Rus dilinin tədrisi dövlət dəstəyi ilə genişlənir

Təhsil naziri əmr imzaladı

Source:
Rus İqtisad məktəbi
Rus İqtisad məktəbi


Bu ildən rus dili Azərbaycanda geniş tədris olunacaq.

Sentyabrın 28-də təhsil naziri Ceyhun Bayramov “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycanın 50 – Bakı şəhəri 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli, 20 nömrəli məktəb-lisey, 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11, Şirvan şəhəri 3, Abşeron rayonu Xırdalan şəhəri 2, Masallı şəhəri 2, Şəki şəhəri 5, Şamaxı şəhəri 6 nömrəli, İsmayıllı rayonu Talıstan, Zaqatala rayonu Əli Bayramlı, Tovuz rayonu Ağbulaq, Quba rayonu Əliməmmədoba, Qusar rayonu Ləcət, Lənkəran rayonu Havzava, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək.

Beləliklə, I-IV (birinci-dördüncü) siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saatlar dərs cədvəlinə daxil edilməklə “Rus dili”nin intensiv tədrisinə veriləcək.

V-VII (beşinci-yeddinci) siniflərdə “İkinci xarici dil”ə və dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat, IX (doqquzuncu) sinifdə “İkinci xarici dil”ə ayrılan 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 (iki) saat dərs cədvəlinə daxil edilməklə “Rus dili” tədris olunacaq.

VIII sinifdə “İkinci xarici dil”ə ayrılmış 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 saatdan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Rus dili”nin tədrisinə veriləcək.

VIII sinifdə dərsdənkənar məşğələlərə ayrılan 2 saatdan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” fakültativ kursun tədrisinə ayrılıb.

“Rus dilinin intensiv tədrisi” layihəsi həyata keçirilən I-IX (birinci-doqquzuncu) siniflərdə rus dili fənninin tədrisinin səmərəli təşkili məqsədilə sinifdə şagirdlərin sayı 20 (iyirmi) və daha çox olarsa, həmin fənnin tədrisində siniflər iki qrupa bölünür (dərsdənkənar məşğələlərdən verilən saatlar istisna olmaqla).

Bu əmrlə müəyyən edilən Bakı şəhərinin 13, 95, 238, 245, 265, 276 nömrəli ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilində “Rəqəmsal bacarıqlar”pilot layihəsi həyata keçirildiyindən həmin məktəblərin V-VI siniflərində “Rus dili” fənni “İkinci xarici dil”ə ayrılmış saat hesabına həftədə 1 (bir) saat tədris ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Mixail Zabelin
Mixail Zabelin

Qərarı şərh edən Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin “Modern.az”-a

deyib

ki, Gürcüstan və Ermənistanla müqayisədə həm Azərbaycanda, həm Rusiyada multikultural mühit var:

“Azərbaycanda həm ruslara, həm də rusdilli xalqlara çox yüksək, tolerant münasibət göstərir”.

M.Zabelin Azərbaycan-Rusiya arasında regional forumun keçirilməsini, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini xatırladaraq bildirib ki, xüsusilə son dövrlərdə Bakı ilə Moskva arasında münasibətlər çox uğurla inkişaf edir.

“Qonşu ölkələrlə müqayisədə Azərbaycanda rus dilinə və mədəniyyətinə daha böyük diqqət göstərilir. Rus mədəniyyətini, rus dilini saxlamaqla Azərbaycan suverenliyini, müstəqilliyini itirmir. Ulu öndər Heydər Əliyev də bildirmişdi ki, Azərbaycan gəncləri nə qədər çox dil bilsələr bir o qədər yaxşıdır”.

“Ria Novosti” isə yazır ki, Rusiyanın prezidenti Vladimir Putin doqquzuncu Azərbaycan-Rusiya forumunda çıxışı zamanı deyib:

“Biz rus dilinə olan marağı görürük və yüksək qiymətləndiririk. Təkcə Azərbaycan vətəndaşlarının marağını yox, həmçinin dövlət tərəfindən verilən dəstək bizim üçün qiymətlidir”.

Ana səhifəXəbərlərRus dilinin tədrisi dövlət dəstəyi ilə genişlənir