Mənbə: Meydan TV

Rəhman Bədəlov: "Ziyalı təsirinə ehtiyac var, ziyalıya yox"

Rəhman Bədəlov: "Ziyalı təsirinə ehtiyac var, ziyalıya yox"

“Bizim adət-ənənələr qadın-kişi münasibətlərinə çox böyük zərbə vurur”

Azərbaycan cəmiyyətinin mənəvi-ideoloji problemləri daim müzakirə mövzusu olsa da, bu yöndə intelektualların danışmasına daha çox ehtiyac var. Professor Rəhman Bədəlovla söhbətimizdə qeyd olunan məsələlərin yaratdığı suallara cavab almağa çalışdıq.  

-       Rəhman müəllim, azərbaycanlıların milli kimliyi nə zaman yarandı sualı illərdir müzakirə mövzusudur. Sizcə, milli kimliyin tarixi nə zamandan başlanır?

-       Mən özümə filosof demirəm, çünki filosof bir az təmtaraqlı sözdür, ona layiq olmaq çətindir. Amma mən hər halda fəlsəfə ilə məşğul oluram, fəlsəfə doktoruyam. Fəlsəfənin həm də əsas vəzifəsi yanaşmaya dəqiqlik verməkdir. Çox təəccüblü olsa da, riyaziyyatdan başlamaq istəyirəm. Riyaziyyatı bilmirəm, amma bəzi şeyləri nəvələrə də başa salıram ki, riyaziyyatda hesabla riyaziyyat arasında fərq var və bu fərq vacibdir. Hesab hazır və donmuş rəqəmlərdir, riyaziyyatda isə onlar hərəkətə gəlirlər, differensial inteqral nəyə lazımdır, kiçik hissəçikləri öyrənmək üçün. Yəni rəqəmin sıfra və sonsuzluğa meyli olur, bunun üstündə fizika və bütün texnologiya qurulub. Bizdə indiyə qədər humanitar elmlərdə hesab donmuş anlamlardı. Hətta kvant psixoqları deyirlər ki, imkan daxilində tube-bu belədir felini az işlədin. Bizdə isə “donmuş rəqəmlər”dir, obyektiv, mənlik, ədalət, tarix, tarixi torpaqlarımız. Milli mənlik isə indiki dövrdə ən aktual məsələdir, ona görə ki, müasir insan çox çevik və çox dəyişkən dünyada yaşayır. Mənliklər də tez-tez dəyişir, sadə şəkildə deyim, sual verirəm özümə, mən niyə 24 saat azərbaycanlı qalmalıyam, çox darıxdırıcıdır. Elə anlarım olur ki, o vaxt sırf azərbaycanlıyam, məsələn, “Arşın mal-alan”ı dinləyəndə, yaxud “O olmasın, bu olmasın”a baxanda. Sonra kosmopolit oluram. Bizim mənliyə gələndə, bunun düsturu var və bu barədə kitab yazdığımdan geniş açmayacam. İnanıram ki, indiki çevik dünyada xeyli düsturlar olmalıdır. Vacib deyil ki, mənim mənlik düsturum sizinki ilə üst-üstə düşsün, kəsişmə olacaq, tam fərqli və tam eyniyyət də mümkün deyil. Ona görə “mənim Azərbaycanım” deyəndə, otağımdakı şəkillərdən bunu görə bilərsiniz. Şanlı 50 illik var, 50 il çox qısa zamandır, qərb sivilizasiyasının əsasını qoyan yunan sıvilizasiyası 100 ildir. 100 ildə elə sıçrayış olub ki, min illərlə davam edib. Bizdəki 50 il “Əkinçi”dən ADR-ə qədər dövrü əhatə edir. “Əkinçi” ilk qəzetdir, bununla biz ara söhbətlərindən çıxdıq, ADR-də isə dövlət yaratdıq, bu yaxşıdır, pisdir, hansı vəziyyətdəydi, o başqa söhbətin mövzusudur. Amma müasir tipli dövlət quruldu. Həmin 50 il zəngin, ziddiyyətli və çox şaxəliydi. Sanki yatmış rəqəm oyandı və o qədər fikirlər səsləndi ki, mən indi də onları kəşf edirəm. Ona görə də mənim mənliyim həmin 50 illə bağlıdır, daha qısa desəm, maarifçilikdir və onların nüvəsində qərb sivilizasiyasındakı kimi maarif dayanır. 

-       Bəs ondan əvvəlki tarix necə adlanmalıdır? 

