Rusiya Ukrayna ərazilərində referendum keçirir

Foto: “Желтая лента”

Zelenski referendumu qeyri-legitim adlandırıb

Sentyabrın 23-də Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilir.

Sentyabrın 27-nə qədər davam edəcək referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”.

Xerson vilayət şurası sədrinin birinci müavini Yuri Sobolevski yerli sakinlərə müraciət edib.

O, Moskvanın təşkil etdiyi referendumu saxta adlandırıb və əhalini bu prosesə qatılmamağa çağırıb:

“Bundan qaçmağın ən yaxşı yolu sadəcə qapını açmamaqdır”.

Eyni zamanda, Sobolevski vurğulayıb ki, əgər işğalçılar mənzilə girə bilsələr, heç bir halda seçki bülletenlərini götürüb doldurmamalıdırlar.

Sobolevski deyir ki, əhalinin imtina etmək üçün əsaslandırması bu olmalıdır: “Mən sonra həbsxanaya düşmək istəmirəm”.

O qeyd edib ki, bu “şou”nun Ukrayna və beynəlxalq ictimaiyyət üçün hüquqi əsası yoxdur:

“Lakin referendumda iştirak edənlərin sonradan hüquqi problemləri ola bilər”.

Rusiya mediasının məlumatına görə, Xerson Mərkəzi Seçki Komissiyası səsvermədə 750 minə yaxın seçicinin iştirakını gözləyir.

“Zaporojye vilayətində isə siyahılara 500 min nəfər daxil edilib. “Donets Xalq Respublikası”nda 1,5 milyon seçici üçün (referendumda iştirak edə biləcək insanların sayına görə) bülleten çap edilib”.

Sentyabrın 22-də Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev demişdi ki, adları çəkilən bölgələrdə referendumlar keçiriləcək:

“Donbasdakı respublikalar və digər ərazilər Rusiyanın tərkibinə daxil ediləcək”.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 23-də gecə müraciətində səsverməni qurama və qeyri-demokratik adlandırıb.

ABŞ, NATO, ATƏT və dünyanın bir sıra ölkələri Rusiyanın qanunsuz “referendum” keçirmək planlarını pisləyib.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan edib.

O, xalqa müraciətində deyib ki, bu qərar Rusiyanın suverenliyinin və bütövlüyünün qorunub saxlanılması məqsədilə verilib.

V.Putin yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları – Donetsk və Luqanks Respublikalarını tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaRusiya Ukrayna ərazilərində referendum keçirir