Mənbə: AFFA

Rövnəq Abdullayev hardadır?

Məqalə yeniləndi:  14 Oktyabr 2021

Milli komandalar uduzur, AFFA prezidentini görən yoxdur

Oktyabrın 12-si gecəsi Azərbaycan futbolunun bütün eyiblərini, eybəcərliklərini ölkənin futbol camiəsinə növbəti dəfə, bütün çılpaqlığı ilə göstərdiyi gecə oldu. Əvvəlcə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşdı. Qarşılaşma xorvatların 5:1 hesablı qələbəsiylə başa çatdı. Daha sonra əsas milli komanda DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə üz-üzə gəldi və 1:3 hesablı məğlubiyyətlə üzləşdi. Bir gecədə iki məğlubiyyət, buraxılan 8 top. Azərbaycanın U-21 millisi cəmi 1 xalla yer aldığı qrupda 5-ci sıradadır. Əsas yığma komandada da vəziyyət eynidir: 1 xal və sonuncu - 5-ci pillə.

İstefa? O nədir?

İstefa mədəniyyətinin formalaşdığı, insanların işlərinə vicdanla yanaşıb, vəzifə borclarını ləyaqətlə yerinə yetirdikləri ölkələrdə bu cür rüsvayçı nəticələrə görə istefa verərdilər. Amma Azərbaycan futbolunda illərdir eyni nəticələr təkrarlanır, uğursuzluqlar, rüsvayçılıqlar bir-birini əvəz edir, kimsə istefa vermir. Əksinə, ölkədə futbola birbaşa cavabdeh olan şəxslərdən biri, Elxan Məmmədov AFFA-da tutduğu baş katib postu ilə yetinmir, özünü icraçı vitse-prezident vəzifəsinə də təyin edir. AFFA prezidenti Rövnəq Abdullayevi isə bu aralar görən olsa, milli komandaların uduzduqları oyunlardan sonra sosial şəbəkədə tənqidi təhqirə qarışdıran azərbaycanlı futbol azarkeşlərinin salamlarını çatdırsın...

Elxan Məmmədov və Byazi

Elxan Məmmədov və Byazi

Mənbə: AFFA

De Byazi qaçır

Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni De Byazi isə deyəsən, Bakıya yeni gələrkən verdiyi açıqlamaların pafosdan başqa bir şey olmadığını dərk edib. Bizim ölkənin milli komandası ilə son bir ildə yaşadıqları, bir-birini əvəz edən məğlubiyyətlər De Byazi üçün qaçmaqdan başqa çıxış yolu qoymamalıdır. O, vaxtı ilə yığma komandasını çalışdırdığı Albaniyanın “İndeksonline” media orqanına açıqlamasında Kosovo millisinin “sükanı arxasına” keçmək arzusunu gizlətməyib.

Kosovo yığmasının baş məşqçisi Bernar Şalland vəzifəsindən istefa verib. Buna komandanın DÇ-2022-nin seçmə mərhələsindəki uğursuz çıxışı səbəb olub. B qrupunda yer alan və keçirdiyi son iki oyunda Gürcüstana 1:2, İsveçə isə 0:3 hesabı ilə uduzan Kosovo 4 xalla sonuncu sırada qərarlaşıb. Artıq Kosovo Futbol Federasiyası yeni baş məşqçi axtarışlarına başlayıb. Kosovo millisini çalışdırmağa namizədlərdən biri də Canni De Byazidir. O, bu ölkənin yığma komandasına başçılıq etməyə hazır olduğunu bildirib:

“Mənə belə bir təklif gəlsə, qəbul edərəm. Bir aydan sonra AFFA ilə müqaviləmin müddəti başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı“.

Belə... AFFA rəhbərliyi De Byazini məvacibini artırmaq vədi ilə daha bir il burda saxlamasa, italiyalının gedəcəyi dəqiqdir.

De Byazidən sonra Azərbaycan millisinə kim rəhbərlik edə bilər? İnanın ki, indi bu sualın cavabının heç bir əhəmiyyəti yoxdur. Bu ölkədə futbol, xüsusilə də, milli komandalar bataqlığa elə batıb ki, hazırda dünyanın ən yaxşı məşqçilərindən sayılan Pep Qvardiola ilə Yurgen Kloppun ikisini eyni vaxtda gətir Azərbaycan yığmasının “sükanı arxasına” qoy, xeyri olmayacaq.

Hardasan, ay veteran?

Bu yazını yazarkən idman saytlarında azərbaycanlı futbol veteranlarının, məşqçilərin, mütəxəssislərin milli komandaların oktyabrın 12-si gecəsi aldıqları məğlubiyyətlər haqda açıqlamalarını axtardım. Heç nə yoxdur. Susurlar. Susdurulublar. Kimisi AFFA-nın ayırdığı 5-10 manatlıq təqaüdə görə, kimisi federasiyadan aldığı işə görə, kimisə də gələcəkdə ona da hansısa vəzifə verilə bilər ehtimalına görə. Ara sakitləşəndən sonra ortaya çıxacaqlar və yenə başlayacaqlar futbola aid “dahiyanə” fikirlərini səsləndirməyə: Premyer Liqada komanda sayı artırılmalıdır, uşaq futbolu inkişaf etdirilməlidir, bizim özümüzdə kifayət qədər səviyyəli məşqçi və futbolçu var... Və sair və ilaxır. İllərdir təkrar-təkrar deyilənləri təkrarlayacaqlar. Aralarından bircəsi də demir və deməyəcək ki, AFFA prezidenti Rövnəq Abdullayev hardadır? Bircə nəfər də deməyəcək ki, Rövnəq Abdullayevi, Elxan Məmmədovu Azərbaycan futbolunun boğazına kəndir kimi kim keçirib? Hər şeydən danışacaqlar, ən vacib məsələdən danışmayacaqlar. O vacib məsələ ki, Azərbaycanda futbol göz görə-görə ölür və “qatil”i AFFA-ya rəhbərlik edənlər, onları rəhbər postlara qoyanlar, 15 ilə yaxındır həmin vəzifələrdə saxlayanlardır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 Oktyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ja8hbv

Ən çox baxılan