-       Mən həmin tarixi inkar etmirəm. Mən niyə maarif deyirəm, o mədəniyyət ki, özünü kitabda ifadə edir, onunla müəyyən bir dialoq yaranır. Maarifin də müxtəlif adlanmaları var. Mən dediyim maarif odur ki, sual həmişə cavabdan üstündür. Sual  odur ki, cavabları yeni sual yaradır. Və sən kitab yazırsan, burda artıq ikiləşirsən, biri əcdadların həyatı, onlar hazır həyatdır, vacibdir, amma bəzən onlar mane olur. İndiki ailəni götürək, hesab edirəm ki, bizim adət-ənənələr qadın-kişi münasibətlərinə çox böyük zərbə vurur. Əcdadlarımız bizə elə bir miras qoyub ki, məsələn, həyat yoldaşı, sovet karkasıdır, halbuki, “jena”, “eşim” daha dərin sözdür, yaxud “uşaqların anası”. Bunlar hamısı əcdadların mirasıdır, maarif gərək bunları partlatsın. Ona görə həmin 50 ilin bağlantısı mənim üçün çox vacibdir.

- Növbəti sualımı elə dediyiniz miras məsələsinə istinad edib soruşmaq istərdim. II Aleksandr deyirdi ki, Rusiya qanunlarla deyil, zərb-məsəllərlə idarə olunur. Həmin fikri 200 il Rusiyanın əsarətində olan və bu gün də təsir imkanlarını saxlayan Azərbaycana da aid etmək olarmı?

- Ümumiyyətlə, Rusiya ziddiyyətli ölkədir. Putin Rusiyası və intelektual Rusiya var, bunlar fərqlidir. Rusiya 2017-ci ildə 1917-ci ili çox ciddi yaşadı. Biz təəssüf ki, 2018-ci ildə 1918-ci ili yaşamadıq. Onlarda internet portalları 100 il əvvəlki hadisələri bütün detallarına qədər yazdılar. Düzdür, bizə təklif olunanda, deyirlər, elə bir material yoxdur, başa düşürəm. Ancaq onlarda mənzərə fərqlidir, hətta çar ailəsinin bütün üzvlərinin gündəlikləri olub, məktublar da qalır. Bizdə isə onlar yoxdur, ənənə də olmayıb, ümumiyyətlə, biz lal mədəniyyətik. Amma mən deyirəm ki, nəyimiz var, o olsun, qalanlarını uydurun, uydurmaq normaldır və sən tam uydurmursan. Təsəvvür edirsən ki, belə ola bilərdi, hər halda sən o dövrü canlandırırsan, canlı insanlar və hadisələrlə yaşadığını öyrənirsən. Rus tarixçisi Gefter buna “danışdırmaq” deyirdi. Tarix bizimlə danışmalıdır, tarixin güzgüsünə baxanda özümüz dəyişirik, tarix gündə danışır, yəni keçmiş həmişə hərəkətdə olan keçmişdir. 

Sizcə, Azərbaycan tarixi dəyişmir, yerində qalıb?

- Əlbəttə, tam götürdükdə elədir. Amma başqa hallar da var, demək olmaz ki, bütün kitablar yanlışdır. Bir neçə gün əvvəl Rəşad Şirinlə söhbət edəndə Arif Yunusun tarix kitablarını xatırladıq. Konseptual baxımdan mənə yaxın olmasa da, tarixi mənbə kimi onun əsərləri ona görə səviyyəlidir ki, çox konkretdir. Mən bütün tarixçiləri inkar etmirəm, prinsip etibarı ilə bütün tarix ideologiyadır, loyallıqdır, bizim Tarix İnstitutudur.

- Cəmiyyətdəki problemlərin əsas səbəbini patriarxallıqda axtaranlar da var. Haqlıdılarmı və patriarxallığın rolu varmı?

- Çox böyük rolu var. Patriarxal ailə bir neçə nəsilin ailəsidir, burda əcdadların yükü var, yük çox qorxuludur. Urbanistik məkanda ailə bir nəsillik ailə olur və o çevikdir, yaranır, dağılır. Bizdə ən patriarx insanlar daha qorxulu olur, hətta kişidən onlar qorxuludur, mən oğlanlar tanıyıram ki, atasının təsirindən çıxsa da, anasının təsirindən çıxa bilmir. Ona görə həmin 50 ilə qayıdıb deyirəm ki, 50 ildə biz özümüzü tanıyırıq, patriarxal min illik tarixdə yox. Rəşad Şirin bir dəfə Əbdürrəhim bəy Haqverdiyevin hekayəsini gətirdi, 100 il əvvəl yazılıb, kişinin bir neçə qızı var, bunları köçürmək istəyir, amma pulu çatmır, nə etsə yaxşıdır, dinini dəyişir və çoxlu pul verirlər. Kimsə bundan utana bilər, amma həmin epizod mənə ləzzət etdi, çünki çevikdir, ehkam yoxdur. Nə qədər azərbaycanlı ailə 50 illiyə qayıdıb patriarxallığı dağıtsa, nyuklar ailə qursa, başqa mənzərə yaranacaq. Mən də feministəm, bizim feministlər çox üsyankar və isterikdirlər, müqaviməti qırmaq üçün başqa variantları da yoxdur. Cəmiyyət onları sıxır-sıxır, sonra sual verir ki, bunlar niyə belədir. Cəmiyyət canlı olsa, danışsa, gülümsəsə, artıq başqa vəziyyət olar.

