ABŞ səfiri nazirliyə çağrılıb
Martın 21-də ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb və ona etiraz notası təqdim edilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik hesab edir ki, ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı açıqlamaları “Rusiya-Amerika münasibətlərini pozmaq ərəfəsindədir”.
“Amerika prezidentinin yüksək rütbəli dövlət xadiminə yaraşmayan bu cür bəyanatları Rusiya-Amerika münasibətlərini pozmaq ərəfəsindədir. Səfirə xəbərdarlıq ediblər ki, Rusiyaya qarşı düşmənçilik hərəkətlərinə qəti cavab veriləcək”, – notada belə deyilir.
Co Bayden martın 17-də “Putin qanlı diktator və quldurdur” bəyanatını səsləndirib:
“O, Ukrayna xalqına qarşı amoral savaş aparır. Dünya öz tarixinin dönüş anlarından biri ilə qarşılaşıb. Biz avtokratiyalarla demokratiyalar arasındakı əsl mübarizənin içindəyik.”
Zelenski: Ukrayna ultimatumu yerinə yetirə bilməz, vəssalam
Ukrayna Prezident Volodimir Zelenski Rusiyanın ultimatumlarının qəbuledilməz adlandırıb.
Prezident bildirib ki, Rusiyanın ultimatum tələbləri yalnız bütün Ukrayna məhv edilərsə, yerinə yetirilə bilər.
“Bizə ultimatum verirlər, deyirlər ki, bu maddələri yerinə yetirsəniz, müharibəni dayandırarıq. Bu, doğru deyil və hər hansı nəticəyə gətirib çıxarmayacaq. Məsələ məndə deyil, məsələ ondadır ki, hakimiyyət və xalq birləşib. Biz bunu edə bilmərik. Ukrayna ultimatumu yerinə yetirə bilməz, vəssalam. Fiziki olaraq mümkün deyil. Hamımızı məhv etsələr, o zaman ultimatum avtomatik olaraq yerinə yetiriləcək”,-Zelenski belə söyləyib.
96 yaşlı keçmiş Buhenvald əsiri Xarkovun bombalanması zamanı ölüb
II Dünya Müharibəsində faşist düşərgələrində əsir olan 96 yaşlı Boris Romançenko Xarkov şəhərinin raket atəşinə tutulduğu zaman öldüyü bildirilib.
Bu barədə Buhenvald memorial kompleksinin administrasiyası onun nəvəsinə istinadən məlumat yayıb.
Boris Romançenkonun martın 18-də atışma zamanı həlak olduğu qeyd edilib.
“3 milyondan çox ukraynalı Avropa ölkələrinə getməyə məcbur olub”
“Ukraynada 11-12 milyon insan məcburi köçkünə çevrilib”.
Bunu Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb.
Onun sözlərinə görə, 3 milyondan çox ukraynalı Avropa ölkələrinə getməyə məcbur olub.
“Müharibə səbəbindən 11-12 milyon adam şəhərlərini və iş yerlərini tərk edib. Sadəcə, bu rəqəmi dərk edin! Rusiya milyonlarla insanın həyatını məhv edir. Bu, qlobal humanitar fəlakət deyilmi?”-deyə o yazıb.
Bu gün Kiyevdə komendant saatı elan olunacaq
Martın 21-dən Ukraynanın paytaxtı Kiyevdə təhlükəsizliyi təmin etmək üçün komendant saatı tətbiq edilir.
Bu gün saat 20:00-da başlayacaq komendant saatı 23 mart saat 7:00-a qədər davam edəcək.
Bu barədə Kiyev meri Vitali Kliçko öz “Telegram” kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, komendant saatı davam etdiyi günlərdə mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlər işləməyəcək.
“Ona görə də hər kəsdən xahiş edirəm evdə və ya sığınacaqlarda olsun. Şəhərdə yalnız xüsusi buraxılışlı avtomobillər hərəkət edə biləcək. Biz hərbi vəziyyət qaydalarına əməl edirik”– deyə şəhər meri yazıb.
Ukrayna Rusiyanın təklifini rədd edib
Martın 20-də Rusiya Müdafiə Nazirliyi Mariupoldan humanitar dəhlizlərin açıldığını elan edib.
Nazirlik ukraynalı hərbçilərin mülki insanları daha sonra təxliyə etmək üçün silahlarını yerə qoyaraq şəhəri tərk etmələrini təklif edib.
Moskva BMT-dən, ATƏT-dən, Beynəlxalq Qızıl Xaç Komitəsindən bu əməliyyata əməli dəstək və monitorinq göstərməyi xahiş edib.
Rusiya tərəfi iddia edir ki, Ukrayna hərbçiləri dinc sakinlərin xilas edilməsinə mane olur, onlardan qalxan kimi istifadə edir.
Ancaq Ukraynanın Baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib ki, Ukrayna ordusu silahı yerə qoymayacaq və şəhəri tərk etməyəcək.
“Hər hansı təslimdən və silahı yerə qoymaqdan söhbət gedə bilməz. Biz artıq bu barədə Rusiya tərəfini məlumatlandırmışıq”, – o, belə deyib.
BMT: Ukraynada 902 mülki öldürülüb
Fevralın 24-ü saat 4:00-dan martın 19-u saat 24:00-a qədər Ukraynada 902 mülki ölüb, 1459 nəfər yaralanıb.
Bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi yayıb.
“Öldürülən 902 nəfərin 179-u kişi, 134-ü qadın, 11-i qız və 25-i oğlandır. Həmçinin cinsiyyəti hələlik məlum olmayan 39 uşaq və 514 böyük öldürülüb”, – məlumatda bildirilib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya hücum edib.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.