Cənubi Koreya kəşfiyyatı Pxenyanın Rusiyadakı kontingentinin 15 min hərbçidən ibarət olduğunu bildirir
Ukraynaya qarşı müharibədə Rusiya tərəfində vuruşan 600-ə yaxın Şimali Koreya əsgərinin öldüyü bildirilir.
“Reuters” agentliyi yazır ki, bu barədə məlumat Cənubi Koreya parlamentinin üzvlərinə ölkənin milli kəşfiyyat xidməti tərəfindən ötürülüb.
Şimali Koreya qüvvələri indiyədək ümumilikdə təxminən 4 min 700 itki verib – bu rəqəmə həm ölənlər, həm də yaralananlar daxildir.
Cənubi Koreya kəşfiyyatı qeyd edir ki, müharibədə Rusiya tərəfində iştirak edən Şimali Koreya ordusunun altı ay ərzində döyüş qabiliyyəti xeyli artıb, xüsusilə yeni silah növlərini, o cümlədən pilotsuz təyyarələri mənimsəyiblər.
Cənubi Koreya kəşfiyyatı Pxenyanın Rusiyadakı kontingentinin 15 min hərbçidən ibarət olduğunu bildirir.
Şimali Koreya qoşunları 2024-cü ilin payızından Rusiyadadır. Onlar Kursk vilayətində döyüşlərdə iştirak ediblər.
ABŞ Dövlət Departamenti Şimali Koreyanın müharibədə birbaşa iştirakından narahatdır və Pxenyanı Rusiyaya hərbi yardımı dayandırmağa çağırır.
Şimali Koreya və Rusiyanın dövlət başçıları 2024-cü ilin iyununda “Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi” imzalayıblar.
Razılaşma həmin il dekabrın 4-də qüvvəyə minib.
İki ölkə arasında hərbi əməkdaşlığa dair razılaşma Pxenyanın Ukraynadakı münaqişədə iştirakının artdığı, 10 mindən çox Şimali Koreya əsgərinin Ukraynaya qarşı döyüşmək üçün göndərildiyi bir vaxta təsadüf edib.
Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı mübaribəyə başlayıb.