Rusiya sülhməramlıların sayını artırır: nə etməliyik?

Özünü aldatmaq və xəyallarla yaşamaq, tarix boyu həmişə pis nəticələrlə yekunlaşıb.

Foto: Meydan TV


Rusiyanın Dağlıq Qarabağda hərbi baza yaradacağı sürpriz deyildi

Rusiyanın Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə sonuncu məruzəsində rusiyalı sülhməramlıları yerləşdirmək üçün Xankəndidə 330 nəfərlik modul tipli hərbi şəhərciyin salındığını və 32 belə şəhərciyin salınacağını bildirib.

Sitat:

“Gələn il aprelin 1-ə qədər 32 şəhərcik salacağıq. Nəticədə sülhməramlı kontingent üçün rahat xidmət və həyat şəraiti yaradılacaq”.

Sadə hesabla, 330×32=10560.

Minimum götürsək, 10 min nəfər.

Müqayisə üçün qeyd edim ki, Rusiya ordusunun Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissəsinin kontingentinin sayı 3 min nəfərdir. Abxaziyadakı 7 və Cənubi Osetiyadakı 4 saylı hərbi hissələrin isə hər birinin kontingentinin sayı 4.500-dür. (Mənbə: Vikipedia/Rusiya Federasiyasının Müdafiə Nazirliyi)

ABŞ-ın Müdafiə Kəşfiyyatı Agentliyi də yaxın rəqəmlər aralığı təqdim etməklə bu sayı təxmini olaraq təsdiqləyir.

Şoyqunun məruzəsindən və açıqladığı rəqəmlərdən belə aydın olur ki, Rusiya sülhməramlı adı altında, faktiki olaraq özünün Qafqazdakı ən böyük hərbi bazasını Dağlıq Qarabağda inşa edir.

Bundan öncə isə Putin sülhməramlıların sayının artırıla biləcəyinə işarə etmişdi. Bu dəfə isə Rusiya, Müdafiə nazirinin dili ilə bunu təsdiqləyir.

Təxminən 2 həftə əvvəl bu mövzu ilə bağlı yazımda, Rusiyanın Dağlıq Qarabağda sülhməramlı adıyla yerləşdirdiyi ordusunun təchizatının və ona rəhbərlik edən şəxsin hərbi kimliyinin sülhməramlı ordu üçün həddindən artıq olduğunu yazmışdım. Və bir daha təkrar edirəm ki, Rusiya sülhməramlılarına rəhbərlik edən Rüstəm Muradov Rusiya qəhrəmanı ordenli, mükəmməl hərbi karyeraya sahib, Rusiyanın ən nüfuzlu hərbçilərindən biri və hərbi dairə komandanının müavini olan general leytenantdır. Karyerasında çox böyük "çp" etmədiyi müddətcə onun 1900 nəfər sülhməramlıya komandanlıq etməsi nonsensdir. Muradov isə tam əksinə ləkəsiz hərbi karyeraya sahib generaldır.

Rusiyanın Dağlıq Qarabağda sülhməramlı adı altında hərbi baza yaradacağı o qədər də sürpriz deyildi və həqiqətin ortaya çıxması çox da uzun sürmədi. Sözün açığı, heç Rusiyanın bunu gizlətmək istədiyini də düşünmürəm.

Rusiya üçün əsas Dağlıq Qarabağa girmək idi. Bununla da Rusiya həm Qafqazın iki bədbəxt ölkəsinə -Azərbaycana və Ermənistana nəzarəti özündə saxladı və əlavə olaraq da onun xarici siyasəti üçün olduqca vacib olan İranla quru yolu ilə birbaşa əlaqəni əldə etmiş oldu. Əlbəttə, yüklər indiyədək də Azərbaycan üzərindən daşınırdı, lakin Xankəndindəki hava limanının istifadə verilməsilə, bundan sonra Rusiya İrana istədiyi hər şeyi DQ-Laçın dəhlizi-Ermənistan-İran marşrutu ilə nəzarətsiz şəkildə daşıya biləcək.

