Rauf Mirqədirov: Paşinyanın son bəyanatı tərəflərin qərar qəbul etmək iqtidarında olmadığını sübut etdi

Siyasi icmalçı hesab edir ki, danışıqların metodologiyası dəyişməyincə, ciddi nəticələrə nail olunmayacaq.

Source:


“Danışıqların metodologiyası dəyişməyincə, nəticə olmayacaq”

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Elmar Məmmədyarov və Zöhrab Mnasakanyan arasında yanvarın 29-da Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə görüşü 7 saat davam edib.

Bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter” mikrobloqunda yazıb.

L.Abdullayeva bildirib ki, tərəflər və həmsədrlər danışıqların intensivləşməsinin və danışıqlarda bütün məsələlərlə bağlı nəzərə çarpan nəticələrin əldə olunmasına tərəfdardır.

Öz növbəsində Ermənistan XİN mətbuat xidməti görüşün məzmunu ilə bağlı geniş məlumat verməyərək bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri danışıqların yekunları ilə bağlı bəyanat verəcəklər.

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov Cenevrə görüşünü Meydan TV-yə şərh edərkən bildirib ki, ciddi və köklü qərarlar qəbul edilməyəcək.

O, ciddi qərarlar dedikdə, tərəflər arasında münaqişənin siyasi həlli ilə bağlı razılaşmanı nəzərdə tutduğunu söyləyib.

Rauf Mirqədirovun sözlərinə görə, hazırki durumda tərəflərin müzakirə edəcəyi bir məsələ yoxdur.

“Mövqelər məlumdur və danışıqlar Madrid Prinsiplərinin müxtəlif variantları ətrafında aparılır. Əsas modellərin də sayı sonsuz deyil. 3-4 model var və bunların ətrafında variantlar var. 1992-ci ildən başlayan danışıqlar dövründə əsas modellər müzakirə edildiyindən artıq qərar qəbul etmək lazımdır. Amma Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatı tərəflərin qərar qəbul etmək iqtidarında olmadığını sübut etdi. Ən əsası tərəflərin qərar qəbulunu məhdudlaşdıran daxili və xarici amillər var”.

Rauf Mirqədirov güman edir ki, girov və əsirlərin dəyişdirilməsi istiqamətində addımlar atıla bilər. O buna misal kimi Ukrayna-Rusiya danışıqlarını və bu yöndə pozitiv qərarlar qəbul edildiyini göstərdi.

Рауф Миркадыров
Rauf Mirqədirov

“Yaxud hər hansı böhran zamanı tərəflər arasında birbaşa əlaqələrin qurulması üçün addımlar atıla bilər. Amma Ermənistan tərəfi bunda o qədər də maraqlı deyil. Eyni zamanda, etimad tədbirləri ilə bağlı müəyyən canlanma ola bilər. Amma Cenevrədə önəmli qərarlar olmayacaq”.

Siyasi icmalçı hesab edir ki, danışıqların metodologiyası dəyişməyincə, ciddi nəticələrə nail olunmayacaq. Onun fikrincə, danışıqların metodologiyası ondan ibarətdir ki, bir müddəa razılaşdırılmayıbsa, heç nə razılaşdırılmır. Rauf Mirqədirovun sözlərinə görə, bu yanaşma isə Azərbaycanın müdafiə etdiyi mərhələli həll prinsipinə ziddir.

“Əslində, həmin yanaşma paket variantdır. Danışıqlar o zaman nəticə verər ki, əldə olunmuş razılaşmalar mərhələli şəkildə həyata keçirilsin. Bu variant danışıqların özülündə dayanan bir “bomba”dır, bu “bomba” vaxtaşırı partlayır, sonra yenidən toplanırlar və davam edirlər”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.

Ana səhifəSiyasətRauf Mirqədirov: Paşinyanın son bəyanatı tərəflərin qərar qəbul etmək iqtidarında olmadığını sübut etdi