni şeyi “Nobel”ə də aid etmək olar. Kinomuzun keyfiyyətini qaldırmaq lazımdır”, – deyə kinodramaturq bildirib.


"Düşünürəm ki, Rüstəm İbrahimbəyovun sözü onlara təsir edəcək"

Kinorejissor Tahir Tahiroviç Meydan TV-yə açıqlamasında Rüstəm İbrahimbəyovun fikirləri ilə razılaşdığını deyib: “Rüstəm İbrahimbəyovun istədiyi odur ki, Azərbaycan kinosu kütləviləşsin. Dövlətin Azərbaycan kinosu üçün ayırdığı pulun kəmiyyəti, keyfiyyəti artsın. Söhbət onda deyil ki, mən Kinematorqafçılar İttifaqının İdarə heyətnin üzvüyəm, Rüstəm İbrahimbəyov da mənim sədrimdir. O, Azərbaycan kinosunun inkişafını istəyir. Müsahibələrimdən birində də demişdim. Vəzifədəki şəxslər təmiz olduqları müddətdə yaxşı iş görürlər. Şəffaflıq pozulandan sonra hər şey bitir. İşlər yaxşılıqdan çıxır, məcrasını dəyişir. Amma düşünürəm ki, Rüstəm İbrahimbəyovun sözü onlara təsir edəcək”.


"Çox təəssüf ki, kino yox dərəcəsindədir"

Xalq artisti, kinoaktyor Rasim Balayev hesab edir ki, kino sahəsi Mədəniyyət Nazirliyinin nəzdində deyil, ayrıca qurum kimi fəaliyyət göstərməlidir: “Bir vaxtlar kino sahəsi Mədəniyyət Nazirliyi səviyyəsində ayrıca bir komitə idi. Sonra adını dəyişib “Azərtelefilm” Yaracılıq Birliyi etdilər. Daha sonra isə Mədəniyyət Nazirliyinin tabeliyinə keçdi. Hesab edirəm ki, kino sahəsi ilə bağlı ayrıca qurum olmalıdır. Bu məsələ ilə bağlı ciddi məşğul olmaq lazımdır. Mədəniyyət Nazirliyində ruslar demiş, “ради галочки” bir kino şöbəsi var. Kinoya dövlət büdcəsindən kifayət qədər pul ayrılır. Düzdür, indi Qarabağ məsələsi var, orada tikinti-bərpa işləri gedir. Çoxlu xərclərimiz var. Amma hər halda beş-altı milyona dörd-beş film çəkmək olar. Çox təəssüf ki, kino yox dərəcəsindədir. Mədəniyyət Nazirliyinin kino şöbəsində cavanlar işləyir. Kino sənətinin göstəricisi ekrandır. Əgər ekranda heç nə yoxdursa, bu işlər sözlə olmur ki, hər şey yaxşıdır və s. Ekranda isə, doğrudan da, heç nə yoxdur. Yadımdadır, Rüstəm İbrahimbəyov prezidentlə görüşmüşdü. Kino ilə bağlı böyük planlar nəzərdə tutulmuşdu. Prezidentin sərəncamı vardı ki, kino ilə bağlı işlər yaxın on ildə görülsün. Təəssüf ki, bunlar öz həllini tapmadı. Filmlər var, çəkirlər, amma boş, uzun-uzadı, mənasız. Onunla iş getmir. Biz indi müstəqil dövlətik. Dünya bazarına çıxmalıyıq. Kino həm də biznesdir. Ona görə də dünyəvi mövzulara müraciət olunmalıdır. Beynəlxalq festivallarda iştirak etmək lazımdır. Bunun üçün səviyyəli filmlər çəkmək lazımdır. Elə bir vəziyyətə gəlib, çıxmışıq ki, sanki hamımız dayanmışıq və kimisə gözləyirik. Ona görə də ortada heç nə yoxdur”.