Diskussiya mədəniyyətinin olmamasının rolu varmı?

- Biz düşünməyək ki, bir səbəb var. Amma birini mən deyim, mən niyə azərbaycanlılara inanıram, açıq danışaq da, Şimali Qafqazdakı xalqların gələcəyinə inanmıram. Bizim gələcəyə ona görə inanıram ki, həmin 50 il var, canlıdır. Amma ən böyük qüsuru odur ki, düşüncə, refleks çox zəifdir, şairi, yazıçısı, rəssamı, heykəltaraşı yaranır, canlı əhvalat danışan insanları var, amma düşüncəyə gələndə, “mən kiməm” sualında donur. Ona görə lal mədəniyyət deyirəm. Ruslar da XIX əsrə qədər lal mədəniyyət olublar. 200 il əvvəl dirçəlmə başlayıb. 

-       Ermənilərlə azərbaycanlılar arasında ötən 100 ildə müxtəlif illərdə qarşıdurmalar olub və proses XXI əsrə də adladı. Bu mənada 44 günlük savaş tərəflər arasında münaqişənin həllinə yanaşmanı dəyişəcəkmi?

-       Məncə, uzaqlaşdıracaq. 30 ildə hər iki millət müasir olmadıqlarını sübut etdi və bu proses davam edir. Hərəsinin öz donmuş əsatirini görürəm, fərqli olsa da. Bəli, çox adam deyir ki, biz getdikcə ermənilərə oxşayırıq. 1870-ci illərdən başlanan 1920-ci ilə qədər davam edən 50 ildə əksinə, onlara oxşamırdıq, o zaman ermənilərin Daşnaksütun Partiyası vardı. Halbuki, onlarda bu vəziyyəti başa düşən insanlar var. 2000-ci illərin əvvəllərində müxalifət xəttiylə Ermənistanda oldum, rəsmi tədbirlərdə yox, kənarda söhbət etdiyim bir intellektual erməni ilə münasibətimiz çox yaxşı alınırdı. O, mənə deyirdi ki, biz uçuruma gedirik, siz də arxamızca gəlirsiniz. Təəssüf ki, hər iki tərəfdən olan bu cür düşünən insanların dialoqu yoxdur. 

-       Əgər uzaqlaşırıqsa, hansı fəsadlar yarana bilər?

-       Fəsadlar odur ki, hər iki tərəf “qalib gəlməliyik” deyir. İndiki dövrün trendi isə müxtəlif formalarda zorakılığa qarşı mübarizədir. Adama elə gəlir ki, dünayada zorakılıq artıb, xeyr, artmayıb, zorakılığa münasibət artıb, fokusdadır, həmişə bu barədə danışılır. Sadə bir məsələ, mən şuşalıyam, Paşinyan orda rəqs edəndə təbii ki, əsəbləşirdim. Amma indi onu düşünəndə yadıma gəlir ki, Şuşada babamın evində olanda, erməni kilsəsinin yaxınlığında, biz bir yerdə yaşayırdıq axı. Bu gün biz bir yerdə yaşaya bilərik, bax, o söhbət yoxdur. Nə vaxtsa ermənilərin çoxu türkcə danışıb, bu, o demək deyil ki, dilindən imtina edib. İran azərbaycanlılar istisna olmaqla, bu regionda ermənidən məişətdə bizə yaxın millət yoxdur, elə ona görə ədavət güclüdür. Onların bəzilərinin xəstəlikləri var və mən buna bəraət qazandırmıram, əsas təqsirkar da onlardır. 

-       Demək istəyirsiniz ki, problem məişətdən başlayır?

-       Yox, məişət imkan verir ki, biz bir yerdə yaşamışıq və yenə yaşaya bilərik. Sadə bir şey, rus və gürcü xanımından fərqli olaraq erməni xanımı azərbaycanlı ailəsində çox rahat yaşayıb. Çünki erməni xanımı qanun-qaydaları bilir və bunun içində əriyir. Deməli, çox dərin qatlarda çox yaxınlıq var. 

- Adətən deyirlər ki, hakimiyyət ziyalıya arxa olmalıdır, yaxud cəmiyyət ziyalını qiymətləndirməlidir. Ümumiyyətlə, ziyalının yerini harda görürsünüz, bəlkə başlanan yeni mərhələdə ziyalı tarixdə qaldı?

