Rusiya şirkəti Zod yatağını “işlədir”

Azərbaycan tərəfi məsələ ilə bağlı açıqlama vermir

Source: fdsaf


Azərbaycan tərəfi məsələ ilə bağlı açıqlama vermir

Erməni hərbi qüvvələrinin Kəlbəcər rayonundan çıxandan bir gün sonra sosial şəbəkələrdə Azərbaycan hərbiçilərinin Söyüdlü (Zod-ermənilər belə adlandırır) qızıl yatağı ərazisinə daxil olması barədə yayılan video bu yataq haqqında müzakirələrə təkan verdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl yatağın ehtiyatlarının 112.5 ton olması haqda məlumat yayıb.

Hələ bir neçə il əvvəl Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti Nazirlər Komitəsinə müraciət edərək işğal altındakı ərazilərdə sərvətlərin talanması məsələsinə diqqət yetirilməsini istəyib. Müraciətdə qeyd edilib ki, hələ 1990-1991-ci illərdə dövlət komissiyasının araşdırmaları nəticəsində Kəlbəcərdə üç yataqda təxminən 140 ton qızıl ehtiyatı olduğu üzə çıxıb:

“Ermənistan 1998-ci ildə Kanadanın "First Dynasty Mines Ltd." şirkəti ilə müqavilə imzalayıb və təkcə Zod yatağından 5 ton qızıl çıxarılıb. Daha sonra həmin yataqların işlənməsi ilə bağlı başqa şirkətlər də fəaliyyət göstərib”.

Azadlıq Radiosunun yazdığına görə, rəsmi məlumatlarda ehtiyatların təqribən 112 tonu qızılın payına düşür. Ekspertlər isə filizdə qızıl tərkibinin çox yüksək olduğunu bildirib, bir tonda 7.3 qram. Ekspertlər yataqdakı qızılın aşqarının azlığı səbəbindən onun təmizlənməsi (affinaj) prosesinin daha asan olduğunu və böyük maliyyə xərci tələb etmədiyini bildirib.

"Anglo Asian Mining"in (AAM) qiymətləndirməsinə görə, bu, Cənubi Qafqaz regionunda ən yüksək göstəricilərdən biridir.

Yataq 1951-ci ildə Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər rayonunun sərhədində kəşf edilib. Onun böyük hissəsinin (qızıl ehtiyatlarının 75 faizi və ya 25 qızıl quyusundan 17-si) Azərbaycan ərazisinə düşdüyü bildirilir. Amma SSRİ Geologiya Nazirliyinin əmri ilə yatağın idarəetməsi Ermənistanın Geologiya İdarəsinə verilib. Yatağın sənaye istismarına 1976-cı ildən başlandığı,1990-cı illərin əvvəlinə qədər ondan 27.6 ton qızıl çıxarıldığı qeyd edilir.

1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu yataqda işlər dayandırılıb. Bununla belə, 1997-ci il avqustun 20-də Azərbaycan hökuməti onu "RV Investment" şirkəti ilə imzaladığı ilk uzunmüddətli beynəlxalq qızıl müqaviləsinə daxil edib. Amma Ermənistanın 1992-ci ildə Kəlbəcər rayonunu işğal etməsi ilə əlaqədar həmin şirkətin bu yatağa çıxışı olmayıb. Əvəzində Ermənistanın istismarı davam etdirdiyi ilə bağlı araşdırmalar yayılıb. AAM-in bu il noyabrın 24-də yaydığı məlumatda isə qeyd edilir ki, "göründüyü qədər, döyüş əməliyyatlarına son qoyan sülh sazişi imzalanıb": "Azərbaycan hökuməti və AAM lazımı vaxtda 1997-ci il tarixli məhsul bölgüsü haqqında sazişə (PSA) daxil edilmiş və Azərbaycanın hazırda çıxışı olan rayonlarında yerləşən müqavilə sahələri ilə bağlı planları haqqında bazarı məlumatlandıracaq".

“Turan” İA Ermənistan tərəfinin məlumatı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) münasibət almaq istəsə də, cəhdi baş tutmayıb.

Hazırda əsas suallardan biri yatağın nə vaxt AAM-in balansına verilməsidir. Ekspertlər konkret zaman göstərmir və demarkasiya prosesinin vaxt tələb etdiyini deyib.

Hələlik isə, AAM-in əsas əməliyyatları Gədəbəy (735 min unsiya qızıl ehtiyatı, qızıl tərkibi 0.6-0.8 qr/t), Qədir mədənində (ehtiyatları – 267 min unsiya qızıl, qızıl tərkibi 2.4 qr/t) və ümumi sahəsi 2 min kv.m-ə yaxın olan bir sıra digər sahələrdə həyata keçirilir.

Məsələ ilə bağlı Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi də “Turan” İA-nin sualını cavablandırmayıb.

İşğaldan azad olunan Zəngilan rayonundakı Veynəli yatağı haqda deputat Vüqar Bayramov “Azərtac”a deyib ki, yatağın 25 qızıl tərkibli kvars quyusu zonası tədqiq edilib, 14, 15, 16, 19, 21 və 24 zonaları üçün C + C2 kateqoriyaları üzrə ehtiyatlar hesablanıb.

Deputat Veynəli yatağının 1959-1962-ci illərdə kəşf edildiyini bildirib:

“1984-cü ildə Azərbaycanın mineral resurslar balansına daxil edilib. Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyasına aid filizlər – 183 min ton, qızıl 2 min 169 ton. C2 kateqoriyasına aid filiz – 433 min ton, qızıl 4 min 347 ton. C1 kateqoriyasına aid gümüş – 0.19 ton, C2 kateqoriyasına aid gümüş – 9.9 ton…".

Vüqar Bayramov deyib ki, Ermənistan biznesmenləri və onların bir sıra xarici tərəfdaşları faktiki olaraq 1992-2020-ci illərdə Azərbaycanın işğal olunmuş ərazilərindəki filiz yataqlarını qanunsuz olaraq talan ediblər.

Ana səhifəXəbərlərRusiya şirkəti Zod yatağını “işlədir”