"Mədəniyyət Nazirliyinin kino sahəsində gördüyü işlər qaneedici deyil"

Kinoşünas Aygün Aslanlı Mədəniyyət Nazirliyinin kino sahəsində gördüyü işləri qaneedici saymır. Üstəlik, hesab edir ki, Nazirlik, həmçinin Kinematoqrafiya şöbəsi cəmiyyət qarşısında cavabdehlik daşıyır: “Keçən il dedik ki, pandemiyadır, bütün sahələrdə olduğu kimi kino sahəsi də fəaliyyətini dayandırmışdı. Amma indi vəziyyət normallaşmağa doğru gedir. Lakin proseslər onu göstərir ki, yenə də kosmetik dəyişikliklər gedir. Məsələn, Kino Agentliyinin yaradılması, tammetrajlı bədii filmlərlə bağlı müsabiqələrin keçirilməsi nəzərdə tutulmuşdu. Hələ ki reallaşmayıb. Həmçinin kinoteatrların sayının artırılması məsələsi də açıq qalıb. Bilmirəm, bəlkə də, nəsə iş görürlər, amma bunu gizlədirlər. Azərbaycanda idarəetmənin ən ciddi problemi odur ki, hansı iş, yenilik etdikləri bilinmir. Sanki bunu özləri üçün edirlər. İctimaiyyətə bu barədə məlumat verilmir”.


Mədəniyyət Nazirliyi: "Rüstəm İbrahimbəyovla həmfikirik…"

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov Rüstəm İbrahimbəyovun fikirlərinə münasibət bildirib.

O, Meydan TV-yə deyib ki, görülən işlər çoxdur və bununla bağlı məlumatlar mütəmadi ictimaiyyətə çatdırılır: "İstər institusional və idarəetmə islahatlarımız çərçivəsində – Film Komissiyası, Kino Agentliyi, pitçinq, tədris proqramları və sair işlər – istərsə də, istehsal etdiyimiz filmlər barədə məlumatları bölüşürük. Təkcə bu il dörd tammetrajlı və onlarla sənədli film istehsalata buraxılıb".

10.jpg
Rüstəm İbarhimbəyovla Milli Kitab Sərgisində görüş

"Rüstəm İbrahimbəyovun sadaladığı rejissorlara gəlincə, Mirbala Səlimlinin “Qırmızı bağ” , Asif Rüstəmovun “Axınla aşağı” və hazırda istehsalatda olan “Mərmər soyuğu” filmləri və mənim “Daxildəki ada” filmim Mədəniyyət Nazirliyinin dəstək və ya sifarişilə çəkilmiş layihələrdir. Təbii ki, sektorda müstəqil şəkildə fəaliyyət göstərən istedadlı rejissorların dəstəyi də bizim üçün prioritet mövzudur. İstedadlı rejissorları aşkarlamaq, onlara dəstək olmaq üçün mütəmadi müsabiqə və pitçinqlər elan etməyə davam edəcəyik. Ölkəmizdə istehsal olunan filmlərin prokatı mövzusunda Rüstəm İbrahimbəyovla həmfikirik və hesab edirik ki, yerli kino istehsalçılarının kinoteatrlar tərəfindən dəstəyə ehtiyacı var. Kinematoqrafımızın inkişafı naminə filmlərimiz izləyiciyə çatdırılmalıdır və izləyici müasir kinomuzu tanımalıdır”, – o, belə deyib.

2019-cu ilin martında Prezident İlham Əliyevin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinə dövlət fondundan beş milyon manat ayrılıb.

Pul dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək üçün nəzərdə tutulub.

2020-ci ilin dövlət büdcəsindən isə Azərbaycan kinosunun inkişafı üçün 7,5 milyon manat ayrılıb.

2021-ci ilin iyununda maliyyə naziri Samir Şərifov Mədəniyyət Nazirliyinə iradlar

səsləndirmişdi

.

17.jpg
Rüstəm İbarhimbəyovla Milli Kitab Sərgisində görüş

O, Mədəniyyət Nazirliyinə ayrılan maliyyə vəsaiti qarşılığında heç bir yenilik olmadığını söyləmişdi.

Əlavə etmişdi ki, nazirliyin təqdim etdiyi “Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası” qaneedici deyil.

Mədəniyyət Nazirliyi isə Samir Şərifovun ittihamlarına cavab olaraq il ərzində əhəmiyyətli tədbirlər görülməsinə dair hesabat açıqlamışdı.

Bildirilirdi ki, il ərzində “Böyük qayıdış” müsabiqəsi keçirilib, İkinci Qarabağ müharibəsinə həsr olunan 11 qısametrajlı (bədii, sənədli və animasiya) film istehsala buraxılmaqdadır. Bununla yanaşı, 1982-ci ildən bugünədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası üçün kinotexnika avadanlıqları alınıb.

“Fəryad 2”, “Məryəm” və “Mərmər Soyuqu” tammetrajlı bədii filmlərin istehsala buraxılıb.

Ana səhifəMədəniyyətRüstəm İbrahimbəyov: Kino şöbəsinin adını dəyişdilər, bu da oldu “islahat”