Ötən ilə qədər Rövnəq Abdullayev Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın rəhbəri olub və rəsmi vəzifə maaşı alıb. Lakin onun oğlu Rəşad Abdullayev 25 yaşında olan zaman Londonun Grosvenor Meydanında ən bahalı mənzillərdən birinə sahiblənib.
Əsas məqamlar:
- Rəşad Abdullayev bu dəbdəbəli London mənzilinə Gernsidə qeydiyyatdan keçmiş şirkət vasitəsilə sahibdir.
- Böyük Britaniyada keçən il qəbul edilmiş qanun sayəsində gizli şirkətin benefisiarının Rəşad Abdullayev olduğu üzə çıxıb.
- Mənzilin alınması üçün ödənilən pulun mənbəyi bəlli deyil.
- Rövnəq Abdullayevin 17 il rəhbərlik etdiyi dövlət şirkəti olan SOCAR korrupsiyaya və gizli maliyyə sövdələşmələrinə görə geniş tənqidlərə məruz qalıb.
İlk dəfə olaraq xaricdə dəbdəbəli daşınmaz əmlakın uzun müddət ərzində Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın sabiq rəhbəri Rövnəq Abdullayevin ailəsinə məxsus olduğu üzə çıxıb.
Abdullayevin ötən ilə qədər rəhbərlik etmiş olduğu nəhəng dövlət qurumunun qeyri-şəffaf olması və Abdullayevin ailə üzvləri də daxil olmaqla, Azərbaycan elitasını dövlət xəzinəsi hesabına zəngin etməsi tənqid olunub.
Hazırda iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edən Abdullayevin rəsmi maaşından başqa heç bir gəlir mənbəyi məlum deyil.
Lakin yeni üzə çıxan sənədlərdə görünür ki, Rövnəq Abdullayevin 28 yaşlı oğlu Rəşad Abdullayev Londonun ən bahalı və tanınmış yerlərindən biri olan “Twenty Grosvenor” Meydanında 17,3 milyon funt-sterlinq (təxminən 22,4 milyon dollar) dəyərində dəbdəbəli mənzilin sahibdir.
ABŞ Hərbi Dəniz Qüvvələri bir vaxtlar bu çoxmərtəbəli binanı istifadə edib və İkinci Dünya Müharibəsi zamanı Müttəfiq qüvvələrinə rəhbərlik edən general Duayt Eyzenhauer ev sahibi olub. 2014-cü ildən etibarən şərab zirzəmisi, öz stüardı və 25 metrlik hovuzu olan elit yaşayış binasına çevrilib. Dəbdəbəli mənzillərə “Four Seasons otel” brendinin əməkdaşları gecə-gündüz qulluq edir.
Ötən ilin mart ayında “The Telegraph” qəzeti binadakı bəzi mənzillərin məşhur xarici iş adamları, o cümlədən rusiyalı milyarder Dmitri Rıbolovlev tərəfindən alındığını yazıb.
Ancaq binanın üçüncü mərtəbəsində yerləşən 4 yataq otaqlı mənzilin Abdullayevə məxsus olmasını isə yaxın zamanda aşkarlamaq mümkün olub. Bu mənzil korporativ mülkiyyət məlumatları ictimaiyyətə açıqlanmayan, Gernsi adasında qeydiyyatdan keçmiş bir şirkətə məxsusdur.
Lakin ötən il Böyük Britaniyada qəbul edilmiş İqtisadi Cinayətlər (Şəffaflıq və İcra) Aktı ölkədə mülk sahibi olan bu tipli ofşor şirkətlərin yanvarın sonuna qədər benefisiarlarını açıqlamarını tələb edib.
Gernsidə “Mount Street Investment” adlı şirkət bir həftə öncə öz benefisiarının kim olması ilə bağlı bəyənnaməsini yerləşdirib. Sənədlərə əsasən 2019-cu ilin iyun ayından etibarən şirkətin sahibi Abdullayevdir. Britaniyanın torpaq reyestri sənədləri göstərir ki, həmin ilin dekabrda bu şirkət Londonda mənzil satın alıb.
“Yeni şəffaflıq tənzimləmələri göstərir ki, dünyanın hər yerindən siyasi əlaqələri olan insanlar gizli ofşor şirkətlər vasitəsilə Böyük Britaniyada böyük ölçüdə daşınmaz əmlaka necə sahib olublar”,- deyə Böyük Britaniyada “Transparency International” təşkilatının araşdırmalar rəhbəri Ben Koudok qeyd edib.
“Mülkiyyətçinin məlum qanuni sərvətinin mənbəyindən qat-qat artıq dəyəri olan bir aktivi varsa, xüsusən də mülk sahibi qanuni olaraq daha çox korrupsiyaya qarışıbsa, polis həqiqətən araşdırma aparmalıdır”, – o deyib.