Bunu etdikdən sonra isə Dağlıq Qarabağdakı ordunun sayı və təyinatı tamamilə, gecə yuxusunda gördüyünü səhər həyata keçirmək iqtidarında olan Rusiya rəhbərliyinin istəyindən asılı olacaq.

Çünki imzalanan birgə bəyanata əsasən, sülhməramlıların sayı 1960 nəfər nəzərdə tutulsa da, sabah Rusiyanın bu sülhməramlıların sayını artıracağı halda bizim buna nəzarət etməyimiz üçün heç bir mexanizmimiz yoxdur. Bizim üçün ən yaxşı və uğurlu sayılacaq halda, nüfuzlu dünya güclərinin bizim tərəfimizdə olacağı situasiya üçün belə Rusiya sülhməramlılarını monitorinq etmək haqqımız olmayacaq. Bu birgə bəyanatda nəzərdə tutulmayan təftiş hüququnun tələb edilməsi olacaq və Rusiya da haqlı şəkildə sual edəcək ki, nəyin əsasında?

Sual verilə bilər ki, Monitorinq Mərkəzi var axı, bu kifayət deyilmi? Deyil. Monitorinq Mərkəzi DQ ərazisindən kənarda yerləşəcək və orada ruslarla birgə çalışacaq türk zabitlər yalnız kameralar vasitəsilə nəzarət imkanı əldə edəcəklər. Bu isə aydın məsələdir ki, kifayət deyil. İlk növbədə ona görə ki, kameraların harada yerləşdiriləcəyini Rusiya müəyyənləşdirəcək və ya kameraların yerləşdirildiyi yerlər rus hərbçilərinin nəzarətindəki bölgələr olacaq. Yəni qısacası Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində yalnız ruslar türklərin nəyi monitorinq etməsini istəyəcəksə və nəyə icazə verəcəksə, türk hərbçiləri də onu monitorinq edəcəklər. Bu isə diplomatiyada o qədər də etibarlı metod sayılmır.

Rus sülhməramlılarının fəaliyyətinə ərazidə nəzarət hüququ isə birgə bəyənata və sonradan imzalanan rus-türk müqaviləsinə əsasən nə bizə, nə də türk hərbçilərinə verilir.

Özünü aldatmaq və xəyallarla yaşamaq, tarix boyu həmişə pis nəticələrlə yekunlaşıb. Biz də xalq olaraq, Rusiya təhlükəsi ilə bağlı özümüzü aldadacağıqsa, bizim də oxşar faciələri yaşamayacağımızın qarantiyası yoxdur.

Reallıq budur ki, Rusiya xirtdəyimizə çöküb və bundan sonra xarici, onun ardınca isə yavaş-yavaş daxili siyasətimizdə də söz sahibinə çevriləcək.

Aydındır ki, dünyanın 2-ci supergücünə açıq-aşkar qarşı çıxmağa bizim nə gücümüz, nə də imkanlarımız var. Belə də, hər zaman üçün aktual olan sual ortaya çıxır: Nə etməli?

Ağır situasiyadır, lakin çıxılmaz deyil. Rusiya qarşısında ona-açıq aşkar meydan oxumadan da dayanmaq mümkündür. Ağıllı və çoxvektorlu siyasətlə.

İlk növbədə hakimiyyət qərblə konfrontasiyanı dayandırmalı və Rusiya təhdidi qarşısında qərb güclərinin Azərbaycanın yanında olması üçün aktiv diplomatik fəaliyyətə başlamalıdır. İctimai rəydə qərb güclərinin müharibə dönəmindəki ədalətsiz davranışlarından dolayı, haqlı olaraq qərbə qarşı nifrət var. Lakin cəmiyyimiz anlamalıdır ki, diplomatiya müqəddəslər panteonu deyil, qarşılıqlı maraqların tarazlaşdırılmasıdır. Nə qərbdə, nə şərqdə ideallıq axtarmadan, müharibə dövründəki qəzəbimizi keçmişdə qoyaraq, öz maraqlarımız üçün Rusiyaya əks-taraz olacaq qərb güclərinin ən azı diplomatik, yaxşı olardı ki, siyasi və hətta gələcəkdə mümkünsə hərbi dəstəyini əldə etməliyik.

