Rusiya artıq Avropa Şurasının üzvü deyil

Rusiya bayrağı endirilir. Foto: Telegram

Nazirlər Komitəsi qərarı açıqlayıb

Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi martın 16-dan Rusiyanı təşkilatdan çıxarmaq qərarını elan edib.

Müvafiq qərarda deyilir ki, Avropa Şurası Xartiyasının 8-ci maddəsinə uyğun olaraq başlanmış prosedur kontekstində Rusiya xaric edilib.

Dünən isə Avropa Şurası Parlament Assambleyası Rusiyanın qurumdan çıxarılmasını səsə qoyub.

Assambleyanın 216 nümayəndəsi layihənin lehinə səs verib, üçü isə bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.

Martın 10-da Rusiya Xarici İşlər Nazirliyi Avropa Şurasının işində iştirak etməyəcəyini açıqlayıb.

Eyni zamanda, Federasiya Şurası izah edib ki, Avropa Şurasından rəsmi çıxdıqdan sonra Rusiya Avropa İnsan Hüquqları Konvensiyasını denonsasiya edəcək və ölkə vətəndaşları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilməyəcək.

Fevralın 25-də Avropa Şurası Rusiyanın təşkilatdakı üzvlüyünü müvəqqəti olaraq dayandırdığını elan etmişdi.

Şuraya sədrlik edən İtaliyanın xarici işlər naziri Luici Di Mayo bu addımı Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəylə əlaqələndirmişdi.

Avropa Şurası 1949-cu ildə yaradılıb.

Rusiya 1996-cı ildə – Boris Yeltsinin ölkənin demokratiyaya keçidini tətbiq etmək cəhdinin bir hissəsi kimi müraciətindən sonra Avropa Şurasına üzv olub.

Rusiyanın nümayəndəlik hüquqları 2001-ci ildə İkinci Çeçenistan müharibəsi zamanı və 2014-cü ildə Putin Krımı işğal edəndə də dayandırılmışdı.

Ana səhifəSiyasətRusiya artıq Avropa Şurasının üzvü deyil