Rədd olsun diktator, yaşasın bütlər!?

Siyasilərimiz və politoloqlarımız indiyə qədər belə bir hədəfi göstərmədi.

Source: Foto: Meydan TV


Çox qəribə və paradoksal bir ölkədə yaşayırıq

İran generalı Qasım Süleymani oldürülüb. İki lider, Ruhani və Tramp yenə siyasi qoçuluqla məşğuldu. Biri deyir “mən sənə hər şey edərəm”, o biri də eynən Vasif Talıbov kimi cavab verir ki, sən mənə “heş zad edəmməzsən”.

Uzaqdan mənzərə bu qədər bəsit görünür. Amma təbii ki, deyil. Bölgə yenə qaynayacaq. Yenə günahsız uşaqlar ağlayacaq, qadınlar təcavüzə məruz qalacaq. Olacaqların davamı gələrsə, yaranan mənzərə budur. Və bütün bunlar olarkən Tramp isti otağından qəhqəhə çəkərək tvit atıb, Ruhaniyə siyasi qoçuluq edəcək. Ruhani də eyni şəkidə hökmdarlıq səltənətində və öz aləmində ABŞ-ın “xortdan” üzünü daha da açıq göstərmək üçün planlar hazırlayacaq.

Dünyanı idarə edən “ağıllıların” etdiyi budur.

Yenə münaqişə ocaqları, yeni insan acıları və faciələri…

***

Bəs Azərbaycan bu münaqişənin harasında olacaq və bütün bunlar bizə necə təsir edəcək? Regionda baş verənlərin bizə, Qarabağ savaşına təsiri və hakimiyyətin sərgiləyəcəyi mövqe nə olacaq? Əslində, bütün bu baş verənlərin içində bizi ən çox düşündürən məhz bu sual olmalıdır.


Bəs nə baş verdi?

İki gündür sosial şəbəkələr İran sevgisi ilə od tutub yanır və bütün bunları izlədikcə, davamlı Mirzə Cəlilə rəhmət oxuyub indi naləsi göyə dirənmiş ruhuna fatihə göndərirəm.

Çünki “yazıq vətən” deyib gözünün yaşını tökdüyü dönəmdən bir addım belə irəli getməyən xalqın Qasım Süleymani öldürüldükdən sonra fışqırıb üzə çıxan İran sevgisinin qarşısında çaşmasam da, elə bil özümdən gizlətmək istədiyim gerçəklə burun-buruna qaldığımdan olanları qorxu ilə izləməkdəyəm.

Çox qəribə və paradoksal bir ölkədə yaşayırıq. İranı sevənlər həm də İlham Əliyevi qəbul etmir. İranı sevənlər həm də yazır ki, Qarabağı da dindar şiələr xilas edəcək. Başa sala da bilmirsən ki, sənin xilas etmək istədiyin Qarabağı işğal etmək üçün elə Ermənistana yardım edib dayaq olanların biri də İrandı. Anlada bilmirsən ki, İran, ümumən, Azərbaycan dövlətçiliyini qəbul etmir və nəinki Qarabağı, imkanı olsa, Bakını da özü işğal edib tərkibinə qatar.

Anlada bilmirsən, dediyin hər kəlimə söyüş halında geri qayıdır. Keçən əsrdə bunu anlatmaq istəyənlərə tuşlanan tapanca idisə, bu gün o silahı kompüterin klavya düymələri əvəz edib.


Dəyişən heç nə yoxdu…

Mirzə Cəlilin “Azərbaycan “ məqaləsini yazdığı vaxtdan az qala bir əsr keçib . Bir əsr… Amma bizim təfəkkürümüzün zaman anlayışına baxıram, məyusluq… Dünən problem nə idisə, bu gün də eyni problemdir. Biz hələ də erməniyə “dığa”, rusa “alkaş” deməklə güya onları öz aləmimizdə aşağılayıb özümüzü bir şey zənn etmək istəyirik. ABŞ, Qərbə bel bağlayıb “demokratiyanın beşiyi” deyib onların illərdir bizə çaldığı “laylaya” uymaqla məşğuluq.

Türkçülüyə aid toplantı keçirib o yığıncağı rus dilində keçirəcək qədər “qlamur” xalqıq biz…

***

Dediyim kimi, eyni mənzərədir. Amma Mirzə Cəlil “yazıq vətən” deyib gözünün yaşını, ürəyinin qəhrini o kəlmələrə tökəndə heç olmasa bir təsəllisi vardı. Məmmədhəsən əmi cahildi. Yazma-oxuması yoxdu. Dünyanın gəlişindən- gedişindən xəbərdar deyil. Amma iyirminci yüz ilin Məhəmmədhəsəninin haqqında bunu düşünüb özünə təsəlli vermək olmur. Çünki yazıb oxuması var, dünyada nə baş verdiyini də hər gün qəhrəmana çevrildiyi sosial şəbəkələrdən çox rahatlıqla oxuyub öyrənə bilər.

Bəs onda niyə dəyişmir bu Məhəmmədhəsən?

***

Azərbaycan insanının İrana münasibəti “mən səni sevəcəm, sən sevməsən” də məcnunluğuna oxşayır. Amma iş ondadır ki bu məcnunluq sayğı doğurmur. Əksinə, ikrah doğurur. Süleymaninin öldürülməsi də deyil məsələ. Kimsə ona “lənət olsun” da demir. Amma Süleymani bir əsgərdi və sabah heç böyük hədəf demirəm, Azərbaycanın birliyindən, Güneyindən də danışmıram, Qarabağ savaşı başlasa, o, İran əsgərinin barmağı bizə tuşlanacaq güllənin sinəmizə səncılması üçün hərəkət edəcək. Bunu yaxın tarixdə yaşadıq.

