Rayonlararası yollar

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Rayonlararası yollar

Rayonlararası yollar qapadılıb

Yalnız ərzaq maşınlarının hərəkətinə icazə verilir

Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar martın 27-dən ölkənin bir rayonundan digərinə gediş-gəliş dayandırılıb. Bu barədə Meydan TV-yə Qax rayonunun sakinləri məlumat verib.

Onların bildiridiyinə görə, Qaxdan Zaqatalaya getmək istəyənləri buraxmırlar. Respublikanın aran və qərb rayonları arasında da gediş-gəliş dayandırılıb. Ölkənin ikinci böyük şəhəri Gəncəyə giriş məhdudlaşıdırılıb, yalnız şəhərdə qeydiyyatda olanları buraxırlar.

Bu tədbirin koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaq üçün görüldüyü bildirilir. Yalnız ərzaq maşınları buraxılır.

Xüsusi karantin rejimini pozan şəxslər isə cəzalandırılır. Martın 27-də evakuator və avtomobilin yük yerində paytaxta rayon qeydiyyatında olan şəxsləri keçirmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, yük daşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, S.Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək 40 manat müqabilində ona məxsus “VAZ-21074” markalı avtomobili idarə etdiyi evakuatorun yük yerində özünü isə evakuatorun salonunda gizlədərək xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.

Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyək paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, T.Qəmbərov pul müqabilində idarə etdiyi “Lada Vesta” markalı avtomobilin yük yerində Ə.Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb. T.Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Koronovirus xəstəliyinin yayılması təhlükəsi ilə əlaqədar Azərbaycanın qonşu ölkələrlə sərhədləri də müvəqqəti bağlanıb. Karantin rejimi aprelin 20-dək davam edəcək.

Martın 27-dən etibarən "Azərbaycan Hava Yolları" aviaşirkətinin beynəlxalq istiqamət üzrə reysləri yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcək.

İndiyədək Azərbaycanda ümumilikdə 119 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 3 nəfəri ölüb, 15 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u2bg4n

Ən çox baxılan