Rövşən Ağayev: Azərbaycanda 100 qadından 30-u 65 yaşadək vəfat edir

Statistik məlumatlara görə, Azərbaycan üzrə 14-29 yaşlı gənclərin ümumi əhalidə payı 23.7 faizdir.

Foto: Meydan TV


Ölümlərin yaşa görə statistikası

Ən son statistikaya görə, Avropa Birliyi ölkələrində ölümlərin 18 faizi 65 yaşa qədər, 82 faizi 65 yaşdan sonra baş verir.

2019-cu ilin nəticələrinə görə, Azərbaycanda isə ölümlərin 41 faizi 65 yaşa qədər baş verib.

Statistika 15 il ərzində (1990-2005-ci illər) 58 faizdən 38 faizə düşüb.

2006-cı ildən sonra isə 65 yaşa qədər olan ölümlərin xüsusi çəkisi artmağa başlayıb və 2019-cu ildə yenidən ən yüksək səviyyəyə çatıb.


“Ölüm həddi qadın və kişilər üzrə əhəmiyyətli dərəcədə fərqlənir”

“Azərbaycanda erkən ölümün yüksək olması ölkədə orta ömür uzunluğuna neqativ təsir göstərir”.

İqtisadçı Rövşən Ağayev belə deyir.

O deyir ki, Azərbaycanda ölüm həddi qadın və kişilər üzrə əhəmiyyətli dərəcədə fərqlənir: “1990-2005-ci illərdə kişilər arasında 65 yaşadək ölümlərin xüsusi çəkisi 68 faizdən 47 faizə ensə də, 2019-cu ildə 50 faizə yüksəlib. Yəni vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir. Qadınlar arasında ölümlərdə isə 65 yaşadək olanların xüsusi çəkisi 46 faizdən 29 faizə enib. Sonrakı 15 ildə bu göstəricidə elə ciddi dəyişiklik olmayıb. 2019-cu ildə isə 30 faiz təşkil edib. Yəni hazırda vəfat edən hər 100 qadından cəmi 30 nəfəri 65 yaşadək həyata vida edir. Bu kişilər üzrə göstəricidən az qala 2 dəfə yüksəkdir”.


Ölkənin ən yaşlı bölgələri

Statistikaya görə, Azərbaycan əhalisinin 7,2 faizi 65 və yuxarı yaşda insanlardır, ancaq burada bölgələr üzrə mənzərə dəyişir. Məsələn, Tərtər üzrə 12, Gədəbəy üzrə 9 faiz ətrafındadır. Gəncə, Bakı, Qazax, Naftalan, Kəlbəcər üzrə 8-9 faiz intervalında dəyişir.

Rövşən Ağayev deyir ki, bu baxımdan ən aşağı göstərici Abşeron rayonu üzrədir: 3.5 faiz.

Onun sözlərinə görə, Yardımlıda 5, Cəlilabadda 5,1, Neftçalada 5,2 faizdir: “Yaşlı əhalinin payına adətən 2 amil təsir edir. Bu amillərdən biri ölkədə yüksək təbii artım səbəbindən aşağı yaş qrupundan əhalinin daha yüksək çəki qazanmasıdır. Digər amil isə əhalinin 65 yaşdan sonrakı orta ömür müddətinin aşağı olması ilə bağlıdır. Yaşlı əhalinin xüsusi çəkisi əsasən, ölkənin Aran rayonlarında və cənub bögəsində aşağıdır – 5-6 faiz intervalında”.


Ölkənin ən gənc bölgələri

Statistik məlumatlara görə, Azərbaycan üzrə 14-29 yaşlı gənclərin ümumi əhalidə payı 23.7 faizdir. Bölgələrə nəzər saldıqda Yardımlı, Xocavənd və Xocalının ən gənc bölgələr olduğunu görürük. Hər 3 bölgə üzrə 14-29 yaş qrupunun payı 29 faiz ətrafındadır.

İqtisadçı bildirib ki, bundan sonrakı sırada 20.4 faizlə Bakı dayanır: "Ardınca 21,3 faizlə Mingəçevir gəlir. Sumqayıt 21.5, Naftalan 21.6 faizdir. 14-29 yaşlı gənclərdə qızların payının ən yüksək olduğu bölgə Şahbuzdur: 54.1 faiz. Qızların payının ən aşağı olduğu bölgə isə Naftalan şəhəridir: 45.2 faiz”.


“Bölgələr üzrə təhsilin inkişafı qeyri-bərabərdir”

Rövşən Ağayevin fikrincə, bölgələr üzrə təhsilin inkişafında qeyri-bərabərliyin müntəzəm olaraq ölçülməsi, nəticələrin ictimai müzakirəsi son dərəcə vacibdir: "Təhsil inkişaf etməsə, orta və uzunmüddətli dövrdə Azərbaycanda hazırda bölgə inkişafında mövcud olan fantastik qeyri-bərabərliyi aradan qaldırmaq mümkün olmayacaq. İqtisadi inkişafdakı qeyri-bərabərliyin miqyasına baxın, özünüz nəticə çıxarın: ölkənin milli gəlirinin tam 80 faizi coğrafi olaraq ölkə ərazisinin 5 faizində, milli gəlirin 20 faizi isə 95 faiz ərazidə formalaşır. Yaxud ölkə əhalisinin 40 faizə qədəri coğrafi olaraq ərazisinin təxminən 5 faizində məskunlaşıb. Bu mənzərənin təhsildə də qeyri-bərabərlik yaratması qaçılmazdır”.


Bəs bu nəticəni necə ölçmək olar?

İqtisadçı deyir ki, nəticələri ölçmək üçün çoxsaylı indikatorlardan istifadə etməklə "qeyri-bərabərlik" əmsalını hesablamaq mümkündür: "Amma indilikdə daha asan yolla gedərək yalnız 1 göstəricidən istifadə etməklə real mənzərəyə baxmaq mümkündür – hər bir bölgə üzrə məzunların əhalinin hər 10 000 nəfəri hesabı ilə universitetlərə qəbul sayını hesablamaqla. Aşağı və yuxarı göstərici arasında təxminən 12 dəfə fərq var. Məsələn, Bakı, Sumqayıt və Naxçıvan şəhərləri, Abşeron, Zəngilan və Qubadlı rayonları üzrə hər 10000 nəfərə universitetə daxil olan məzun sayı 60 nəfər olduğu halda, Daşkəsən üzrə həmin göstərici 5 nəfər təşkil edir. Yaxud bu göstərici Ağsu, Hacıqabul, Saatlı, Sabirabad, Cəlilabad, Lerik rayonları üzrə 15-17 nəfər, Gəncə, Oğuz, Qazax, Qəbələ üzrə 30-45 nəfər arasında dəyişir”.

Ana səhifəSosialRövşən Ağayev: Azərbaycanda 100 qadından 30-u 65 yaşadək vəfat edir