Amma bunu da bir tərəfə qoyaq. Bu “sevginin” yanında olanları cari hesab edək. Daha qlobal yanaşaq məsələyə…

Keçən gün Süleymaniyə yas tutanlar onu göstərdi ki, İrana sevgi daha çox şiəçiliyin yaratdığı sevgidir.

Biz, beş yerə bölünmüş, altıncıya namizədə olan bir ölkənin vətəndaşı hələ də anlamaq istəmir ki, dünya məzhəbçiliyin üzərində dönmür. Dünya maraqların üzərində dönür və hər kəs özünün dövlət marağı üçün dünyanı qan çanağına belə döndərə bilir. Biz Türkiyəyə qardaş, İrana yoldaş, Rusiyaya yandaş deməklə olmur bu işlər və hər dövlət onun marağı nədirsə, onu edəcək və bunu edərkən də düşünməyəcək ki, görəsən ordakı Əli, Vəli, Həsən mənim haqqımda nə düşünür?

Görəsən bu gün hansı katolik olan Avropa ölkəsi Vatikana kor-koranə sevda nümayiş etdirib, öz dövlət maraqlarını ona qurban verməyə hazırdı?

Yaxşı, bütün bunlar niyə baş verir axı? Doğrudan da, niyə Məhəmmədhəsən dəyişmir?

Problemin təməlində o var ki, Azərbaycanda ideologiya yoxdur, milli hədəfsə, ümumiyyətlə, heç vaxt olmayıb. Dağınıq və param-parça olmağımızın səbəblərindən biri də budur. Ortada bir hədəf olduqda xalq o hədəfi həyata keçirmək üçün toparlanır, bizim belə bir ideolojimiz, hədəfimiz varmı?

Erməniləri “böyük Ermənistan” yaratmaq ideyasına görə lənətləyirik. İranın bizi ümumən bir dövlət kimi qəbul etmədiyini bilirik. Rusiya ilə iş bəlli… Bəs bütün bunlara qarşılıq biz hansı ideyanı, hədəfi qoyduq ortaya? Biz bizi bütün bu təhdidkar təhlükələrdən qoruyacaq hansı hədəflə “silahlandıq”?

Siyasilərimiz və politoloqlarımız indiyə qədər belə bir hədəfi göstərmədi. Necə ki, fərdin məqsədi olmayanda uğur qazana bilmir, xalqlar da belədir. Bəlli hədəfi və məqsədi olmalıdır. Bizim məqsədimiz nədir, ümumən, biz nə istəyirik?

Hər gələn özünü ağılı və vazkeçilməz sayıb danışır, alır, satır… Və beləcə əsrlərdir ki, bu boşluqda yel əsib yelkənlər oynayır.

Xırda intriqalar və cari məsələlərə sərf olunan enerji indiyə qədər bir ideologiyanın yaradılmasına sərf edilsəydi, indi bütün bunlar baş verməzdi.

Digər tərəfdən, İlham Əliyev vətəndaş cəmiyyətini, azad medianı məhv etdiyi şəraitdə bu ideoloji boşluqlarda indi qonum-qonsu sevdalılarının artması təbiidir. Bu, təkcə İrana olan sevgi də deyil, ölkədə Rusiyapərəst, qərbpərəst, amerikan sevdalısından tutmuş nəyə, kimə qədər desən var, hamısının da səsi bərkdən çıxır. Hamısı da “bu, mənim şəxsi fikrimdir” deyib hücuma keçir. Amma dövlətə və dövlətçiliyə münasibətdə şəxsi fikir olmur. Olursa, onda qoyun İlham Əliyev də öz şəxsi fikrinə uyğun qursun diktaturasını, niyə səs-küy salırıq ki?!

Bu gün yüzdən çox dindar məhbus həbsdədir. Onların bir çoxu da haqlı olaraq hicaba qadağaya da etiraz edir. Mən də düşünürəm ki, hicaba qadağa qoyulmasın. Bir çoxu Xomeynini dini lideri kimi də sevir. Bunu da bilirəm. Qəbul etməsəm də, anlayıram. Biri Çe Guevaranı, biri hətta Stalini də sevə, özünə lider qəbul edə bilər. Əminəm, indi az da olsa, Heydər Əliyevi də səmimi şəkildə sevənlər var bu ölkədə… Amma öz azadlığının sınırlarına qədər… Onun sevdası dövlətçiliyin sınırlarına dayandıqda bu artıq şəxsilikdən çıxır. Dövlətə təhdidə çevrilir.

Keçmişimizlə hər şey bəlli… Bu günsə ölkə rejimin yaratdığı depressiv mühitdə ümidsizliyə sürüklənir. Bu üzdən biz çeçen Həbibin mənasız qələbəsinə sevinib, İran generalı Qasım Süleymaniyə yas tuturuq. Vatikanda Papanın ayaq yuma şousuna da mərhəmət libası geyindirib “niyə bizdə bundan yoxdu?” deyib dəsmala sarılırıq.

Ən qəribəsi də budur ki, bütün bunları Azərbaycandakı rejimə qarşı çıxan biri də edir. Burdakı diktaturanı lənətləyib özünə başqa bütlər yaradır. Necə olur, bu?

Rədd olsun diktator, yaşasın bütlər!?

Ana səhifəXəbərlərRədd olsun diktator, yaşasın bütlər!?