Rusiyada azərbaycanlı sahibkar həbs edilib

Rusiyanın şimal-qərbində “Spar” supermarketlər şəbəkəsini idarə edən Allahverdi Abdullayev Sankt-Peterburqda saxlanılıb

Source: РБК

Azərbaycanlı iş adamı, Rusiyanın şimal-qərbində “Spar” supermarketlər şəbəkəsini idarə edən Allahverdi Abdullayev Sankt-Peterburqda saxlanılıb. O, həm də“İntertorq” ticarət evinin sabiq ortağıdır.

RBK hüquq-mühafizə orqanlarındakı mənbələrə əsasən xəbər verir ki, “İntertorq”un sabiq hüquqşünası və maliyyə direktoru da həbs edilib.

Nəşrin müsahiblərinin sözlərinə görə, saxlanılmalar martın 9-da olub və şirkət əməkdaşlarının mənzillərində 30-dan çox axtarış həyata keçirilib. Əməliyyatı Rusiyanın FTX-nin“K”iqtisadi təhlükəsizlik xidmətinin əməkdaşları gerçəkləşdirib.

İstintaq tədbirləri xüsusilə iri həcmdə fırıldaqçılıq cinayət işi çərçivəsində baş tutub. RBK-nın mənbələrinin məlumatına görə, cinayət işi 2020-ci ilin dekabrında Əmanət bankından 8 milyard rublun oğurlanması faktı üzrə açılıb.

“Fontanka” isə xəbər verir ki, 50-dən çox ünvanda həyata keçirilən axtarışlar “İntertorq”la əlaqəli iki fırıldaqçılıq cinayət işi çərçivəsində baş tutub. Birincisində söhbət Əmanət bankının kreditinin oğurlanmasından gedir. İkinci iş 2 milyard rublla bağlı fırıldaqçılıqdır. Belə ki,“İntertorq”un tədarükçüləri bu məbləği mənimsəyiblər.

Noyabr ayında Allahverdi Abdullayevin qardaşı Müşfiqin axtarışının elan edildiyi məlum olub. O, həmçinin “İntertorq”un ortağı idi. Həmin vaxt söhbət 1,2 milyard rublun oğurlanmasından gedirdi. İş üzrə zərərçəkənin adı dəqiqləşdirilməmişdi. Müşfiq Abdullayev axtarış elan edildiyi zaman Rusiya hüdudunda olub.

“İntertorq”Rusiyanın şimal-qərbində “Ailə” və “Spar” ticarət şəbəkələrinin (Niderland şirkətinin franşizi üzrə) inkişafı ilə məşğuldur. “Kommersant”ın yazdığına görə, şirkət Peterburqda riteyler həcminə görə dördüncü idi. Belə ki, bazarda 10,3 faiz payı olan bu şirkət 450-dən çox mağazanı idarə edirdi.

2019-cu ilin sonunda “İntertorq”un məşğul olduğu “Spar” mağazalarının çoxu bağlanıb, tədarükçülər şirkəti məhkəməyə verib, əməkdaşlarsa maaşların verilməsini tələb edib. Əmanət bankı həmçinin “İntertorq”u məhkəməyə verərək, ondan kreditin qaytarılmasını tələb edib. Bankın iddiasına görə, şirkətin mülkiyyətinə həbs qoyulub.

“İntertorq” 2020-ci ilin əvvəlində kredit verənlərdən müdafiə olunmaq üçün ləğv olunduğunu elan etmişdi.

Ana səhifəXəbərlərRusiyada azərbaycanlı sahibkar həbs edilib