None

Mənbə: 

Rövnəq Abdullayev: İnsanlar pullarını dollara çevirib seyfdə saxlayırlar

''1000 dollarlıq istiqrazın 1 illik gəliri 5 dollardır''

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanda ilk dəfə buraxılan SOCAR istiqrazları, onların investorlar üçün yaratdığı gəlir imkanları və ilk faiz ödənişi ilə bağlı “Trend”in suallarını cavablayıb.

“Ölkə vətəndaşları ilə SOCAR arasında tərəfdaşlıq yarandı”

Rövnəq Abdullayev SOCAR istiqrazlarının buraxılmasının şirkət üçün mühüm hadisə olduğunu söyləyib:

“Maliyyə tərəfindən başqa, ölkə vətəndaşları ilə SOCAR arasında tərəfdaşlıq yarandı. İstiqrazlar üzrə ilk faiz ödənişini həyata keçirdik.  İstiqraz sahiblərinin hesabına 1,25 milyon dollar köçürüldü. Bu, Azərbaycan maliyyə bazarında çox vacib bir addımdır”.

''Vətəndaşlarımız pullarının 80 faizini dollara çevirib passiv vəziyyətdə seyflərdə saxlayırlar''

İstiqraz satışından əldə olunan 100 milyon dollar vəsait hansı məqsədlə istifadə olunmasına gəlincə, Rövnəq Abdullayev bildirib ki, bu, ilk növbədə xaricdə buraxdıqları avrobondların geri alınmasına sərf olunur:

“İstiqraz buraxmaqla biz, əvvəla, xaricə hər il milyonlarla dollar faiz ödəməyin qarşısını alırıq, bu faizlər əcnəbilərə gəlir qazandırmaqdansa, öz vətəndaşlarımıza ödənilir və valyuta da ölkəmizdə qalır. İkincisi, SOCAR-ın özünün faiz xərcləri azalır, vəsaitlərimizi daha səmərəli istifadə edirik. Üçüncüsü isə, bildiyimiz kimi, indi vətəndaşlarımız öz pullarının 80 faizini, bəlkə də daha artığını, dollara çevirib passiv vəziyyətdə evlərdə və seyflərdə saxlayırlar. Bu pullar nə iqtisadiyyata, nə də öz sahiblərinə gəlir gətirir. SOCAR istiqrazlarının buraxılması isə imkan verir ki, hazırda heç bir fayda verməyən bu pullar aktiv iqtisadiyyata cəlb olunsun”.

Vətəndaşların pullarını evlərində saxlamalarına səbəb nədir?

İqtisadçı Natiq Cəfərli deyir ki, ölkənin bank sisteminə, qiymətli kağızlar dövriyyəsinə inam məsələsi çox vacibdir. Azərbaycanda son iki ildə baş verən devalvasiyalar, bank sistemindəki problemlər, ötən il 10-a yaxın bankın bağlanması, insanların əmanətlərini almaq üçün gözləməli olması və s. problemlər insanları narahat edib:

“Nəticədə banklara güvən zəifləyib. İnsanlar nə depozitlərini banklarda saxlamaq istəyir, nə də pullarını digər qiymətli kağızlara yatırır. Əslində bu işdə böyük qazanc da yoxdur. 1000 dollarlıq istiqrazın 1 illik gəliri cəmi 5 dollardır. Vətəndaş 5 dollardan ötrü risk etmək istəmir”.

“Bank-maliyyə sisteminə güvən yaranmalıdır”

Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı bildirir ki, bunun üçün banklara güvən ortamının bərpa olması şərtdir:

“Bank sisteminin normal fəaliyyət göstərməsi, qiymətli kağızların dövrüyyəsinin yaxşılaşması, iqtisadi aktivliyin artması lazımdır ki, yenidən insanlarda bank-maliyyə sisteminə güvən yaransın. Ancaq bundan sonra insanlar qiymətli kağız bazarından istifadə edə bilər”. 

“Bank sistemində sağlamlaşma olmayınca, əhalinin inamını bərpa etmək çətindir”

Natiq Cəfərli bildirir ki, SOCAR cəmi 100 milyon dollarlıq istiqraz buraxıb. Bunun da hamısı ilk hərracda satılıb. Əksəriyyətini də banklar alıb:

“Burada bir detal var. Banklar valyuta depozitini illik 3 faizdən qəbul edir. Amma SOCAR-ın istiqrazı 5 faizdir. Banklara bu istiqrazları almaq sərf edir. Lap əhalinin depozitə qoyduğu valyutası ilə o istiqrazları alsa belə, gəlir əldə edəcək. Nə zamana qədər ki, Azərbaycanda qiymətli kağızlar bazarı normal şəkildə fəaliyyət göstərməyəcək, nə qədər ki, banklararası valyuta birjası sərbəst fəaliyyət göstərməyəcək, bank sistemində sağlamlaşma olmayacaq, əhalinin inamını bərpa etmək də çətin olacaq”.

İqtisadçı deyir ki, əhalinin güvənini qazanmaq uzun illər çəkir, həmin güvəni itirmək üçünsə bir gün kifayətdir. Əhalinin bundan sonrakı inamının formalaşması gedən proseslərdən asılı olacaq:

“İnsanlar əllərində olan vəsaiti Azərbaycana yatırdıqdan sonra ölkədəki iqtisadi aktivliyin zəifləməsi fonunda gəlir götürə bilməyəcəyindən də narahatdır. Ona görə də, çalışırlar ki, ya vəsaitlərini əllərində heç bir əməliyyat etmədən saxlasınlar, ya da xarici ölkələrdə yatırımlar etsinlər. Əhalinin verdiyi bu reaksiya çox normal haldır”.

Bankların bir-birinin ardınca zərər açıqlaması, bu il bir neçə bankın bağlanacağının bəyan edilməsiəmanətçiləri narahat edir. "Marja" yazır ki, banklarda dollar əmanəti olanlar pullarını geri götürməyə başlayıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/11ywwu

Ən çox baxılan