İkincisi isə ölkənin bütün siyasi qüvvələri ilə geniş və əhatəli dialoq qurulmalı, ölkə daxilində gecikmədən siyasi və iqtisadi islahatlar başladılmalı, azad biznesin və inkişafın qarşısını kəsən bütün süni əngəllər aradan qaldırılmalıdır. Rusiyanın iqtisadi təsir rıçaqlarını onun əlindən almaq üçün iqtisadi əlaqələr şaxələndirilməli və qeyri-neft sektoru ixracındakı Rusiya asılılığı aradan qaldırılmalıdır.

İndiyə qədər müstəqil idik və bunlar olmadan da keçinə bilirdik. Lakin artıq Rusiyanın əli xirtdəyimizdədir və ölkədə köklü dəyişiklər olmasa, Rusiya qarşısında dayanmaq çox çətin olacaq.

Rusiyanın "müttəfiq" adlandırdığı dövlətlərə əlaltı kimi yanaşması, müxtəlif böhranlar zamanı onlarla necə əzici və aşağılayıcı şəkildə davranması bizim hafizələrimizdən çıxmamalıdır. Unutmamalıyıq ki, Rusiya son 300 ildə caynağına keçirdiyi heç yerdən könüllü və sülh yolu ilə çıxmayıb.

Rusiya, çox ciddi problemləri olan bir dövlət olsa da, daxildə şovinist ab-hava ilə başı xarab edilmiş və bütün siyasi hüquqları əlindən alınmış rus xalqı hələ ki, dəyişiklik edəcək gücdə deyil. Lakin bu həmişə belə davam edəcək deyil və Rusiya eynilə SSRİ kimi özündə həmişə dağılmaq potensialı daşıyır.

Bu vaxta qədər isə biz "sağ qalmağı" bacarmalıyıq. Azadlığını ondan döyüşüb qoparmayan heç bir keçmiş müstəmləkəsinin müstəqilliyinə hörmət etməyən Rusiya ilə əlbəttə nə vaxtsa kəllə-kəlləyə gələcəyik və ola bilsin ki, yekun azadlıq müharibəsi də edəcəyik. Əlbəttə, bu, ən arzuolunmaz ssenaridir və və bunu heç kim arzulamır. Lakin qarşımızda hansısa ağlı başında dövlət yox, Rusiya dayanıb və onun dövlət olaraq üzərində dayandığı əsas sütun işğaldır. Və hətta Rusiya bu cür siyasət aparmasaydı belə, bütün hallarda, müstəqilliyini qorumaq üçün döyüşməyə hazır olmaq müasir dünyanın zərurətidir.

Bizim üçün həyati önəmə sahib seçim budur ki, əgər nə vaxtsa Rusiya ilə siyasi və ya hərbi toqquşma qaçınılmaz olacaqsa, bunu bizim ən güclü olduğumuz, Rusiyanın ən zəif olduğu məqamadək təxirə salmalıyıq.

Bu vaxta qədər isə yuxarıda qeyd etdiyim kimi, Rusiyanın mümkün hərbi intervensiyaları qarşısında sağ qala bilmək üçün bizə mütləq şəkildə inkişaf etmək, güclənmək və qərbin möhkəm dəstəyini qazanmaq lazımdır.

Əksi -qərbi ittiham etmək, söymək və onunla əlaqələrdən, eləcə də daxili islahatlardan və çoxvektorlu xarici siyasət kursundan imtina edərək Rusiyanın patronajlığını qəbul etmək- ipi boğazımıza keçirməkdir və heç kimin şubhəsi olmasın ki, əgər bu faciəvi seçimi etsək, gözəl olmayan günlərin birində Rusiya ayağımızın altındakı stulu itələməkdən özünü saxlamayacaq…

Ana səhifəXəbərlərRusiya sülhməramlıların sayını artırır: nə etməliyik?