Mənzil alınarkən ödənilən pulun mənbəyi isə məlum deyil. Rəşad Abdullayev göndərilən sorğuya cavab verməyib. OCCRP-nin suallarını email vasitəsilə cavablandıran Rövnəq Abdullayev deyib ki, o, bu mənzillə bağlı heç bir ödəniş etməyib və üstəlik məlumatı da yoxdur.
“Üstəlik, inanıram ki, Rəşad Abdullayev yuxarıda qeyd olunan mənzili alsa belə, o, heç bir qanunsuz əməliyyat aparmayıb, bu məsələ ilə bağlı əlində lazımi sənədləri mövcuddur və bütün əməliyyatlar qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir,” – o deyib.
SOCAR-ın illik hesabatlarında şirkətin prezidentinin və ona yaxın vitse-prezidentlərin illik maaşlarının və müavinətlərin toplam 800 min dollardan az olduğu görünür və bu mahiyyət etibarilə Rəşad Abdullayevin atasının rəsmi gəliri ilə Londonda mənzil alınmasının demək olar ki, mümkün olmadığını üzə çıxarır.
Hazırda silinmiş “Linkedin” profilindən görünür ki, Abdullayev 16 yaşında Dövlət Neft Şirkətinin marketinq və inkişaf qolu sayılan “SOCAR Trading” şirkətində işə başlayıb. Onun vəzifəsi “Ticarət və Biznesin İnkişafı üzrə Mütəxəssis” kimi görünür. Lakin Rövnəq Abdullayev OCCRP-yə cavabında bunun doğru olmadığını, onun SOCAR-la əlaqəli digər şirkətdə təcrübəçi kimi çalışdığını qeyd edib.
Cəmi üç il sonra, Türkiyədə yaşayarkən 19 yaşlı Rəşad Abdullayev daşınmaz əmlak üzrə investisiya, konsaltinq və əmlak idarəçiliyi şirkəti qurub. Bir neçə il müddətində, o, kurort şəhəri Bodrumda restoran sahibi və Gürcüstanda yanacaqdoldurma məntəqələri şəbəkəsinin ortağı olub.
Onun hazırki iş yeri və gəliri məlum deyil.
Azərbaycanın neft sərvətlərinin böyük hissəsinə nəzarət edən SOCAR jurnalistlər tərəfindən korrupsiyada və şəffaflıq qrupları tərəfindən açıqlanmayan yüz milyonlarla dollarlıq razılaşmalar həyata keçirməkdə ittiham olunub.
“SOCAR Azərbaycanın aparıcı korrupsioner dövlət şirkətidir”,- deyə iqtisadçı və hazırda London İqtisadiyyat Məktəbinin aparıcı elmi tədqiqatçısı olan Qubad İbadoğlu bildirib. “Onlar heç vaxt açıqlama vermirlər, nə qədər pul aldıqları, nə qədər vergi ödədikləri barədə heç bir hesabat yayımlamırlar”.
Londonda mənzil alındığı il, OCCRP İbizada Abdullayevin 1,35 milyon dollar dəyərindəki dəbdəbəli saatın oğurlanması ilə bağlı yayılan şayiələri təsdiq edib. Lakin həmin vaxt SOCAR-in sözçüsü bu iddiaları təkzib edib. OCCRP-nin reporyorlarının şəxsən gördüyü dəyişdirilmiş polis ifadəsinə görə, Abdullayev dəbdəbəli saatın ona məxsus olmadığını, daha doğrusu, başqasından borc aldığını iddia edərək bundan boyun qaçırmağa çalışıb.
Onun Londonda 300.000 dollar dəyərində nadir “Mercedes” sürdüyü də yerli media tərəfindən dərc edilib.
Rövnəq Abdullayev ötən il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən SOCAR-ın rəbər vəzifəsindən azad edilib. İqtisadiyyat nazirinin müavini kimi onun yeni vəzifəsi daha az təsirli hesab olunur və Prezident Əliyev aprel ayındakı çıxışında dövlət neft şirkətində korrupsiya hallarına işarə vurmuş, “aktiv islahatlar” və “yeni rəhbərlik” haqqında danışaraq beləliklə, bunların SOCAR-ın “şəffaf beynəlxalq enerji şirkəti” olmasına kömək edəcəyini bildirib.
Rövnəq Abdullayev SOCAR-la bağlı iddia olunan korrupsiya və qeyri-şəffaflıq qalmaqalları ilə bağlı suala cavabında isə “Son olaraq nəzərinizə çatdırıram ki, məktubunuzda yazılanlarla bağlı heç bir məlumatım və ya marağım yoxdur. Mənimlə bağlı yazılanlar həqiqəti əks etdirmir, ” – deyib.
Twenty Grosvenor Meydanının qəbul hissəsindəki əməkdaşı isə Rəşad Abdullayevin binada mənzilinin olduğunu təsdiqləyib və məktubu onun köməkçisinə çatdıracaqlarını bildiriblər.
Binanın bərpası ilə məşğul olan Finchatton şirkəti OCCRP-in suallarını cavabsız qoyub.
iFact Georgia araşdırmaya öz töhfələrini verib.