Rəsulzadənin şəklinə görə həbs

Şəkilli maska taxan gəncə 10 gün həbs cəzası verildi

Source: Facebook

COVİD-19 (koronavirus) infeksiyasından qorunmaq üçün istifadə etdiyi maskanın üzərinə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin şəklini vurmuş ictimai fəal Cavid Məmmədzadə həbs olunub. İyunun 27-də Sumqayıt Şəhər Məhkəməsində onun 10 günlük inzibati həbsi barədə qərar çıxarılıb. C.Məmmədzadə İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulması) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib. Bu barədə Meydan TV-yə gənc fəalın yaxınları məlumat verib.

C.Məmmədzadə iyunun 25-də “Facebook” hesabından xəbər vermişdi ki, maskanın üstündəki şəklə görə polis idarəsinə çağrılıb.

“Rəsulzadənin şəkli olan maska paylaşımımla bağlı Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olundum. Rəsulzadəni SSRİ silə bilmədisə, siz heç yaxın dura bilməzsiz. Elə o maskanı taxıb ora gedəcəm”, – gənc fəal belə yazmışdı.

Yaxınlarının sözlərinə görə, iyunun 26-da polis idarəsinə gedən C.Məmmədzadəni gecə də orada saxlayıblar. İyunun 27-də isə hakim qarşısına çıxarıblar.

C.Məmmədzadə iyunun 24-dən Rəsulzadənin şəkli olan maskadan istifadə etməyə başlayıb. Bu addımını da sosial mediadakı paylaşımında belə izah edib: “Polislər məni maska taxmağa məcbur edirsə, mən də onları Rəsulzadəyə baxmağa məcbur edəcəm. "Bir gün həqiqət parıldayacaq"!!!”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə C.Məmmədzadənin Rəsulzadənin şəkli olan maskaya görə saxlanması barədə deyilənləri təkzib edib. O, “Qafqazinfo”ya deyib ki, C.Məmmədzadə karantin rejimi qaydalarını pozduğuna və polisə tabesizlik göstərdiyinə görə saxlanıb: “Birincisi, hörmətli bir şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?”

E.Zahidovun sözlərinə görə, C.Məmmədzadə küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb: “Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də, bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib”.

Ana səhifəSiyasətRəsulzadənin şəklinə görə həbs