- Adını unutduğum rus filosofu deyirdi ki, ziyalı rusların kəşfidir, amma çox mənasız kəşfdir. Xaricdə ziyalı sözü belə yoxdur. Sovetlərdə 3 təbəqə vardı: fəhlə, kəndli və ziyalı. Məncə, dördüncü təbəqə də olub, nomenklatura, rəhbərlər. Fiziklər deyirlər, mikrodünyada elə hadisələr var ki, daşıyıcısı olmasa da, təsiri var. Ancaq sən deməyəsən ki, bu kimdir, ona görə “kimdir ziyalı” sualı verilsə, onun içində itəcəyik. Gəlin suala qayıdaq, ziyalı müəllimdirmi? Müəllim bizdə ən kosmopolit təbəqədir. Həkimdir? Həkimlər canlı və zirəkdirlər, amma ziyalılıq yoxdur. Sənətkar müəyyən mənada ziyalıdır. Bizim kimi cəmiyyətlərdə düşünənlərə və qamətə ehtiyac var. Özümlə bağlı bir komplementi qəbul edirəm, kimin söylədiyini açmayacam, o deyirdi: “Rəhman Bədəlov nə edəcək və deyəcək, söyləmək çətindir, amma nə etməyəcək və deməyəcək, bu barədə danışmaq olar”. Yəni “qırmızı xətt” olan qaməti saxlamaq cəmiyyətə vacibdir ki, insanlar belə adamların olduğunu görsün.

- Azərbaycanda belə adamlar varmı?

- Bəli, amma onların statusu yoxdur. Gürcüstanda Veriko Andjaparidze olub, hamı bilirdi ki, Şevardnadze ona heç nə deyə bilməz. Bizdə o qamətdə adam yox idi. Marginal adamlar bəlkə var, mənim statusum yoxdur, kənardayam, qamətim oldu-olmadı cəmiyyət onsuz da onu görməyəcək. Bir tərəfdən xoşbəxtəm ki, istədiyimi yazıb çap edirəm, o biri tərəfdən də oxucuyla ünsiyyəti özüm qururam. Ona görə də belə deyərdim: ziyalı təsirinə ehtiyac var, ziyalıya yox. 

- Tarixdə olan pandemiyalar yeni sivilizasiyaların əsasını qoyub, bu mənada koronavirus pandemiyasının yeni sivilizasiya gətirəcəyi barədə deyilənləri bölüşürsünüzmü?

-        Yenə gəlib terminlərə çıxırıq. Sivilizasiya nədir sualına cavab versəm, bir saat danışmalıyam. Sadə dillə desək, indiki pandemiyanın katakilizm şəklində sivilizasiyanı dəyişdirəcəyinə inanmıram. Amma müəyyən dərəcədə dəyişikliklər var və dəyişdirəcək. Məsələn, təhsildə və ünsiyyətdə dəyişikliklər var. Dünən “Zoom”la 4 nəfər ünsiyyətdəydik, pandemiyaya qədər ondan istifadə etmirdik, amma indi normaya çevrilib. Yaxud pandemiyaya qədər çox adam tək qalmırdı, bu mənada  koronavirus mənim üçün böyük qazanc oldu. Demirəm ki, darıxmırdım, darıxırdım. Tək qalıb özümlə görüşürdüm, böyük şəhərlərdə insanın özüylə təması çətin olur. Başqa bir məsələ, necə olsa da, ölkələrin birliyi yaranır, peyvəndi Çindən aldıqsa, bu, həmin dövlətin alimlərinin bizə köməyi idi. Amma proses zamanı bir problem yaşanır, kasıb ölkələr peyvənd ala bilmir. İndi kasıb və varlı ölkələrin fərqi böyükdür, koronavirusdan sonra insanlar məcbur olacaq bu barədə düşünsün. Çünki zəngin ölkələr peyvənd vursa, kasıblar vurdurmasa, koronavirus yenə yayılacaq. Yəni ölkələr arasında bağlılıq çox vacibdir. İqlimlə bağlı problemlər də çox ciddi müzakirəyə çevrildi. Yəni bizim təmasımız daha sıx olur, o mənada sivilizasiya dəyişməsə də, sivilizasiya içində dəyişiklik olacaq. Mənfi tərəflərindən biri də pessimizmin artmasıdır, hamı birdən-birə virusoloq oldu, “fake”lər çoxaldı. Problemlər çox olsa da, amma müsbət tərəfləri çox ağır gəlir. Biz ekologiya səbəbindən təbiətlə təması artırdığımız kimi içimizdə olan mikroblarla da təmasımızı gücləndirək. Heç vaxt bu barədə düşünmürdük. 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/f54rkz

Ən çox baxılan